İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror Xarici İşlər Nazirliyinin pullarını qumarda uduzan attaşenin həbsini tələb etdi

Xarici İşlər Nazirliyinə (XİN) qarşı mənimsəmədə təqsirləndirilən Nəcib Osmanovun cinayəti işi üzrə məhkəməsi yekunlaşmaq üzrədir. Müttəhim Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Nəcib Osmanovun külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə iclas zalında dərhal həbs edilməsini tələb edib. Nəcib Osmanov vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə də təqsirləndirilirdi. Prokuror həmin maddə ilə cinayət təqibindən imtina edib. Təqsirləndirilən şəxsin vəkilinə müdafiə çıxışına hazırlaşmaq üçün iyunun 5-ə kimi vaxt verilib. Məhkəmə iclasında məlum olub ki, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına xərcləyib.

Ödəniş tapşırıqlarını səfir Rəmzi Teymurova möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Keçmiş attaşe məhkəməyə əməlindən peşmançılığını dilə gətirib: “Mərc oyunlarının aludəçisi olmuşam, əməlimdən peşmanam”.

Məsələnin üstü açılandan sonra Nəcib Osmanova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülsə də, ona həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilib. Məhkəmədə o da məlum olub ki, hələ istintaq dövründə o, Xarici İşlər Nazirliyinə dəymiş ziyanın 77 min dolları ödəyib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR