Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Avropa və ABŞ ilə ticari münasibətlər Çin üçün həyati əhəmiyyət daşıyır”
Rusiya prezidenti Vladimir Putin mayın 16-da Si Cinpinin dəvəti ilə Çinə iki günlük səfərə gəlib. Bu, onun təzədən ölkə prezidenti seçildikdən sonra xaricə ilk rəsmi ziyarətidir. Bəllidir ki, yeni seçilən dövlət başçısı xaricə ilk səfərini ən yaxın və dost ölkəyə edir. Rusiya üçün bu, Belarusdur. O zaman Pitin niyə Çini seçib? Belarusu dövlət saymırmı? Yaxud nədən ilk xarici səfərini Türkiyəyə etmədi? Qeyd edək ki, səfər çərçivəsində Putin və Si Cinpin hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə dair birgə bəyanat qəbul ediblər. “30 səhifədən çox sənəd əslində iki dövlət arasında ikitərəfli münasibətlərin xüsusi xarakterini ortaya qoyur”, - Rusiya mənbələri bildirir. “İkitərəfli münasibətlərin bütün spektrinin inkişafı üçün gələcək yollar müəyyən edilib, ədalətli və demokratik dünya nizamının formalaşmasında Rusiya və Çinin aparıcı rolu qeyd edilib”, - KİV Rusiya prezidentinin köməkçisinin sözlərindən sitat gətirir.
Səfərin Qərblə münasibətlərin və Ukraynadakı işğalçı müharibənin gələcəyi kontekstində önəmi, təsiri nədir? Putin “Çin səddi”ni aşdımı? Pekin kimin tərəfində - Rusiyanın, Qərbin (Ukraynanın), yoxsa öz oyununu oynayır? Moskva-Pekin əlaqələrinin istiləşməsinin Azərbaycana yaxın-uzaq təsiri ola bilərmi?
Heydər Oğuz
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz Putinin Belarusa səfər etməməsini olduqca məntiqli hesab edir: “Rusiya Belarusu həqiqətən də özünün bir parçası kimi görür. Zatən Rusiyanın Belarusla qurmaq istədiyi İttifaq dövləti də bunun bariz sübutudur. Xüsusilə özünün taktiki nüvə silahlarını Belarusa yerləşdirməklə Rusiya faktiki olaraq bu ölkənin özünün bir parçasına çevirdi. Belarus da öz təhlükəsizliyini Rusiyaya həvalə etməklə bir növ buna razılıq vermiş oldu”.
O ki qaldı Çin lideri Si Cinpinin rus həmkarı Vladimir Putinlə görüşündə Ukrayna məsələsinin müzakitə olunub-olunmaması məsələsinə, Heydər Oğuzun iddiasına görə, bu səfərin əsas məqsədi elə bu problemlə bağlıdır: “Bilirsiniz ki, hələ ötən ay ABŞ Dövlət katibi Entoni Blinken Çində səfərdə olmuş və bir neçə gün ərzində keçirdiyi görüşlərdə tərəf-müqabillərindən Rusiya ilə hərbi-iqtisadi əlaqələri tamamilə sonlandırmağı tələb etmişdi. Əks halda Çini eynilə Rusiya kimi sanksiyalara məruz qalacağı ilə hədələmişdi. Çin rəsmiləri isə Rusiya ilə iqtisadi əlaqələrinin suverenliyə aid məsələ olduğunu Blinkenin diqqətinə çatdırmış, hərbi sahədə Moskva ilə hər hansı əlaqələrinin olmadığını vurğulamışdı. Bu görüşdən dərhal sonra Avropaya səfərə yollanan Çin lideri ilk görüşünü Fransa prezidenti və Avropa Komissiyasının rəhbəri Ursula der von Leyenlə keçirmişdi. Hər iki liderin Çindən eyni gözləntisi vardı: Rusiyaya təsir edərək Ukrayna savaşından vaz keçirsin və Putinə hərbi dəstək verməsin. Məsələ burasındadır ki, Çin həqiqətən də Rusiyaya silah vermir. Amma ona həm də hərbi sənayedə istifadə oluna biləcək sivil görünümlü məhsullar satır. Üstəlik, Avropa İttifaqının sanksiya tətbiq etdiyi rus neft və qaz məhsullarını da Çin və Hindistan alır. Nəticədə Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyalar havadan asılı qalır”.
Heydər Oğuzun fikrincə, Çin nəyin bahasına olursa olsun, Rusiya ilə bu əlaqələrini dondurmaz: “Ən azı ona görə ki, Rusiyanın strateji məğlubiyyətə uğramasını Çin də istəmir. Əks halda növbənin özünə gələcəyini yaxşı anlayır. Digər tərəfdən Rusiya ilə iqtisadi əməkdaşlıqlar Çinin də işinə yarayır. Ondan ucuz qiymətə neft və qaz alır, bunun müqabilində isə ona sənaye məhsulları satır. 2023-cü ilin statistik məlumatlarına görə, Çin Rusiya ticarət dövriyyəsini xeyli artırıb 240 milyard dolara çatdırıb. Bunun haradasa 90 milyardı Rusiyanın ixracına düşür. Qalan 140 milyard isə Çinin Rusiyaya satdığı məhsullar təşkil edir. Rusiya ilə ticari münasibətdə 50 milyard dollarlıq müsbət saldo olduğu halda, Çin onunla münasibətləri niyə bir kənara atmalıdır? Axı 1.5 milyard vətəndaşı olan Çin üçün Rusiya güclü bazardır. Amma o da var ki, Çin ABŞ və Avropa Birliyi ilə ticari əlaqələri də gözdən çıxara bilməz. Çinlə ABŞ arasında ticarət dövriyyəsi 2023-cü ilin 9 ayı ərzində 422 milyard dollar təşkil edirdi. Bunun 316 milyardı Çinin ixrac etdiyi malların payına düşürdü. Yəni müsbət saldo hardasa 200 milyarda yaxın idi. Avropa İttifaqı ilə Çin arasında ticarət dövriyyəsi Ukrayna savaşı çıxdıqdan sonra xeyli düşsə də 2021-ci ildə bu göstərici ABŞ-ı geridə qoyaraq 700 milyard avroya qədər yüksəlmişdi. ABŞ isə 631 milyard Ukrayna müharibəsi başlayandan sonra bu artım yenidən aşağı düşmüşdür. 2023-cü ildə Avropa İttifaqının ən böyük ticarət ortağı 846 milyard avroluq ticarət dövriyyəsi ilə yenidən ABŞ oldu. Baxmayaraq ki, Avropa İttifaqına ikinci ən çox mal ixrac edən ölkə yenə də Çin idi. Avropa Statistika Ofisinin məlumatına görə, ötən il Çin Aİ ölkələrinə 514,4 milyard, ABŞ isə 344,2 milyard avroluq mal ixrac etmişdi”.
Heydər Oğuzun fikrincə, bütün bu statistik göstəricilər ondan xəbər verir ki, Avropa və ABŞ ilə ticari münasibətlər Çin üçün həyati əhəmiyyət daşıyır və məcbur qaldığı təqdirdə Pekin Qərbin tərəfini tuta bilər: “Amma bunun Rusiyanı qurban vermək bahasına olacağını təxmin etmirəm. Çin istəyəcək ki, Rusiyanı da əlindən buraxmadan Avropa və ABŞ ilə iqtisadi münasibətlərini davam etdirsin. Çünki 1.5 milyardlıq əhalisinin rifahı üçün buna məcburdur. Əks halda sanksiyalara məruz qalan Çin iqtisadi böhran keçirən 100 milyonlarla qəzəbli insanın ayağı altında qalıb yox olar”.
Siyasi şərhçinin fikrincə, Çinə bir az da zəifləmiş Rusiyanı himayəsi altına ala bilsin: “Bunun üçün də Çinə Ukrayna-Rusiya müharibəsinin bir qədər də davam etməsi və nəhayət, masaya oturub anlaşması sərf edir”.
Avropa ölkələrinin iqtisadi cəhətdən Çindən asılı olduğunu düşünən Heydər Oğuzun fikrincə, ABŞ Qərb müttəfiqlərini də çətin vəziyyətə salıb: “ABŞ-ın təşviqi ilə faktiki olaraq Rusiyanın enerji qaynaqlarından imtina edən Çin alternativ enerji mənbələrinə möhtac hala gəlib. Bu asılılıq getdikcə daha çox artacaq. Dünyada alternativ enerji mənbələri üçün batareya istehsalının böyük qismi Çinin əlindədir. Çin bu şirkətlərə subsidiyalar verərək onları daha çox istehsala təşviq edir. Nəticədə günəş panelləri və külək tribunlərinin böyük əksəriyyəti bu ölkədə istehsal olunur. Bu da azmış kimi, Çin elektrikli avtomobil istehsalında da liderdir. Rusiya enerji mənbələrindən imtina edən Avropa istər-istəməz Çinin təsiri altına düşür. Dolayısıyla o, həm Rusiyaya, həm də Çinə qarşı embarqolar tətbiq edə bilməz. Əks halda özü batar”.
Siyasi şərhçinin fikrincə, bu avantajından istifadə edən Çin Qərbin tələbləri ilə Rusiya ilə əlaqələrini təxirə salmaz: “Bununla belə, Ukrayna müharibəsinin də çox uzanmasını istəməz”.
Çinin böyüməsinin Azərbaycana təsirinə gəlincə, Heydər Oğuzun fikrincə, bunun həm mənfi, həm də müsbət tərəfləri ola bilər: “Müsbət tərəfi odur ki, Azərbaycan və Türk dünyası həm Qərbin, həm də Rusiyanın təsir dairəsindən çıxır və geosiyasi rəqabətdən faydalanıb böyümə imkanları əldə edir. Mənfi cəhəti odur ki, biz Çin təsirinə qarşı Türk dünyası ilə birgə strategiyalar müəyyənləşdirib həyata keçirməsək, qısa zaman ərzində Çinin yeminə çevrilə bilərik. Bu çətin və riskli şəraitdə qütblər arasında şüurlu və incə manevrlər etmək lazım gələcək. Fakt budur ki, Çin də ”Bir Yol, Bir Kəmər" layihəsini həyata keçirmək istəyir, Avropa və ABŞ da eyni marşruta tamamilə başqa prizmadan yanaşaraq, ciddi investisiyalar yatırmaq niyyətindədir. ABŞ və Avropanın bu marşruta alternativ olaraq yaratmaq istədiyi “Qlobal Keçid” layihəsi var. Fikrimcə, Türk dövlətləri, o cümlədən Azərbaycan hər iki layihənin müsbət və mənfi tərəflərini qiymətləndirərək, müstəqilliyini və suverenliyini əldən vermədən bəzi addımlar atmalıdır".
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ