Onlayn ictimai-siyasi qəzet
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib. Prezident İlham Əliyev bununla bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib.
Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşəcək.
Həmçinin orqanın rəhbəri müvafiq qurum daxilində bu tələblərə riayət olunmasını təmin etməlidir, həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.
Qanunla qadağan edilən addımlara məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər.
Sözügedən qanuna əlavə edilən yeni maddəyə əsasən isə orqanların rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməlidir.
Eyni zamanda orqan rəhbərləri işçilərin və iş görən, yaxud xidmət göstərən digər şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etmə qaydaları, müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidirlər.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, korrupsiyaya qarşı mübarizə yolunda bütün vasitələrdən istifadə olunmalıdır: “Korrupsiyanın kökünü kəsmək mümkün deyil, lakin düzgün qurulmuş mexanizmlərlə onu minimum həddə endirmək olar. Azərbaycan korrupsiya hallarına bir qayda olaraq büdcə pullarının istifadə edilməsi zamanı yol verilir. Tenderlərin formal keçirilməsi, onları keçirərkən şəffaflığın təmin edilməməsi büdcə pullarını əldə edən dələduzlar və cəmiyyətin antipodları üçün ən yaxşı fürsət hesab olunur. Bu pulları belə əyri yollarla əldə edən oğrular sonradan cəmiyyətdə öz təmtəraqlı həyat tərzləri ilə seçilməyə, hamıya yuxarıdan aşağıya baxmağa başlayırlar. Bu oğrular hakimiyyətlə xalq arasında narazılıq yaradan əsas zümrələrdən biridir. Biz nə qədər ki, belə yaramazlardan "bu bahalı maşını haradan almısan, bu bahalı villanı hansı pullarla tikdirmisən" suallarını verib onlardan hesabat soruşmayacağıq, onlar da öz bildiklərini edəcəklər.
Təbii ki, bütün bunların fonunda “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna müvafiq dəyişikliklərin edilməsi pozitiv bir addım kimi dəyərləndirilməlidir. Bu dəyişikliklər əslində vətəndaşları ölkədə baş verən korrupsiya hallarına qarşı mübarizəyə səsləyir və belə halları aradan qaldırmaq üçün ictimai nəzarətin imkanlarından istifadəyə yol açır. İnsanlarımız başa düşməlidir ki, bu dövlət bizim hər birimizindir, onun kökünə zərbə vuran nə varsa hər birimiz buna qarşı mübarizə aparmalıyıq. Belə olanda dövlət daha güclü olur".
Vüqar İskəndərov
“Ümumiyyətlə, korrupsiya çox ağır bəladır, dünyanın ən inkişaf etmiş ölkələri də bu ağır bəladan tam qurtula bilməyiblər. Demək olmaz ki, hansısa korrupsiyasız ölkə var. Lakin onu da qeyd etməliyik ki, bir sıra ölkələr kimi Azərbaycanda da korrupsiyaya qarşı dövlət səviyyəsində qətiyyətli mübarizə aparılır”. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, korrupsiya bəlası və rüşvətxorluq, hər bir cəmiyyəti sarsıdan məsələlərdən biridir: “Azərbaycanda bunun kökünün kəsilməsi üçün ölkə başçısının siyasi iradəsi var. Eyni zamanda bu da danılmaz bir həqiqətdir ki, istənilən mənfi halla, o cümlədən korrupsiyaya qarşı mübarizədə dövlətlə yanaşı sadə vətəndaşlar da aktivlik göstərməlidir. Qeyd edim ki, bəzən sadə vətəndaşlar, hər hansı qurumun təmsilçiləri öz sahələrində rəhbərlik tərəfindən korrupsiyaya yol verilməsini görsələr də bununla bağlı məlumat verməkdən çəkinə bilərdilər. Lakin artıq bu narahatlıq da aradan qalxır".
V.İskəndərovun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı qanun bu baxımdan mühüm önəm kəsb edir: “Çünki bununla da korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib. Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşəcək. Göründüyü kimi, dövlət bu məsələdə də sadə vətəndaşın yanında olduğunu nümayiş etdirməklə yanaşı korrupsiyaya qarşı mübarizədə qətiyyətli olduğunu bir daha ortaya qoyur".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ