Onlayn ictimai-siyasi qəzet
Dünyanın yeni dünya düzəninə keçid mərhələsi rəsmən başlanmış oldu. Belə ki, ABŞ-ın yeni prezidenti Donald Tramp öz səlahiyyətlərinin icrasına başladı. Ağ Evin yeni sahibinin həm əvvəlki, həm də son açıqlamalarına diqqət yetirdikdə, dünyada bir çox şeyin indiyə qədər olduğundan ciddi şəkildə fərqlənə biləcəyi qətiyyən istisna kimi görünmür. Hər halda, ikinci dünya müharibəsindən sonra mövcud olan qlobal siyasi-hüquqi sistemin öz əhəmiyyətini itirəcəyini artıq indidən təxmin etmək mümkündür. Və bu, beynəlxalq məkanda artıq olduqca ciddi narahatlıq yaratmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, prezident Donald Trampın Ağ Evə gəlişini dünyada hamıdan çox Rusiya səbrsizliklə gözləyirdi. Görünür, Kremldə Ağ Evin yeni sahibinin "Ukrayna savaşını 24 saat ərzində dayandıracam" vədini icra edəcəyinə lazım olduğundan daha çox önəm verilib. Ona görə də, "savaş bataqlığı"nda tarixi çöküş dövrü yaşayan Rusiya Ağ Evin yeni sahibinin sayəsində xilas olma şansı qazanacağına böyük ümidlər bəsləyirdi. Və prezident Donald Tramp səlahiyyətlərinin icrasına başlasa da, Ukrayna savaşı hələ də davam edir.
Məsələ ondadır ki, prezident Donald Tramp Ukrayna savaşını 24 saat ərzində dayandıracağı barədə vədini yerinə yetirməyi ya bacarmadı, ya da bunu ümumiyyətlə, istəmədi. Ümumiyyətlə, Ağ Evin yeni sahibinin Ukrayna savaşının dayandırılması ilə bağlı vədlərinə tam şəkildə sadiq qalacağı artıq o qədər də inandırıcı görünmür. Böyük ehtimalla ABŞ prezidenti zaman keçdikcə, öz qeyri-real vədlərinə ya ciddi düzəlişlərə üstünlük verməli olacaq, ya da onların bəzilərindən ümumiyyətlə, imtina edəcək. Və bu, prezident Donald Trampın siyasi xarakterinə o qədər də uzaq ehtimal deyil.
Maraqlıdır, son vaxtlar Ağ Evin yeni sahibi Ukrayna savaşından danışarkən, bu problemi həll etmək üçün ən azı altı aya qədər zamana ehtiyacı ola biləcəyinə eyham vurur. Əslində, bu, Kreml üçün qətiyyən ümidverici yanaşma deyil. Çünki zaman Rusiyanın əleyhinə işləyir. Yəni, iqtisadiyyatı çöküş mərhələsinə keçən, sosial-siyasi böhrana doğru irəliləyən Kreml üçün dərhal və Rusiyanın maraqlarına daha yaxın şərtlər daxilində sülh sazişi indi taleyüklü xarakter daşıyır. Və savaş uzandıqca Kremlin daha əlverişsiz şərtləri qəbul etmək məcburiyyətində qala biləcəyi də qətiyyən istisna deyil.
Ona görə də, prezident Donald Trampın dəyişməyə meylli mövqeyi Kremldə ciddi əndişə yaratmağa başlayıb. Prezident Vladimir Putin hətta Bayden administrasiyasının hakimiyyəti təhvil verməsindən dərhal sonra Rusiya Təhlükəsizlik Şurasının toplantısını keçirib və mövcud situasiyanı yaxın ətrafı ilə müzakirə edib. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinə və xüsusi xidmət servislərinə ABŞ-da yaranmış yeni siyasi situasiya, eləcə də, Ağ Evdə Ukrayna savaşına yönəlik əhval-ruhiyyə barədə detallı hesabatın hazırlanmasını tapşırıb. Və bu, Kremldə mövcud olan təlaşın səviyyəsini təxmin etməyə imkan verən önəmli məqamdır.
Digər tərəfdən, Kreml prezident Donald Trampı Ağ Evə qayıdışı münasibətilə təbrik etməyəcəyini dəfələrlə bəyanlamasına baxmayaraq, bu mövqeyindən də geri çəkilməli olub. Belə ki, Kreml sahibi Vladimir Putin prezident Donald Trampı rəsmən təbrik edib və onunla birbaşa görüşə hazır olduğunu bir daha təkrarlayıb. O, bildirib ki, Rusiya ABŞ ilə Ukrayna savaşının həlli mövzusunda müzakirələrə açıqdır, eyni zamanda, bu dialoqun bərabərhüquqlu, qarşılıqlı hörmət çərçivəsində aparılmalı olduğunu vurğulayıb. Və bu, Rusiyanın düşdüyü durumu təxmin etməyə imkan verir.
Məsələ ondadır ki, Kreml sahibinin Ukrayna savaşını rəsmi Kiyevlə deyil, məhz ABŞ ilə müzakirə etməyə üstünlük verməsi Rusiyanın imperialist siyasi-ideoloji vərdişlərinə sadiq qaldığını göstərir. Yəni, Kreml Ukraynaya hörmət etmir, Rusiya ilə bərabərhüquqlu dövlət saymır. Halbuki, Kreml sahibi həm Ukraynanın, həm də Rusiyanın gələcək taleyinin indi ABŞ-ın verəcəyi qərardan asılı olduğunu da anlayır. Üstəlik, Ağ Evdən bərabərhüquqlu, qarşılıqlı hörmət çərçivəsində müzakirə tələb edərkən, Rusiyanın ABŞ-la eyni səviyyədə olmadığını da etiraf etmiş olur. Və bu, Rusiyanın nə qədər acınacaqlı durumda olduğunu göstərir.
Nəhayət, prezident Vladimir Putinin Ağ Evin yeni sahibi Donald Trampın üçüncü dünya müharibəsinə imkan verməyəcəyi barədə vədini xatırlatması da Rusiyanın acınacaqlı durumunu biruzə verir. Çünki Kremldə anlayırlar ki, Ağ Evin yeni sahibi Rusiyanın maraqlarına uyğun sülh şərtlərini bloklaya bilər. ABŞ prezidentinə onun öz sözləri ilə üçüncü dünya müharibəsi ilə bağlı təhlükə xatırladılır və Ağ Ev sahibinin şantaj edilməsinə cəhd göstərilir. Və bu, o deməkdir ki, Kreml sahibi hələ prezident Donald Trampla görüşə nail olmasa da, Rusiyanın sonuncu təhdid faktorunu da gündəmə gətirmək məcburiyyətində qalıb.
Ancaq prezident Donald Trampın deyəsən, Kreml sahibi Vladimir Putinin üçüncü dünya müharibəsi ilə bağlı eyvanları üzərindən şantaj cəhdlərinə əhəmiyyət vermək niyyəti ümumiyyətlə, yoxdur. Belə ki, prezident Donald Tramp andiçmə mərasimindən dərhal sonra bildirib ki, Rusiyanın böyük və ciddi problemləri ola bilər. Onun fikrincə, prezident Vladimir Putin sülh sazişindən imtina edərsə, Rusiyanın məhvi qaçılmaz olacaq edir: "O, razılaşmalıdır. Əgər, o, Ukrayna savaşını dayandıracaq sazişdən imtina edərsə, Rusiya böyük problemlərlə üzləşəcək”.
Göründüyü kimi, prezident Vladimir Putinin şantaj cəhdinə Ağ Evin yeni sahibi Donald Tramp açıq təhdidlə cavab verib. Belə anlaşılır ki, Ukrayna savaşının dayandırılmasına yönəlik sazişin mətni bütün ehtimalların əksinə olaraq, Rusiyanın maraqlarına zidd məzmun daşıya bilər. Kreml bundan narahat olsa da, Ağ Evin yeni sahibi Donald Tramp prezident Vladimir Putinə qarşısına qoyulacaq sülh sazişini dərhal imzalamağı məsləhət görür. Və əks halda, savaşın davam edəcəyinə eyham vurur, Rusiyanı isə son nəticədə məhv olacağı ilə hədələyir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ