Onlayn ictimai-siyasi qəzet
Bakıda keçiriləcək BMT-nin iqlim konfransında Rusiyanı baş nazir Mixail Mişustin təmsil edəcək.
Musavat.com Milli.Az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Biz bu tədbirə dəvət olunmuşuq. Biz bu tədbirdə Rusiyanı yüksək səviyyədə təmsil edəcəyik", - deyə o, əlavə edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ