İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin niyə ləğv olunmuş “Dağlıq Qarabağ” ifadəsini işlətdi - köhnə mərəz, yoxsa...

Rusiya öz strateji məqsədləri üçün bu münaqişənin tam həll edilməsini istəmir

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya rəsmi səfəri reallaşıb. Səfər  çərçivəsində Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü də olub. Rusiya mediası Kremlin rəsmi saytına istinadən yazır ki, tərəflər diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı 30 bənddən ibarət əməkdaşlığa dair bəyannamə imzalayıblar.

Ermənistanın baş naziri Nikol Paşinyan  aprelin 20-də Qarabağ məsələsi ilə bağlı əldə olunan razılaşmalar barədə müəyyən açıqlamalar verib.

O, Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə görüşü zamanı qeyd edib ki, prezident Putinlə görüşündə Dağlıq Qarabağın təhlükəsizliyi, regional infrastrukturun açılması, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri ilə bağlı razılıq əldə olunub. Paşinyan razılaşmanın nədən ibarət olduğunu açıqlamayıb. Putinlə imzalanan sənədin təqdimatından və Paşinyanın görüşlərində səslənən bəyanatlardan görünür ki, tərəflər yenə də “Dağlıq Qarabağ” ifadəsini işlədir.

Bu ifadə isə hər kəsə məlumdur ki, Azərbaycanın maraqlarına ziddir. Çünki Azərbaycan bəyan  edir ki, görüşdə xatırladılan həmsədrlik institutu bu müddət ərzində heç bir əməli fəaliyyətə imza atmayıb. Biz eyni zamanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidini də ləğv etmişik. Onun yerində iki iqtisadi zona yaradılıb. Belə olan təqdirdə, maraqlıdır, Putinlə Paşinyan niyə  “Dağlıq Qarabağ” sözünü  işlədirlər?

Qeyd edək ki, Prezident İlham Əliyev də bundan əvvəl bu məsələ haqqında danışarkən qəti mövqe ortaya qoyub. Prezident deyib ki, “əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur".

Prezident bildirib ki, ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir: “Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İmzaladığım fərman əsasında, Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”.

Yeri gəlmişkən, bu ilin martında Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə “Dağlıq Qarabağ” ifadəsinə görə etirazını bildirmişdi. Amma belə görünür ki, “Dağlıq Qarabağ” ifadəsi məhz  Kremldən qaynaqlanır.

Rəşad Bayramov: “Rusiya “sülhməramlıları”nın Ermənistanla sərhədimizə  yerləşdirilməsi təhlükəlidir” - Ovqat.com

Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov öncəliklə görüşə toxundu: “Vladimir Putinin Nikol Paşinyanla görüşdə səsləndirdiyi bəzi fikirlərə diqqət yetirməyi zəruri hesab edirəm. Putin görüşdə Qarabağda hələ çox problemlər olduğunu vurğulayır və ardınca da əlavə edir ki, təhlükəsizlik məsələsi xüsusi önəm daşıyır. Burada da ziddiyyət ortaya çıxır. Əvvəla, sual olunur ki, Qarabağın təhlükəsizliyinin Ermənistana nə dəxli var? Əgər təhlükəsizlik məsələsi müzakirə olunursa, bu, Ermənistanla deyil, Azərbaycanla müzakirə edilməlidir. Ona görə ki, Qarabağ Azərbaycan ərazisidir və bunu hələ 44 günlük müharibə dövründə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu deyən Putin də təsdiqləyib. İndi isə Azərbaycanın suveren ərazisinin ”təhlükəsizlik məsələlərini" Ermənistanın baş naziri ilə müzakirə edir və bununla da bir müddət əvvəl separatçı rejimin başçısı Araik Arutyunyanın “biz Rusiya ilə birlikdə yeni təhlükəsizlik imkanları qururuq” bəyanatını təsdiqləmiş olur. Rusiya çalışır ki, hətta Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasından sonra belə erməni separatçılarının təhlükəsizliyi məsələsindən çıxış edərək ərazilərimizdəki qoşunlarını saxlaya bilsin. Başqa sözlə desək, istənilən vaxt yeni münaqişə ocağı yaratmaq imkanlarını əlində saxlasın.

Sərhədlərin delimitasiya məsələsində komissiyanın işini sürətləndirməyin vacibliyi ilə bağlı bəyanata gəldikdə isə bu, daha çox məcburiyyətdən irəli gələn bəyanatdır. Belə ki, aprelin ayının sonuna qədər müvafiq komissiyanın işə başlaması ilə bağlı razılıq son Brüssel görüşündə əldə edilib və indi Ermənistanın həmin öhdəlikdən qaçması mümkün deyil. Rusiya isə bu mövqeni dəstəkləməklə sərhədlərin müəyyənləşdirilməsində də söz sahibi olmaq imkanlarını əldən vermək istəmir.  Başqa sözlə, Rusiya sərhədlərin müəyyənləşməsi ilə bağlı işlərin məhz özünün nəzarəti ilə həyata keçirilməsini istəyir. Bu isə Rusiyaya əlində olan müxtəlif dövrlərin xəritələrindən istifadə edərək həm Ermənistana, həm də Azərbaycana təzyiq göstərə bilmək üçün imkanlar verir. Belə ki, Rusiya gah bu, gah da digər dövrün xəritələrini ortaya qoyaraq sərhədlərin delimitasiyası ilə bağlı işləri uzun illərə uzada bilər və bununla da faktiki olaraq sülh sazişinin bağlanmasını gecikdirmək imkanı əldə edə bilər”.

Politoloq fikirlərinə bu cür davam etdi: “Paşinyanın Moskva səfəri çərçivəsində Rusiya və Ermənistan arasında 30 bənddən ibarət əməkdaşlığa dair bəyannamə də imzalanıb. Həmin bəyanatdan görünür ki, tərəflər yenə də ”Dağlıq Qarabağ" ifadəsini işlədirlər. Bu fakt özü də birbaşa Azərbaycanın maraqlarına ziddir. Çünki biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. İndi Rusiyanın həmin ifadəni yenidən “diriltmək” cəhdləri isə nə vasitəçi olaraq Rusiyanın səmimiliyinə, nə də Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun gəlmir.

Bütün bunlar onu sübut edir ki, Rusiya öz strateji məqsədləri üçün bu münaqişənin tam həll edilməsini istəmir.  Çünki münaqişənin qalması onlara bölgəyə təsir imkanı yaradır. İndiki mərhələdə Rusiya yalnız kommunikasiya xətlərinin açılmasında maraqlıdır. Ciddi sanksiyalara məruz qalan Rusiya üçün 3+3 formatında əməkdaşlıq həm yeni imkanlar açır, həm də ona Ermənistanla birbaşa dəmir yolu əlaqəsi yaradır. Başqa sözlə desək, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yalnız öz maraqlarının təmin olunması kontekstindən yanaşır. Ermənistanın özünün də kommunikasiya əlaqələrinin açılmasından qaçması mümkün deyil. Çünki Paşinyan yaxşı dərk edir ki, bu dəfə də razılaşmadan boyun qaçırsa, o zaman bütün üçtərəfli bəyanatlar sual altına düşəcək.  Prezident İlham Əliyevin hökumətin son iclasında qeyd etdiyi kimi, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, o zaman Azərbaycan da öhdəliklərindən azad olacaq".

Ermənistan Türkiyənin forpostu olacaq” iddiası

Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bildirdi ki, Rusiyanın strateji xətti dövlətin dərin ağlına bağlıdır: “Əslində Rusiya bölgədə geosiyasi inhisarı itirib. Nə etsə də, hesablaşacağı bir Türkiyə var. Amma bununla belə, durumu gərgin saxlamaq və özünə ehtiyacı ayaqda tutmaq üçün bu cür ifadələr işlədir. Rusiya ”Dağlıq Qarabağ" ifadəsini işlədəcək. Biz ondan daha çox ifadənin arxasındakı fəsadlardan qorunmalıyıq. Üstünlük odur ki, Paşinyan da Rusiyadan uzaqlaşmaq istəyir. Amma bu cür ifadələr ona da xoşdur deyə, keçici “həzz” duya bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR