Onlayn ictimai-siyasi qəzet
Aktyor Elvin Ağayev ilə aktrisa Elvina Atakişiyeva Musavat.com-un qonağı olub.
Məşhur cütlüklə onlara yazılan tənqidi fikirlərdən, ailə münasibətlərindən və Elvin Ağayevin xəstə olmasından danışdıq.
Müsahibəni təqdim edirik:
- Efirdə belə bir açıqlama verdiniz ki, bizə yazırlar, kaş Elvin ölərdi, niyə Azər öldü. Bu açıqlamanızdan sonra reaksiyalar necə oldu?
Elvina: Təbii ki, bu açıqlamanı üzülərək etdik. İnsanların Elvini günahkar çıxarması ailə olaraq bizi çox incidirdi. İstədik ki, insanlar şərh yazarkən bir daha düşünsünlər. O açıqlamamızdan sonra bizə dəstək mesajları gəldi. Bu, bizi sevindirdi ki, insanlar bizi anladı.
- Amma qınayanlar da oldu ki, özlərini reklam edirlər.
Elvina: belə reklam olar? Biz o ağrıları yaşamışıq və hər dəfə dərdimizi yeniləyən, bizi üzən şərhlər gəlir. Biz sadəcə istədik ki, insanlar hiss etdiklərimizi anlasın.
- Bəs xəstəlik sizə nə öyrətdi və həyatınızda nə dəyişdi?
Elvin: Xəstəlik, pis hadisə olanda insan ilk olaraq sevdiklərinə baxır. Bizə də sevənlərimiz, ailəmiz dəstək oldu. Ən önəmlisi xalqımız bizə maddi və mənəvi kömək oldu. Mənim ayağa qalxmağımda xalqımızın böyük dəstəyi var. Təbii ki, Allah mənim sağalmağımı istədi. Mən möcüzə sayəsində sağaldım.
Öyrəndik ki, bu gün kiminsə sözünə, fikrinə görə yaşamaq olmaz. Həyat hər an bitə bilər. Biz öz doğrularımızla yaşayırıq. Uğur qazanmaq üçün biz bir-birimizə yetirik.
- Sizcə, bu cür şərhlər yazan, pisliyinizi istəyən kimlərdir? Onlar arasında sənət yoldaşlarınız varmı?
Elvin: Bizi sevməyənlər də var. Yəqin ki, bunların içərisində sənət yoldaşlarımız, ətrafımızdakılar və ya qohumlarımız da var. Amma onlar içərisində sənət yoldaşlarımızın olduğunu bilirik. Çalışdığımız restoranların birində bizə dedilər ki, bir müğənni bura gəlib gedəndən sonra müdirimiz sizi çağırmaq istəmir. O, sənətə bizdən öncə gəlib. Onun bizimlə nə işi var? Bir az da bizim işlərimizə müdaxilə etsə, adını açıqlayacağıq.
- “Əlvida xoşbəxtlik” serialında çəkilirsiniz. Xarici serialdan götürülmədi və daha çox “Sadakatsız” ilə müqayisə edirlər. Sizi digərlərindən fərqləndirən nədir?
Elvin: Dünya praktikasında bu var. Ssenarisi tutan filmləri, serialları başqa ölkələr də alır. “Əlvida xoşbəxtlik” serialının ssenarisi bizdən əvvəl 7-8 ölkədə çəkilib. Serialda da ər-arvadı oynayırıq. Tamaşaçı bizi bu serialda sevdi. Hətta xəyanət səhnəsini dedilər ki, sizə yaraşmır. Halbuki bu, bir işdir.
- Ər-arvad olaraq birlikdə çalışmaq ailə münasibətlərinizə mənfi təsir etmir?
Elvina: Qəti şəkildə mənfi təsir etmir. Biz bir-birimizdən güc, ideya alırıq. Uğurlu olmağımızın əsas səbəblərindən biri də budur ki, biz birlikdəyik, cütlük olaraq ön plandayıq. Eyni əziyyəti çəkirik. Büdcəmiz də birdir. Tək çətinliyi isə qısqanclıqdır. Bu isə nadir hallarda yaşanır.
- Dediniz ki, büdcəmiz birdir. Evin büdcəsini kim idarə edir?
Elvin: Bizim büdcə Elvinada olur. Şəxsi fondum yoxdur. Məsələn: Sürpriz etmək üçün Elvinadan pul gizlədim gərək. Bu da bizim ailə qaydalarına ziddir. Amma Elvina pulu çox yaxşı idarə edir. Demək olar ki, xərcləmək üçün pulu arvadımdan alıram.
- Fikir ayrılıqları yaşayırsınızmı? Sizə görə ideal cütlük necə olmalıdır?
Elvin: Fikir ayrılıqları olur. Həmfikir olsaq, daim ailə və iş həyatı uğurlu olmaz. Fikrimizin üst-üstə düşməməsi bizi uğurlu edir. Bəzən mübahisələr də edirik. Amma bir sevgini möhkəm edən iki insanın eyniliyi yox, fərqliliyidir.
- “Sus” klipinizi təqdim etdiniz. Siz ilk oxumağa başlayanda deyənlər vardı ki, bunlar da oxuyur. Bəs tamaşaçıların reaksiyası necədir? Sənət yoldaşlarınızdan siz müğənniliyə başlayandan sonra münasibəti kəsənlər oldumu?
Elvin: İlk dəfə oxuyanda insanlar bir az yadırğadı. Uğursuz olsaydıq, müğənnilik etməzdik. Bəzən mahnımızı, bəzən geyimimizi bəyənmədilər. Amma ümumi olaraq ifalarımız sevildi.
Elvina: Sosial mediada aktiv olsaq da, yutubda aktiv deyilik. Bu, mahnılarımızın baxış sayına təsir. Amma insanlar “Sus” mahnımızı bilmirlər biz oxuyuruq, dinləyirlər. Təsadüf nəticəsində bilirik ki, dinləyiblər, sevirlər.
Könül İbrahim
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ