Onlayn ictimai-siyasi qəzet
Rusiyada dekabrın 13-də prezident seçkiləri kampaniyasına başlanması elan ediləcək; Qərbin sanksiyaları altında sıxılan ölkə üçün inqilab ssenarilərinin hazırlandığı da istisna deyil
Gələn ilin yazında Rusiyada prezident seçkiləri keçiriləcək. Rusiya Federasiyası Federal Şurası dekabrın 13-nə təyin edilmiş sessiyada gələn ilin martında keçiriləcək prezident seçkilərini elan edəcək.
“Yeni Müsavat” xəbər verir ki, bunu Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov yerli KİV-ə bildirib. “Məndə olan məlumata görə, Federal Şura dekabrın 13-də prezident seçkiləri kampaniyasına başlandığını rəsmən elan edəcək”, - o, jurnalistlərə bildirib. Seçki qanunvericiliyinə görə, Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü ilin mart ayının ortalarında keçirilməlidir. Federal Şuranın seçki tarixi ilə bağlı yekun qərarı 2023-cü ilin dekabrında verəcəyi gözlənilir, bundan sonra siyasi partiyalar seçkiqabağı qurultaylarını keçirməli və namizədlərini rəsmən irəli sürməlidirlər. Məlumdur ki, hakim “Vahid Rusiya” dekabrın 17-də, Rusiya Kommunist Partiyası isə dekabrın 23-də qurultayını keçirəcək. Bütün hallarda 2024 Rusiya üçün asan olmayacaq. Qərbin sanksiyaları altında sıxılan Rusiya üçün inqilab ssenarilərinin hazırlandığı da istisna deyil. Putin əlbəttə ki, prezident kürsüsünü qorumaq üçün bütün imkanları səfərbər edəcək. Hazırkı şərtlər və reallıqlar da onu deyir ki, V.Putinə real alternativ yoxdur. Ölkədəki siyasi dairələr də onun belə qarışıq durumda məsuliyyətdən uzaqlaşmamasında maraqlıdırlar.
Bəs Qərb necə, Putinin devrilməsi üçün çalışacaqmı? Rusiyada inqilab təhlükəsi varmı, yoxsa sakit bir seçki keçəcək? Yeri gəlmişkən, Rusiya lideri imzaladığı sənədlə Mərkəzi Seçki Komissiyasına seçkiləri təxirə salmaq səlahiyyəti verib. O deməkdir ki, gələn il seçki olmaya bilər. Müharibə şəraiti səbəb göstərilərək seçkinin qeyri-müəyyən müddətə təxirə salınması istisna deyil. Yeri gəlmişkən, 2024 ABŞ və Ukrayna üçün də prezident seçkiləri ilidir. Zelenskinin çıxışına əsasən demək olar ki, Ukrayna bu vəziyyətdə seçkiyə getməyəcək. ABŞ-ın isə başı öz seçkisinə qarışacağına görə Rusiya sakit seçki keçirə bilər. Hər halda, 2024 Rusiya üçün bir siyasi imtahan olacaq. Kreml sarayında da müharibədən narazı qüvvələr var. Onlar bunu Putinin şəxsi savaşı kimi dəyərləndirirlər. O baxımdan seçki dövründə saraydaxili çəkişmələrin, ixtilafların dərinləşməsi istisna edilmir. Bununla belə, Rusiya “dəmir əl”lə idarə olunan dövlətdir və burada qərarları bir nəfər verir deyə hansısa yüksək çinli məmur, yaxud Qərb agenturası ilə əlaqəli hakimiyyətin yuxarı eşelonunda olan qruplar çevrilişə ürək edə bilməzlər.
“ABŞ Rusiyada daxili iğtişaşların təşkili və hakimiyyət dəyişikliyinə diqqətini artırıb”. Noyabrın 27-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov belə deyib. “ABŞ təkcə Rusiyaya qarşı hibrid müharibəsi başlatmayıb. Görünür ki, Ukraynada müharibəni sonuncu sakin ölənə qədər davam etdirmək niyyətindədir. Bu müharibənin məqsədi isə Rusiyanı strateji məğlubiyyətə uğratmaqdır”, - nazir müavini bildirib. Onun sözlərinə görə, bu şəraitdə Moskva ilə Vaşinqton arasında qarşıdurma ssenarisi fakta çevrilib və bunu nəzərə almaq lazımdır. Bununla yanaşı, S.Ryabkov ABŞ-ın daha da gərginləşməsinin Rusiya-ABŞ diplomatik münasibətlərinin kəsilməsinə səbəb ola biləcəyini istisna etməyib. “Seçkilərin ədalətli keçirilməsi ölkənin daxili siyasi sabitliyinin təmin edilməsində mühüm rol oynayır”. Bunu isə noyabrın 16-da Rusiya prezidenti Vladimir Putin ölkənin seçki komissiyalarının nümayəndələri ilə görüşdə deyib. Putin qeyd edib ki, Rusiyada seçkilər aydın, dürüst, açıq və qanunauyğun keçirilməlidir. Rusiya lideri əlavə edib ki, bu proseslərdə əsas rol birmənalı olaraq seçki komissiyalarına məxsusdur. “Rusiyada seçkilərə istənilən müdaxilə cəhdinin qarşısı alınacaq”, - deyə Putin vurğulayıb.
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, SSRİ dağılandan sonra Rusiyanın lideri Boris Yeltsin idi, amma onun dövründə dövlət yox kimiydi, ölkədə böhran və qarışıqlıq yaşanırdı. “Putinin hakimiyyəti illərində isə Rusiya özünə gəldi, dövlət gücləndi, dünya siyasi arenasında bir güc mərkəzinə çevrildi, ölkənin beynəlxalq aləmdə nüfuzu artdı. Bu müddətdə bir neçə dəfə Rusiyada hakimiyyət dəyişikliyinə cəhd olub, xalqın hakimiyyətə qarşı qaldırılmasına səy göstərilib, amma nəticəsi olmayıb. Hazırkı sanksiyalar isə özünü doğrultmur və sosial üsyan gözləntisi gerçəkləşmir. Əksinə, bu sanksiyalardan Avropa ölkələri əziyyət çəkir. Ona görə də Rusiyanın daxildən sarsıdılması və sabitliyin sosial problemlər səbəbindən pozulması cəhdləri alınmadı”. Ekspertin sözlərinə görə, bu gün Rusiyada keçirilən sorğulardan da görünür ki, Putinin reytinqi yüksəkdir və seçkidə ona rəqib yoxdur: “Qərb onun devrilməsini istəyə bilər, amma buna nail olmayacaq. Sözsüz ki, Avropa təsisatları seçkinin nəticələrinə kölgə salmağa çalışacaq, şəffaf keçirilmədiyi rəyi verəcək, amma siyasi təzyiqlərin də təsiri olmayacaq. Ona görə də hesab edirəm ki, alternativi olmayan və Rusiyada nüfuzunu saxlayan Putin seçkidə qələbə qazanacaq”.
Məhəmməd Əsədullazadə
Siyasi icmalçı Məhəmməd Əsədullazadənin fikrincə, Rusiyada prezident seçkiləri regionda və beynəlxalq müstəvidə xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi fonunda kimin prezident seçiləcəyi və onun hansı addımları atacağı maraq doğurur. Müharibənin taleyi də seçilən prezidentdən asılıdır. Ekspert hesab edir ki, rəsmi Moskvanın Cənubi Qafqaza təsiri var, bu baxımdan oradakı liderin kim olması ölkəmizi də maraqlandırır: “Rusiya 30 ildir Ermənistan vasitəsilə Azərbaycana qarşı vəkalət müharibəsi aparırdı. Rəsmi Bakı isə öz ərazi bütövlüyünü bərpa edərək Qarabağda vəkalət müharibəsinə son qoyub. Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır. Putinin hakimiyyəti dövründə Azərbaycan və Rusiya münasibətlərində ciddi böhran olmadı. Düşünürəm, bundan sonra da iki ölkə arasında problem yaranmayacaq. Rusiya Azərbaycanla münasibətlərdə maraqlıdır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ