İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin müharibəni BU ÖLKƏDƏ bitirməyi təklif edir

Slovakiya Ukrayna savaşına son qoyacaq sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır. Bu bilgini dekabrın 26-da Ali Avrasiya İqtisadi Şurası iclasının yekunlarına dair mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin dilə gətirib və ardınca deyib: "Biz buna qarşı deyilik. Fikrimizcə, Slovakiya tərəfsiz mövqe tutur və bu, bizim üçün məqbul variantdır".

Rusiya lideri Ukraynadakı münaqişəyə son qoymağa çalışdığını söyləyib, amma ölkəsinin "xüsusi hərbi əməliyyat"ın (Rusiya Ukrayna savaşını belə adlandırır - red.) məqsədlərinə 2025-ci ildə də nail olmağa davam edəcəyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Robert Fitsonun Moskvaya səfərini kəskin qınayıb. O, Slovakiya hüquq-mühafizə və xüsusi xidmət orqanlarının səfərlə yaxından maraqlanmasını tövsiyə edib. Zelenskinin fikrincə, Fitsonun bu addımı təkcə Slovakiyanın deyil, bütün Avropanın güvənliyini təhlükəyə ata bilər.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzündən sonra Fitso Putinlə yaxşı münasibətləri qoruyub saxlayan az sayda Avropa ölkəsi liderlərindən biridir.

Bildirilir ki, R.Fitsonun dekabrın 22-də Moskvaya səfəri rəsmi Kiyevin Rusiya qazının tranziti ilə bağlı bu il bitəcək müqaviləni uzatmamaq bəyanatına reaksiya idi. Görüş zamanı Ukraynadakı hərbi durum və savaşın tez bir zamanda danışıqlar yolu ilə bitməsi müzakirə edilib.

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzvlüyünü ertələməyi təklif edib. Bu təklifə toxunan Putin deyib ki, o, hələ 2021-ci ildə bunu Co Baydenlə müzakirəyə çıxarıb. Putin Qərb ölkələrinə hədə-qorxu gələrək, gərəkərsə, "Oreşnik" kimi daha güclü ortamənzilli ballistik raketlərdən yararlana biləcəyini də söyləyib.

"Ancaq biz tələsmirik", - Putin belə deyib.  ("Azadlıq")

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR