İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin "Biz səbirli, ancaq qətiyyətliyik" mesajının ünvanı

Böyük Qayıdış Proqramının icrası bir nömrəli vəzifə elan edildi; İlham Əliyev: “Bizə qarşı etnik təmizləmə həyata keçirilib”

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda ”Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Prezident İlham Əliyev bildirib ki, bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsi idi ki, artıq keçmiş məcburi köçkünlər buraya evlərinə qayıdıblar. Ağalı ağıllı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar: “Mən şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə qədər bağlıdırlar. Heç vaxt öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq”.

 Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı deyib ki, burada infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi icra olunmaqdadır. “2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident deyib ki, biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik. Çünki onun coğrafi yerləşməsi bunu labüd edir. “Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir, ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm amil olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcək. Gələcəkdə isə əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl diyarlarındandır - meşələri, çayları, gölləri. Misilsiz ekosistemə malik olan Zəngilan bizim ən böyük sərvətlərimizdən biridir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Dövlət başçısı Zəngilanda artıq böyük bir məktəbin inşa edilməkdə olduğunu da qeyd edib. Həmçinin bildirib ki, Zəngilan məscidinin inşası yekunlaşır: “O məscid  ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib. İşğal altında olmuş torpaqlarda 67 məsciddən 65-i məhv edilib, ikisi isə yarı dağılmış vəziyyətdədir. Bu, Azərbaycana qarşı urbisid və kultursidin təzahürüdür”.

Prezident İlham Əliyev vurğulayıb ki, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq.

Prezident Azərbaycanın bu işləri öz vəsaiti hesabına həyata keçirdiyini, heç bir maliyyə yardımı almadığını qeyd edib. Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərdə Özbəkistanın orta məktəb, Qazaxıstanın isə yaradıcılıq mərkəzi inşa etdiyini xatırladıb.

İlham Əliyev sonra bəyan edib ki, Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir. Erməni işğalından əziyyət çəkən insanların çətin şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: “Onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı Qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları buraya (azad edilmiş torpaqlara - red.) qaytaraq. Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar”.

İndiyədək 8 şəhər və 92 kəndin Baş planının artıq təsdiq edildiyini və 30 kəndin təməlinin qoyulduğunu bildirən Prezident deyib ki, qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələri həyata keçiriləcək. Bu, bizim Proqramın tərkib hissəsidir: “Artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq. Bu gün biz şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu, ilk növbədə, onu göstərir ki, Azərbaycan xalqı öz vətəninə nə dərəcədə bağlıdır. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər”.

Prezident İlham Əliyev qeyd edib ki, bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib. Otuz il ərzində bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib: “Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi”.

İlham Əliyev onu da qeyd edib ki, bu gün Horadizdən Zəngilana dəmir yolunun inşası fəal fazadadır və nəqliyyat dəhlizinin bu mühüm hissəsi tezliklə hazır olacaq: “Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət, Avropaya çatacaq. Biz tezliklə bu layihəni istifadəyə verəcəyik. Yəni Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq”.

Azərbaycanın dövlət başçısı Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyimizi də bəyan edib: “Artıq biz onlara bu məsələ, reinteqrasiya ilə bağlı, onların hüquqlarına dair öz baxışımızı təqdim etmişik. Dini, təhsil, mədəni, bələdiyyə hüquqları (Qarabağ ermənilərinin - red.) - bütün bu məsələlər beynəlxalq konvensiyalara uyğun olaraq həll ediləcək. Bunlar Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək”.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi: “İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idilər”.

Dövlətimizin başçısı həm də bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə də mesaj verib: “Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.

Ceyhun Məmmədov: Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf  yolu keçmişdir - "İki sahil"

Ceyhun Məmmədov

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirib ki, Prezident İlham Əliyevin sentybarın 28-də Cəbrayıla və Zəngilana səfər etməsi xüsusi əhəmiyyət daşıdı. Biz növbəti dəfə cənab Prezidentin bir sıra müəssisələrin, yaşayış massivlərinin təməlqoyma mərasimində, həmçinin açılışında iştirak etdiyini qürurla izlədik: “Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş rayonlarımızı yenidən qurur. Rayonlarımız, həmçinin Cəbrayıl rayonu, Zəngilan rayonu müasir, infrastruktru ən yüksək səviyyədə olan rayonlar olacaqlar. Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda Forumda çıxışı zamanı da bəyan edib ki, işğaldan azad edilmiş rayonlarımızda quruculuq və sakinlərin öz yurdlarına böyük qayıdışı-Böyük Qayıdış Proqramının icrası məsələsi bir nömrəli vəzifədir. Bu gün artıq Cəbrayılda, həmçinin Zəngilanda, digər rayonlarımızda yaşayış binaları, inzibati binalar inşa olunur. Quruculuq işləri Cənab Prezidentimizin xüsusi diqqətindədir. Artıq Cəbrayıl və digər işğaldan azad olunmuş rayonlarımız dirçəliş dövrünü yaşayır. Bütün işlər planlaşdırılımış qaydada həyata keçirilir. Məsələnin diqqətçəkən məqamı həm də ondan ibarətdir ki, quruculuq işlərinə cənab Prezident şəxsən nəzarət edir və bu prosesə müstəsna töhfəsini verir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR