İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Özbəkistan səfəri - Bakı nə qazanacaq, Daşkənd nə?

İki ölkənin uzlaşan maraqları: tranzit yükdaşımalar, hərbi əməkdaşlıq, iqtisadi əlaqələr və ortaq türk kökəni...

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda rəsmi səfərdədir. İyunun 21-22-də reallaşan səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti əsasında baş tutub. Daşkənddə prezidentlərin əvvəlcə məhdud, daha sonra geniş tərkibdə görüşü keçirilib. Rəsmi məlumata əsasən iki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirəcəklər. Yüksək səviyyəli danışıqların yekunu olaraq sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiyalar, turizm və digər sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm ikitərəfli sənədlər paketi imzalanacaq.

Prezidentin səfərindən 1 gün əvvəl Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Biznes forumunun yekununda iki ölkənin şirkətləri arasında 500 milyon dollardan yuxarı dəyərində olan sazişlər və ticarət müqavilələri imzalanıb. Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbirdə nazirlik və idarələrin, sənaye assosiasiyalarının rəhbərləri və iki ölkənin ən iri şirkətlərinin 100-dən çox nümayəndəsi iştirak edib: “Forumun yekunu olaraq birgə layihələrin həyata keçirilməsinə dair bir sıra sazişlər və ümumi dəyəri 500 milyon dollardan çox olan ticarət müqavilələri, o cümlədən iki ölkənin müvafiq nazirlikləri və idarələri arasında praktiki əməkdaşlığa dair 10 saziş imzalanıb”.

Prezident İlham Əliyev: Biz gördük ki, Özbəkistanda Heydər Əliyevin  xatirəsi necə sevgi ilə, necə hörmətlə yad

Özbəkistanın baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov forumda çıxış edərək iki ölkə hökumətlərinin çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsinə sadiqliyini qeyd ediblər. Tərəflər iki ölkə iqtisadiyyatının əhəmiyyətli istifadə olunmamış potensialını və neft-kimya, elektrik, tekstil, qida, əczaçılıq, zərgərlik və avtomobil sənayesində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması üçün ilkin şərtləri qeyd ediblər.

Nazirliyin məlumatına görə, 2021-ci ildə Özbəkistan-Azərbaycan ticarətinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faizdən çox, bu ilin yanvar-may aylarında isə 2 dəfə artıb: “Nəqliyyat və logistika sektorunda tərəfdaşlıq bundan az təsiredici nəticələr nümayiş etdirmir: bu ilin sonuna qədər Özbəkistan və Azərbaycan arasında yükdaşımaların həcmində artımın 40 faiz olacağı gözlənilir”.

Qeyd edək ki, Özbəkistan Asiyanın sovet respublikaları arasında Azərbaycanla iqtisadi əlaqələri ən çox genişləndirən ölkələrdən biridir. Qazaxıstandan sonra Bakının ən sıx əməkdaşlıq münasibətləri məhz Daşkəndlədir. Azərbaycanın rəsmi statistikasına əsasən 2020-ci ildə ölkələr arasında qarşılıqlı ticarətin həcmi 82, 3 milyon dollar təşkil edib ki, bunun da 59,2 milyon dolları bizim idxalımızın, 23,1 milyon dolları isə ixracımızın payına düşüb. 2021-ci ildə ticarət həcmində ciddi artım baş verib -  111,9 milyon dollar. Bunun 78,4 milyon dolları Azərbaycanın Özbəkistandan idxalı, 33,5 milyon dolları isə bu ölkə ixracıdır. 2022-ci ilin 5 ayında isə ölkələr 64,8 milyon dollarlıq alver ediblər ki, bunun da 45,7 milyonunu Özbəkistan Azərbaycana, 19,1 milyonunu isə Azərbaycan Özbəkistana satıb.

Azərbaycan Özbəkistandan əsasən pambıq, kətan parçalar, paltarlar, örtüklər, paltaryuyan maşınlar, kondisionerlər, meyvə qurusu, çərəzlər idxal edir. Bu ölkəyə satışımızın mühüm hissəsi neft məhsullarıdır.

Son onillikdə Azərbaycandan Özbəkistana investisiya qoyuluşunun həyata keçirilməsi müşahidə olunmaqdadır. 2021-ci ildə Azərbaycandan Özbəkistana 8 milyon 556 min dollar, 2022-ci ilin birinci rübündə 774 min dollar həcmində investisiya yatırılıb. Azərbaycan biznesi Özbəkistanın tekstil sənayesinə ciddi maraq göstərməkdədir. İri holdinqlərimizin bu ölkədə bir sıra müəssisələr yaratdığı da məlumdur. Lakin iki ölkə arasında münasibətləri yalnız ayrı-ayrı biznes subyektlərinin əlaqələri baxımından qiymətləndirmək doğru olmaz. Belə ki, Azərbaycanla Özbəkistanın əməkdaşlığında həm tarixi-milli, həm hərbi, həm də iqtisadi-regional amillər rol oynayır. Hər iki ölkə ortaq türk kökəninə malikdir. Son illərdə Türkiyənin də yaxından iştirakı ilə türk dövlətlərinin bir araya toplanması, fəaliyyətlərin əlaqələndirilməsi, əlaqələrin strateji səviyyəyə çatdırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Özbəkistan iqtisadi sahədə kifayət qədər uğurlar əldə edərək, özünün müstəqil siyasətini yürütməyə çalışır. Ölkə həm Asiya ölkələri, həm də türk dövlətləri müstəvisində fəaliyyət aktivliyi ilə seçilir.

Bu fonda Azərbaycanla Özbəkistan arasında hərbi sahədə də əməkdaşlığın dərinləşməsi müşahidə olunur. Bu yaxınlarda hər iki ölkənin müdafiə nazirlərinin qarşılıqlı səfərləri reallaşıb. Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi böyük qələbə ilə bağlı Özbəkistan prezidentinin ölkəmizə yönəlik dəstək çıxışları təsadüfi deyil. Əfqanıstanda “Taliban” rejiminin hakimiyyətə gəlişi ilə bütün region ölkələri üçün böyük təhdidlər formalaşmaqdadır. Bu baxımdan, Özbəkistanın Azərbaycandakı ordu quruculuğu prosesi ilə maraqlanması təbiidir.

Nəhayət, Azərbaycanla Özbəkistanı həm də böyük iqtisadi maraqlar birləşdirir. Belə ki, Ukraynaya hücum edən Rusiya Asiya ilə Avropa arasında yükdaşımaların tranzit mərkəzi rolundan tamamilə məhrum olub. Avropa ölkələri Asiyadan və Asiyaya yükdaşımaların Rusiyadankənar ərazilərdən daşınması üçün alternativ marşrutları sürətlə inkişaf etdirirlər. Belə marşrutlardan ən perspektivlisi Azərbaycan və Özbəkistanın da daxil olduğu Orta marşrutdur. Artıq yüklərin  Asiya və Sakit okean regionu ölkələri - Çin-Qırğız Respublikası-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə daşınmasına başlanıb.  İyun ayında bu beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsinin iştirakçı ölkələrinin dəmir yolu administrasiyaları bu dəhlizlə yük daşımaları üçün güzəştlərin tətbiqi barədə razılığa gəliblər. Layihə Çindən Avropaya qarışıq yük daşımalarını nəzərdə tutur. Layihə çəvçivəsində yüklərin böyük hissəsinin konteyner qatarlarla daşınması planlaşdırılır". 2022-ci ilin mart ayında Daşkənd şəhərində layihənin iştirakçı ölkələrinin dəmiryolu administrasiyalarının görüşü keçirilib, növbəti görüşün iyunun 29-da Bişkekdə keçirilməsi planlaşdırılır.

Daşkənd görüşündə yüklərin fasiləsiz daşınmasının təşkili, həmçinin iritonnajlı konteynerlərin daşınması üçün nəzərdə tutulmuş fitinq platformalarının vaxtında göndərilməsi və sözügedən beynəlxalq multimodal nəqliyyat dəhlizi üzrə tarif dəhlizi ilə bağlı razılıqlar əldə olunub.

Ekspertlər: "Süveyş qəzası Trans-Xəzər marşrutunu aktuallaşdırır" |  Report.az

Rüfət Bayramov

Məlumat üçün bildirək ki, Rusiya və Ukrayna istiqamətində hərəkətin məhdudlaşdırılması səbəbindən Azərbaycan üzərindən Orta Asiya istiqamətində yükdaşımaların 3 dəfədən çox artacağı gözlənilir. TRASECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramovun verdiyi məlumata görə, Ukraynada limanların blokadada olması alternativ marşrutlar üzrə fəallığı artırır: “Avstriya, Finlandiya kimi Avropa ölkələri bizim marşruta yönəlir. Artıq Finlandiya və Avstriya istiqamətində bir neçə blok qatar yola salınıb. Türkmənistanda da artıq fəallıq hiss edilir. Türkmənistan sərhədi avtomobil daşımaları üçün bağlı idi. İyunun 1-dən onlar İran və Özbəkistan istiqamətində sərhədləri açıb. Hazırda bütün üzv dövlətlər tərəfindən artan yük həcmini emal etmək üçün operativ tədbirlər görülür. Əvvəllər ənənəvi olaraq tacik, qırğız, qazax yükdaşıyıcıları Rusiya ərazisindən istifadə edirdilər. O istiqamətdə hərəkət məhdudlaşdırıldığına görə Azərbaycan üzərindən keçən dəhlizə diqqət yönəlib. Ona görə də Azərbaycan üzərindən yükdaşımalar da artacaq. Çin tərəfi də aktiv şəkildə bizim marşrut üzrə fəallaşıb. Çin, Özbəkistan, Qırğızıstan 540 km-lik dəmir yolunun inşası ilə bağlı investisiyalar ayırmağa başlayıb. Eyni zamanda Qazaxıstan, Azərbaycan, Gürcüstan üzərindən keçən marşrut üzrə də Çin tərəfindən daha çox yükdaşımların olacağı nəzərdə tutulur”.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında TRASECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 milyon 124,6 min ton, yük dövriyyəsi isə 3 milyard 671,9 milyon ton/km olub. Bu isə ötən il eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,02  faiz və 13,85 faiz artım deməkdir.

Tranzit yükdaşımaları öz ərazilərinə cəlb etmək üçün Azərbaycanın Bakı Limanı ilə Özbəkistanın quru limanları, eləcə də logistika şirkətləri arasında ticarət imkanlarının genişləndirilməsi müzakirə edilib. İyunun əvvəlində Özbəkistan hökumətinin yüksək vəzifəli rəsmiləri, biznes qurumlarının nümayəndələri və Özbəkistanın Azərbaycandakı səfirliyinin diplomatları Bakı Limanında olublar.

Bundan əlavə, Prezidentin Daşkəndə səfəri öncəsi Bakıda “Uzbekiston temir yulları” dövlət şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında danışıqlar aparılıb. Özbəkistan mətbuatının yazdığına görə, tərəflər Asiyadan Avropaya və əksinə yükdaşımaların daha az vaxta və uyğun qiymətə baş tutması üçün atılacaq addımları müzakirə ediblər.

Transxəzər dəmiryol dəhlizi çərçivəsində Özbəkistan və Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və digər Asiya və Avropa dövlətləri arasında əsas birləşdirici həlqəni təşkil edir. Özbəkistan artıq Türkmənistanla razılığa gələrək bu ölkənin dəmir yolları vasitəsilə Xəzər dənizi sahilindəki Türkmənbaşı limanına çıxış əldə edib. Bu limandan Xəzər üzərindən Azərbaycana çatdırılan yüklər Bakı-Tiflis-Ərzurum dəmiryol xətti ilə Türkiyəyə, oradan isə Avropa və Yaxın Şərqə çatdırılır.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR