İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin biznes imperiyasının strukturu ilə bağlı yeni faktlar ortaya çıxdı

Kremlə yaxın olan iş adamı və Ukraynada döyüşən "Vaqner" özəl hərbi şirkətin yaradıcısı Yevgeni Priqojinin “biznes imperiyasının daxili strukturu ilə bağlı yeni faktlar ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Dosye”mərkəzi xüsusi hesabat yayıb. 

Jurnalistlər 2022-ci ilin payızının əvvəlində naməlum hakerlər tərəfindən yayımlanan Priqojinlə bağlı 1 milyondan çox sənədi araşdırıblar. Söhbət xüsusilə Sankt-Peterburq “trol fabriki” adlanan strukturdan, “Konkord” şirkətlər qrupundan, Moskva məktəblərini ərzaqla təmin edən firmalardan, tikinti, otel biznesi, mədənçilik şirkətlərindən gedir.

Araşdırmaçılar bütün bu qurumların bir-birinə “üzvi şəkildə bağlı” olduğunu müəyyən ediblər.
“Yaralı Vaqner əsgərləri Gelencikdəki istirahət mərkəzində müalicə alır, Müdafiə Nazirliyinin əməkdaşları “Yeliseyevski” mağazasında endirim kartlarına sahib olur, hüquqşünaslar və maliyyəçilər Sankt-Peterburqda, Antananarivuda (Madaqaskarın paytaxtı-red.) və ya Banqidə (Mərkəzi Afrika Respublikasının paytaxtı-red.) yeni güzəştlər üçün müqavilələri nəzərdən keçirirlər”. Məhz bu struktura görə Priqojinin layihələrinə qarşı sanksiyalar, yaxşı nəticə vermir.

Araşdırmanın əsas obyekti Priqojinin layihələrinin birləşdirdiyi mərkəzləşdirilmiş informasiya sistemləri olub. Jurnalistlər Priqojinin strukturlarında çalışan İT mütəxəssislərinin ştatını və əmək haqqı fondlarını öyrəniblər. Onlar müxtəlif şirkətlərdə çalışır və müxtəlif layihələrdə bir-birlərini dəyişirlər. Orta hesabla mütəxəssislərin ayda təxminən 110 min rubl (1400 dollar) qazandıqları deyilir. Gələn informasiyalara əsasən, bütün potensial işçilər məcburi iki saatlıq poliqrafiya müayinəsindən keçirlər.

Araşdırma Priqojinin şirkətlərinin mühasibatlıq bölümünə də toxunub. Ümumilikdə həm real, həm də nominal 400-ə yaxın müxtəlif şirkətin bununla əlaqəli olduğu iddia edilir.

Keçmiş işçilərin dediyinə görə, "trol fabriki" adlanan yerdə 400-ə yaxın işçi çalışır, onlardan 30-dan çoxu yalnız media saytlarında şərh yazmaqla məşğuldur, daha 30-a yaxın insan isə YouTube-da şərhlər verir.

Priqojinin işçiləri "zavod"un özündən başqa, onun müxtəlif şəxslərlə münaqişələri ilə bağlı digər internet layihələrində iştirak edir,"xüsusi tapşırıqlar" yerinə yetirirlər. Buraya, məsələn, Lyubov Sobol, Aleksandr Beqlov və ya Rusiya xarici işlər naziri Sergey Lavrovun kürəkəni əleyhinə onlayn kampaniya daxildir.

Araşdırma həmçinin Priqojinin strukturları ilə əlaqəli olduğu iddia edilən müxtəlif onlayn resursları, o cümlədən psevdo-müxalif kanallar da daxil olmaqla onlarla Telegram kanalınını təsbit edib. 2022-ci ilin avqustunda baş verən partlayışda həlak olan Daria Duginanın da Priqojinin strukturlarında işlədiyi iddia edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR