İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev İsrailə səfər edəcəkmi - politoloqun şərhi

İsrail prezidenti İsaak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevi İsrailə dəvət edib.

Hersoqun məktubunda deyilir: “Sizi İsraildə qəbul etmək əsl şərəf olardı. Ümid edirəm ki, belə bir səfər İsraildə səfirliyimizin açılması üçün də bir fürsət ola bilər”. Azərbaycanın İsraillə yaxın münasibətləri, dost əlaqələri olmasına rəğmən bu ölkə ilə hər zaman bəlli bir məsafədən davranıb. İki ölkə arasında dərinə işləyən münasibətlər görüntüdə çox da qabardılmır. Uzun illər İsraildə Azərbaycan səfirliyinin fəaliyyət göstərməməsi də hər zaman müzakirə edilib. Bəs Hersoqun bu təklifinə Azərbaycan tərəfin mövqeyi necə olacaq? Prezident İlham Əliyevin İsrailə səfərinin gerçəkləşməsi gözləniləndirmi?

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a öncə bildirdi ki, İsrail prezidentinin məktubundakı fikirlər bu ölkənin Azərbaycana necə ciddi önəm verdiyinin göstəricisidir. Azərbaycanla İsrail münasibətləri çox yüksək səviyyədədir: “Baxmayaraq ki, Azərbaycanın İsraildə hələ səfirliyi yoxdur, iki ölkə arasında əlaqələr, münasibətlər kifayət qədər dərindir, bir çox mühüm istiqamətləri əhatə edir. Azərbaycan-İsrail əlaqələri, əməkdaşlığının üçüncü ölkələrə qarşı olmadığı dəfələrlə bəyan edilib. Qonşu İran dövləti İsrail-Azərbaycan münasibətlərinə adətən çox qısqanclıqla yanaşır. Bu gün Azərbaycanın İranla da yaxşı münasibətləri, ciddi əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq da üçüncü ölkəyə qarşı deyil. Son zamanlar isə İranla Azərbaycan arasında bir sıra çox ciddi müqavilələr imzalanıb, razılaşmalar əldə olunub. Torpaqlarımız işğaldan azad edildikdən sonra İranla çox böyük ərazini əhatə edən sərhədimiz bərpa olunub, ərazidə mühüm işlər həyata keçirilir. Eləcə də İsraillə Azərbaycanın əməkdaşlıq münasibətləri 44 günlük müharibədən sonra yaranmış yeni reallıqlara uyğun olaraq yeni daha yüksək müstəviyə çıxıb. İsrail-Azərbaycan münasibətlərinin hansı səviyyədə olması əslində çox da qabardılmır. Əslində bu münasibətlərin çox ciddi olduğunu biz 44 günlük Vətən müharibəsində də gördük. İsrailin istər siyasi mövqeyi, istərsə də vacib faktor olaraq özünün ən müasir silahlarını Azərbaycana satması bizim üçün çox əhəmiyyətli idi. Elə silahlar var ki, İsrail onu heç də hər ölkəyə satmır. İsrailin elə silahları var ki, onları ancaq və ancaq Azərbaycana ixrac edir. Azərbaycan bu mənada İsrail üçün xüsusi münasibətləri olan ölkədir. Azərbaycan-İsrail iqtisadi əlaqələri də kifayət qədər genişdir. Azərbaycan neftinin alıcılarından biri İsraildir. İsraildə çox müasir kənd təsərrüfatı texnologiyası mövcuddur. Azərbaycan həmin texnologiyalardan da bəhrələnmək istəyir. Yəni bir sözlə, iki dost ölkə arasında demək olar bütün sahələr üzrə münasibətlər genişlənir. Prezident İsaak Hersoqun Prezident İlham Əliyevi ölkəsinə dəvət etməsi üçün çoxlu sayda əsaslar mövcuddur. İsrail prezidenti və xalqı onu da yaxşı bilir ki, Azərbaycan dünyada müsəlman ölkələri sırasında yəhudilərə ən tolerant dövlətdir. Azərbaycan yəhudilərin kompakt yaşadığı müsəlman dövlətidir”.

Murad Sadəddinov: “Türkiyə artıq istənilən vaxt Azərbaycanın hərbi  müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”

Murad Sadəddinov: “İsrail Prezidentinin məktubundakı fikirlər bu ölkənin Azərbaycana necə ciddi önəm verdiyinin göstəricisidir”

Politoloq qeyd etdi ki, Prezident İlham Əliyevin İsrailə yaxın zamanlarda səfərinin olub-olmayacağı barədə dəqiq bir fikir söyləmək çətindir: “Mənim proqnozlarıma görə, bir sıra geosiyasi, regional proseslər nəzərə alınaraq Prezidentin İsrailə səfəri yaxın dövr üçün reallaşmaya bilər. İndiyə qədər yürüdülən strategiya davam etdiriləcək. Bu strategiya yuxarıda qeyd etdiyimiz kimi, onsuz da Azərbaycan-İsrail münasibətlərini, əməkdaşlığını irəli aparır. Eyni zamanda əgər İsrail prezidenti məktubunda azərbaycanlı həmkarını dəvət edirsə, demək, bu məsələ barədə müəyyən irəliləyişlər var”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR