İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin gedərsə, Medvedyev qayıdar” iddiası

Ekspert: “Hakimiyyəti ötürmək məcburiyyəti qaçılmaz olarsa, yenə də onun üzərində dayanması mümkündür”

ABŞ-ın “Politico” qəzetində Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı söz-söhbətlər ətrafında məqalə dərc edilib. “Vladimir Putinə nə olub?” başlıqlı məqalədə 69 yaşlı Putinin sağlamlıq vəziyyəti haqda mülahizələr irəli sürür, onun zahirən şişkinləşməsindən tutmuş, Parkinson və xərçəng xəstəliyinə tutulması barədə bir çox versiyalar yada salınır.

Qərbdə Putinin personasına olan antipatiya sirr deyil, bu, müharibədən əvvəl də belə idi. Amma Ukrayna müharibəsi təkcə Qərbi deyil, Rusiyanın siyasi isteblişmentini də ciddi düşündürməyə başlayıb. Bu səbəbdən müzakirələr yenidən sabiq prezident, Rusiya Təhlükəsizlik Şurasında Putinin müavini olan Dmitri Medvedyevin personasına diqqəti artırıb. Putinin varisləri mövzusu yeni deyil, amma bu dəfə söhbət təkcə varisdən deyil, həm də Rusiyanın sanksiyalardan qurtarmaq kimi bir çətin işin icrasından gedir. Medvedyev bir dəfə Rusiya prezidenti olub və onun dövrü Qərblə Rusiya arasında “yumşalma dövrü” kimi xarakterizə olunur. Baxmayaraq ki, Gürcüstan müharibəsi Medvedyevin prezidentlik dövrünə təsadüf edirdi, amma o hadisələrdə əsas qərar verən baş nazir postunda oturmuş Putin olduğuna şübhə yox idi. Amma indi vəziyyət daha qəlizdir və bir çoxları yaranmış vəziyyətdən çıxış yolunu  Putinin hakimiyyətdən getməsində görür.

Yeni qəbul olunmuş konstitusiya düzəlişləri Putinə növbəti dəfə prezidentliyə namizəd olmaq şansı verir. Putin bu barədə son qərarını verməyib. Daha bir çox səbəblərdən məhz yumşaq siyasət tərəfdarı kimi görünən Medvedyevin qayıda biləcəyini düşünənlər var.

Qabil Huseynli: "Konvensiyanin imzalanmasi hele son hedd deyil"

Qabil Hüseynli

Bu barədə “Yeni Müsavat”a şərhində politoloq Qabil Hüseynli bildirdi ki, Vladimir Putinin səhhətində problemlərin olduğu haqda uzun müddətdir xəbərlər yayılsa da, hələ rəsmi təsdiqlənməyib: “Putin faktiki olaraq işinin başındadır və belə görünür ki, hətta müəyyən xəstəliyi varsa da prezident kimi fəaliyyətinə imkan verməyəcək həddə deyil. Putinin hakimiyyətdən getməsini ən çox arzu edən və buna çalışan ABŞ və müttəfiqləridir. Rusiya prezidentinin xəstə olduğu barədə mütəmadi informasiyalar da daha çox Qərb mediasında yer alır.  Putin ola bilsin ki, xəstədir, ancaq bu gün onun hakimiyyəti təhvil vermək istəyi və planının olduğunu göstərən bir işartı da olsun yoxdur”.

Politoloq qeyd etdi ki, hakimiyyətə kimin gələcəyinin taleyini məhz Putin həll edəcəksə, həmin şəxsin Dmitri Medvedyev olması istisna deyil: “Medvedyev Putinin ən yaxın adamlarından biridir, prezident olduğu dönəmdə ”müəlliminin"-Putinin əleyhinə, maraqlarına zidd heç bir addıma getməyib, Putinin əmrləri ilə oturub-durub, eyni zamanda ABŞ-la da müəyyən yumşaq münasibətlərdə olub. Putin Mevedyevi çox təcrübədən keçirib, ona görə də hakimiyyəti ötürmək məcburiyyəti qaçılmaz olarsa, yenə də onun üzərində dayanması mümkündür".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR