İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Türkiyəyə gedir - Ukrayna müharibəsi başlayandan ilk dəfə ölkədən çıxacaq

Deputat: “Ümidlər artıb və bütün dünyanın diqqəti Türkiyəyə yönəlib...”

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə gedəcək. Qardaş ölkədə o, Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurasının iclasına qatılacaq. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Putinin səfər tarixi dəqiq deyilməsə də, yəqin ki, ziyarət yaxın tarixdə olacaq. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Prezident Putinin xarici ölkəyə ilk səfəri olacaq. Bu səfərin məhz Türkiyəyə olması da dünyanın diqqət mərkəzindədir. Bəs səfərin region və Türkiyə üçün hansı əhəmiyyəti olacaq?

Milli Məclisin üzvü Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin yaxın zamanlarda Türkiyəyə səfəri olacaq: “Bu, o deməkdir ki, məsələ tam dəqiqdir. Çünki mötəbər mənbə açıqlama verib. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra bu, Rusiya Prezidentinin ilk xarici səfəridir, heç şübhəsiz bu səfərə çox ciddi beynəlxalq ictimai diqqət olacaq. Onu da nəzərə alsaq ki, Rusiya-Ukrayna münasibətləri fonunda Rusiyaya qarşı kollektiv Qərbin artmaqda olan çox kəskin sanksiyalar rejimi mövcuddur və sanksiyalar gün-gündən artır, faktiki olaraq Rusiya-Qərb münasibətləri düşmənçilik münasibətləridir. Türkiyə də Qərb blokuna daxil olan ölkədir, NATO üzvüdür.

Elman Nəsirov — Vikipediya

Elman Nəsirov 

Qərbin sanksiyalar rejiminə baxmayaraq, Türkiyə bu proseslərdə müstəqil siyasət yeridir, öz dövlətçilik maraqlarından çıxış edərək addımlarını atır və Rusiya əleyhinə sanksiyalara qoşulmayıb. Türkiyənin müharibə edən hər iki tərəflə münasibətləri mövcuddur. Bu səbəbdən də Rusiya-Ukrayna müharibəsinin aradan qaldırılması, sülhün əldə edilməsi üçün rəsmi Ankaranın imkan və potensialı daha böyükdür. İkinci dəfədir ki, Rusiya və Ukrayna nümayəndələrinin görüşünə məhz Türkiyə ev sahibliyi edib. Bir dəfə Rusiyanın xarici işlər naziri ilə Ukraynanın xarici işlər naziri arasında görüşü məhz Türkiyə təşkil etdi. Bu görüşün təşkili çox qəliz və mürəkkəb məsələ idi. Buna nail olmaq hesab edirəm ki, Türkiyənin ciddi diplomatik və siyasi uğuru idi. Eyni zamanda İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşünün keçirilməsi də onu göstərdi ki, rəsmi Ankara çox ciddi çevik intensiv diplomatik addımlar atır.

Prezident Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə telefon danışıqları da aparır. Qarşıdakı iki həftə ərzində Rusiya və Ukrayna nümayəndə heyətlərinin yenidən Türkiyədə görüşünün keçirilməsi planlaşdırılır. Məhz belə vəziyyətdə şübhəsiz Rusiya Prezidenti Putinin Türkiyəyə səfəri imkan verəcək ki, bu səfər çərçivəsində cənab Ərdoğan Putinlə yüksək səviyyəli Rusiya-Ukrayna görüşünün Türkiyədə keçirilməsinə nail olsun. Yəni əsas hədəflərdən və əhəmiyyətli hadisələrdən biri bu ola bilər".

Ərdoğan: "Vladimir Putinlə görüşə çox əhəmiyyət veririəm" | Qazet.az

Deputatın fikrincə, yəqin ki, Vladimir Putinlə görüşdə Ərdoğan Rusiya və Ukrayna prezidentlərinin görüşünün Türkiyədə keçirilməsinə razılıq əldə etməyə nail ola bilər: “Belə bir görüşün keçirilməsi hesab edirəm ki, müharibənin dayandırılmasının və sülh müqaviləsi bağlanmasının ən azı yarısı deməkdir. Çünki bu gün heç bir böyük dövlətin lideri ortaya çıxıb Vladimir Putinlə Vladimir Zelenskinin görüşünü təşkil etmək iqtidarında deyil. Bunu ancaq Prezident Ərdoğan etməyə çalışır. Putin-Zelenski görüşünü reallaşdırmaq əsas hədəfdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu istiqamətdə Türkiyənin bütün səylərini dəstəkləyir. Elə bunun səbəbidir ki, Zelenski görüşlər keçirilməsi ilə bağlı Türkiyə şəhərləri ilə yanaşı Bakını da göstərmişdi. Bu da təsadüfi deyil. Ümumiyyətlə, Putinlə Zelenskinin görüşünün keçirilməsinə nail olunması regionda çox ciddi sülh təşəbbüsü kimi qiymətləndirilə bilər. Buna ümidlər artıb və bütün dünyanın diqqəti Türkiyəyə yönəlib.

Rusiya Prezidentinin gözlənilən Türkiyə səfəri təkcə ikitərəfli münasibətləri kontekstində qiymətləndirilən məsələ deyil. Söhbət Avropanın, dünyanın taleyindən gedir. Əslində Türkiyə paytaxtında mən deyərdim ki, dünyanın sülh və təhlükəsizlik problemlərinin həllinə açar tapılır. Bu baxımdan da qarşıdakı görüş öz geosiyasi əhəmiyyəti baxımından qlobal məna kəsb edir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR