İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentliyə namizədlər təbliğat işlərini necə quracaq - mitinq, tv çıxışları, yoxsa...

Prezidentin köməkçisi, DİN və Baş Prokurorluğun rəhbərliyinə daxil olan şəxslər, DSK sədrləri MSK-da - “Arxayınlaşmaq olmaz” xəbərdarlığı edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 19-da keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

MSK Yeni Azərbaycan Partiyasının növbədənkənar prezident seçkisində səlahiyyətli nümayəndələrini də qeydə alıb.

Qərarla YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar prezident seçkisindəki səlahiyyətli nümayəndəsi təyin edilib. Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Dünən isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İlham Əliyevin gələn növbədənkənar seçkidə prezidentliyə namizədliyini dəstəkləyib.

AHİK-in növbədənkənar qurultayında bununla bağlı qərar qəbul edilib.

Namizədliyini irəli sürən digər şəxslərin də sənədləri MSK-ya təqdim edilib.

 Namizədlərin təsdiqlənməsindən sonra 40 min imza yığılması mərhələsi və bunun ardınca təbliğat-təşviqat prosesidir. 

Ötənlərdə seçkiqabağı təbliğat-təşviqat mərhələsində namizədlər daha çox iki metoddan yararlanıb-televiziya debatları, çıxışları və təbliğat mitinqləri. 

Bəs bu dəfə necə olacaq? 

Bəllidir ki, efir təbliğatı ilə bağlı qanunda yeniliklər var. Bu yeniliklərin fonunda tv təbliğatı hansı formada aparıla bilər? Namizədlər hansı üsullardan yararlanacaq? 

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Prezidentliyə namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülən Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, namizədlik üçün sənədlərini MSK-ya təqdim edib: “MSK-dan cavab gözləyirik. Müsbət cavab olsa, imza vərəqələrini bizə təqdim edəcəklər və bundan sonra imza toplama prosesi start götürəcək. İmza toplamaq ağır bir işdir, bunun üçün ayrılan zaman azdır. Ona görə də bütün resurslarımızı işə salıb imzaları toplayıb təhvil vermək niyyətindəyik. Rəsmi namizəd kimi qeydə alındıqdan sonra isə təbliğat-təşviqat işlərinə başlayacağıq. İşlər o qədər çoxdur ki, daha çox hansı təbliğat-təşviqat üsullarından istifadə edəcəyimizi bu gün hələ dəqiq müəyyən etməmişik. Hansı formada uyğun olsa, qanunların yol verdiyi çərçivədə təbliğat-təşviqat aparacağıq. Seçicilərlə görüşlərimiz də olacaq. Sosial şəbəkələrin imkanlarından geniş istifadə edəcəyik. Biz uzun illərdir bir çox seçkilərdə iştirak etmişik və təcrübəmiz var”.

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev də sənədlərini MSK-ya təqdim etdiklərini bildirdi: “Qanuna görə, MSK 5 gün ərzində bizə cavab verməlidir. Namizədliyimiz qeydə alındıqdan sonra təbliğat-təşviqat kampaniyasını televiziya, radio, digər media resursları və sosial şəbəkələr vasitəsilə aparacağıq. Həmçinin seçicilərlə görüşlərimiz olacaq. Yəqin ki, namizədlərə qanunvericiliyin tələbinə uyğun olaraq təbliğat-təşviqat imkanları yaradılacaq. Biz də bu imkanlardan istifadə edəcəyik. Nəzərdə tutmuşuq ki, Bakı, Gəncə, Sumqayıt, Lənkəran və digər şəhərlərimizdə seçicilərlə açıq havada görüşlər keçirək”.  

MSK-nın seçki hazırlıqları isə davam edir. Dekabrın 20-də MSK-da dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib.  

Müşavirədə iştirak edən Azərbaycan Prezidentinin köməkçisi-ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququ olanların sayı 1 milyon 143 min 620 nəfər artıb: “Azərbaycanda 6 milyon 354 min 556 nəfər səsvermə hüququ olan şəxs var. Seçici siyahılarında sayın artması bir sıra daxili və xarici miqrasiya ilə şərtlənib”. 

Z.Nağdəliyev deyib ki, Seçki Məcəlləsinə əsasən, yerli icra orqanları vətəndaşların normal səsverməsi üçün seçki məntəqələrini normal vəziyyətə gətirməlidir: "Artıq seçki məntəqələrinə baxış keçirilməkdədir. Seçkilərdə məntəqələr fasiləsiz elektrik enerjisi ilə təmin edilməlidir. MSK dərhal əlaqəli şəkildə olan problemlərin aradan qaldırılması ilə məşğul olacaq. Seçkiqabağı görüşlərin keçirilməsi üçün bütün namizədlərə bərabər şərait yaradılır. Sərbəst toplaşmaq üçün bütün tələblərə uyğun açıq və qapalı yerlər ayrılacaq. Ayrılmış yerlər mətbuat vasitəsilə geniş ictimaiyyətinə təqdim ediləcək. Seçici siyahılarının dürüst hazırlanması vacib şərtdir. Seçici siyahılarının tam olmaması ilə bağlı beynəlxalq müşahidəçilər iradlarını bildirirdilər. MSK sədri isə hər dəfə vurğulayırdı ki, Azərbaycanda seçki hüququ pozulan bir nümunə belə yoxdur. Seçici siyahılarının dəqiqləşdirilməsi seçki gününədək bütün aidiyyəti strukturlar tərəfindən davam etdiriləcək. Bu iş ciddi nəzarətimizdədir. Müşahidə kameraları bizə bir sıra nöqsanları aradan qaldırmağa kömək edib.

Məntəqə seçki komissiyalarının üzvləri səslər sayılanda otağı tərk etməməlidir. Bu, müşahidə kameralarında görünür. Səsvermə qutuları sahibsiz qoyulmamalıdır. Hər birimizin vəzifəsi odur ki, ölkəmizin nüfuzunu qoruyub saxlayaraq, qarşıdakı prezident seçkilərini heç bir nöqsana yol vermədən keçirək. Bunun üçün üzərimizə düşən vəzifələr hamımıza aydındır. Hamımızı qarşıda məsuliyyətli və gərgin iş rejimi gözləyir. İşimizi elə qurmalıyıq ki, 7 fevral seçkiləri həm ölkəmizdə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilsin".

Hakimiyyət rəsmisi deyib ki, bu gün Azərbaycanın seçki qanunvericiliyi öz demokratikliyinə görə dünyanın ən aparıcı ölkələrinin qanunvericiliyindən geri qalmır. Seçkilərin keçirilməsi istiqamətində hər mərhələdə daha irəli getmişik: “Seçki prosesinin daha şəffaf keçirilməsi, heç bir qanun pozuntularına yol verilməməsi ilə bağlı ciddi tapşırıqlar verilib. Seçkilərin uğurlu nəticələrini mümkün etmiş ən başlıca şərt İlham Əliyevin siyasi iradəsi, bütün dünyada siyasi nüfuzu və xalqla sıx birliyi olub. Cənab Prezidentin möhkəm iradəsi sayəsində ölkəmizin bütün ərazisində suverenliyimiz bərpa edilib. Azad edilmiş ərazilərdə böyük bərpa işləri aparılır. Bütün dünya azad edilmiş ərazilərə Böyük Qayıdış prosesini heyranlıqla izləyir. Artıq o ərazilərə 4395 nəfər köçürülüb. Eyni zamanda 20 mindən çox insan azad edilmiş ərazilərdə abadlıq işlərinə cəlb edilib. Azərbaycan müstəqillik əldə edəndən sonra bu ərazilərdə ilk dəfə seçkilər keçiriləcək”.

Məzahir Pənahov Türkiyədəki seçkilərdən danışdı Yeni Sabah

Məzahir Pənahov 

MSK sədri Məzahir Pənahov isə deyib ki, Azərbaycanda seçkilər beynəlxalq ictimaiyyət üçün açıqdır: "Növbədənkənar prezident seçkisi dövründə MSK-nın  əsas vəzifələrindən biri də məsuliyyəti olan dövlət orqanları ilə birlikdə tədbirin keçirilməsidir. İndiyə qədər keçirilən seçkilərdə bu vəzifənin öhdəsindən gəliblər. MSK tərəfindən prezident seçkisi ilə bağlı lazımi addımlar atılır. Ölkədə prezident seçkisinin keçirilməsi ilə bağlı heç bir problem yoxdur. Təbii ki, seçki şəffaf keçirilməlidir. Şəffaf keçirilməyən seçki dünyada qəbul olunmur. Bizdə yerli müşahidəçi baxımından məhdudiyyət yoxdur. Bütün beynəlxalq ictimaiyyət üçün bizim seçkilər açıqdır.

Seçkilərin müşahidəsi şəffaf keçirilməlidir. Azərbaycanda 15 ildən artıqdır vebkameralarla müşahidə tətbiq olunur. Bunun tətbiqi ölkə başçısının tapşırığı ilə olub. Seçkilər zamanı vebkameralar arası kəsilmədən seçki məntəqəsində baş verən prosesləri göstərir. Bu, dünya praktikasında bir ilkdir və bunu Azərbaycan tətbiq edir. Müəyyən qərəzli qurumlar var ki, yerlərdə hansısa problem olanda bundan siyasi maraqlara xidmət üçün istifadə edirlər. Bəzi beynəlxalq qurumlarda seçkini siyasi maraqlara xidmət edən tədbir kimi qəbul edirlər. Beynəlxalq qurumlardan bizim heç bir narazılığımız yoxdur, biz onlardan hər zaman faktları istəmişik. Seçki Azərbaycan ictimaiyyəti üçün keçirilir. Beynəlxalq qurumlar mənasız səbəbi yüksək səviyyəyə qaldırmağa çalışırlar. Amma dairə seçki komissiyaları buna yol verməməli, arxayınlaşmamalıdır. Heç kimin haqqı yoxdur ki, arxayınlaşsın. Deməsinlər ki, onsuz da beynəlxalq qurumlar öz istədikləri nəticəni verirlər. Biz öz vəzifəmizi düzgün yerinə yetirməliyik ki, beynəlxalq müşahidəçilər bəhanələr üçün çox çətinlik çəksinlər. Dünyanın hər yerində seçkilərdə xoşagəlməz hallar baş verir. Müəyyən qərəzli qurumlar var ki, seçkilərdən sui-istifadə edirlər. Onlara imkan verməməliyik".

Seçki gününədək 18 yaşı tamam olacaq vətəndaşlara lazımi sənədlərin  verilməsi prosesinə başlanıb" - İsmət Əliyev, son xeberler

İsmət Əliyev

Daxili işlər nazirinin müavini İsmət Əliyev isə bildirib ki, dairə və məntəqə seçki komissiyalarının polisin səlahiyyətləri çərçivəsində qaldırdığı məsələlər aktiv şəkildə həllini tapacaq. Həmçinin “exit-poll”a mane olan halların qarşısı dərhal alınacaq: “Səsvermə başa çatdıqdan sonra bülletenlərin sayılması prosesində məntəqələrin mühafizəsi təmin ediləcək. Bütövlükdə DİN-in şəxsi heyəti qarşıya qoyulmuş bütün vəzifələri tam həcmdə yerinə yetirəcək. Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai asayişin təmin edilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir. Seçkilərin keçirilməsinə mane olmaq istəyən qüvvələrin qarşısını almaq üçün zəruri tədbirlər görülür. İnzibati ərazilərdə və səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək. Profilaktik qeydiyyatda olan şəxslər artıq müşahidəyə götürülüb”.

Helikopter qəzası ilə bağlı şahidlər dindirilib" - Elçin Məmmədov -  Unikal.az

Elçin Məmmədov

Baş prokurorun birinci müavini Elçin Məmmədov isə deyib ki, seçki komissiyalarının işinə mane olanlar inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək: “Seçkilər demokratiyanın başlıca göstəricisidir. Seçkilərlə bağlı prokurorluq orqanlarının vəzifələri əsasən, daxil olmuş şikayətlərə baxılması ilə bağlıdır. 2002, 2009, 2016-cı illərdə referendumla bağlı bizə ümumiyyətlə müraciətlər daxil olmayıb. Son prezident seçkiləri ilə əlaqədar da bu kimi şikayət tərkibli müraciətlər prokurorluq orqanlarına daxil olmayıb. Seçki komissiyalarının işinə mane olanlar və müdaxilə edənlər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək. Belə hallarda seçki komissiyaları prokurorluq orqanlarına müraciət edə bilər. Eyni zamanda seçki komissiyalarından şikayətlər məhkəməyə verilə bilər. Məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrində bu işlərə 3 gün müddətində baxılmalıdır. Seçki komissiyalarının işinə müdaxilə etməyə, seçki sənədlərini saxtalaşdırmağa görə cinayət məsuliyyəti nəzərdə tutulub”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR