İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyev Rəsulzadənin yarımçıq qalmış ideyasını gerçəkləşdirir: “Qafqaz Evi...”

 

Politoloq: “Bu ideyanın son 30 ildə gerçəkləşməsinə əsas əngəl Ermənistandır”

“Biz işğalın və etnik təmizləmənin qurbanı olduq. Bu, xalqımız üçün böyük faciə və böyük humanitar fəlakət idi. Biz uzun illərdir çalışırıq ki, münaqişə sülh yolu ilə həll edilsin, işğala sülh yolu ilə son qoyulsun. 28 il ərzində biz danışıqlar prosesinə güclü sadiqliyimizi nümayiş etdirdik, lakin üç il əvvəl biz BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdik... ərazilərimizi işğaldan azad etdik, işğala son qoyduq. Keçən ay biz bütün ölkə ərazisində suverenliyimizi tam bərpa etdik”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev münaqişəyə son qoymalı olan beynəlxalq təşkilatların bu istiqamətdə heç bir nəticə əldə etmədiyini təəssüflə vurğulayıb: “BMT-nin dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin ərazimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin bu qətnamələr 27 il kağız üzərində qaldı. Şəhidlərimizin canı bahasına bu qətnamələrin icrasını təmin etdik”.

“Ərazi bütövlüyümüzün bərpası təcrübəsi çox unikal və təkrarolunmaz hadisədir. Biz münaqişəyə son qoyduq. Bu münaqişənin həlli nəticəsində biz öz ləyaqətimizi qoruyub saxladıq, beynəlxalq hüququ bərpa etdik... Bu gün biz Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu bizim fikrimizdir. Əməkdaşlıq, qarşılıqlı faydalı layihələr, qarşılıqlı fayda - biz bütün bunları bu gün nümayiş etdiririk”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyevin ötən həftə Zəngilanda keçirilən Milli Şəhərsalma Forumundakı  çıxışında da  əsas tezisi “Biz Qafqazda sülh və sabitlik istəyirik” olub. Dövlət başçısı hələ Vətən müharibəsinin davam etdiyi günlərdə xarici mediaya verdiyi müsahibələrdə regionun enerji təhlükəsizliyi, iqtisadi inkişaf xəritəsini yeniləyir, xüsusilə Ermənistanı “getmiş olsa da, qatara minməyə” çağırırdı.

Azərbaycanın dövlət başçısının bu cür çıxışları əlbəttə ki, təhlilçilərin də diqqətində idi. Təsadüfi deyil ki, müharibənin ən qızğın vaxtında erməni əsilli rejissor Karen Şahnazarov “Vladimir Solovyovla axşam” verilişində çox dəqiq qiymətləndirmə etdi. Şahnazarov dedi ki, İlham Əliyev bütün postsovet məkanında son 30 ildə Qafqazın ən uğurlu və təsirli siyasətçisinə çevrilib. Sitat: “O, görkəmli, ağıllı  siyasətçidir və bu, qeyd-şərtsizdir. Cənubi Qafqazın regional birliyə ehtiyacı var. Bu gün bu regional birliyin lideri kim ola bilər? Əlbəttə ki, cənab İlham Əliyev! Müharibədə qələbə çalan, neftə, pula və hər şeyə sahib olan Azərbaycanı ilə birlikdə!”

Regionda ən müxtəlif formatlarda əməkdaşlıqdan söhbət getsə də, indilikdə Qafqazda təməlli sülhün yaradılması istiqamətində İlham Əliyevdən fəal lider yoxdur. Əslində bu, Məhəmməd Əmin Rəsulzədənin “Qafqaz Evi” ideyasının gerçəkləşməsi çağırışıdır. Bu zamanadək Qafqazda sülhün yaranmamasına səbəb şübhəsiz ki, Ermənistan olub. Ermənistan “artsax”ın ləğvi ilə ikinci dəfə kapitulyasiyaya məcbur oldu. Bu baxımdan, ona uzadılan  əməkdaşlıq təklifini yenə geri itələmək bu dəfə Ermənistan dövlətinin sonu ola bilər.

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm) - YouTube

Oktay Qasımov 

Bu barədə politoloq Oktay Qasımov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan “Qafqaz Evi” ideyasına hər zaman müsbət yanaşıb. Dövlət müstəqilliyimizin bərpasının ilk illərindən başlayaraq bu ideya müxtəlif səviyyələrdə səslənib və bununla bağlı müzakirələr aparılıb. Azərbaycan son üç ildə 44 günlük savaş bitəndən sonra bölgədə sülh, əmin-amanlıq mühitinin formalaşması üçün addımlar atır, bununla bağlı konkret təkliflərlə çıxış edir: “Azərbaycan həm Ermənistana 5 baza prinsipi əsasında sülh müqaviləsini bağlamaqla təkliflər təqdim edib, eyni zamanda Azərbaycan və Türkiyə bölgədə regional əməkdaşlıq formatı olan 3+3 formatını təklif ediblər ki, bu formatlar da bölgə üçün əhəmiyyəti olan formatlardır. Bundan başqa, keçən ilin sonlarında Azərbaycan Prezidentinin Gürcüstana səfəri zamanı 3 Cənubi Qafqaz dövləti arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və Cənubi  Qafqazın sabitlik bölgəsinə çevrilməsi ilə bağlı konkret müzakirələr aparıldı və Azərbaycan Prezidenti tərəfindən bu üç dövlətin əməkdaşlıq formatı ilə bağlı konkret təkliflər səsləndi. Bu da çox önəmli bir mesajlar idi. Təəssüf ki, Ermənistan bu mesajların heç birini doğru oxuya bilmədi. Həm son illər, eyni zamanda müstəqilik dövründən indiyə qədər Ermənistan, ümumiyyətlə, ona təklif olunan regional əməkdaşlıq formatlarından, o cümlədən ikitərəfli əməkdaşlıqdan boyun qaçırdığı üçün regionda gerçəkləşdirilən qlobal layihələrdən kənarda qaldı. Bu da Ermənistan üçün həm ciddi mənada böyük iqtisadi itkilər və bunun da paralelində müstəqilliyi və dövlət kimi mövcudluğu ilə bağlı müəyyən suallar yaratdı”.

Politoloq qeyd etdi ki, son dövrlər, xüsusilə son lokal antiterror tədbirlərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev həm Zəngilanda, həm də Bakıda keçirilən beynəlxalq tədbirlərdə bir daha Azərbaycanın Güney Qafqazda sülh, birlik istədiyi mövqeyini bəyan etdi: "Azərbaycan bununla Ermənistana bir daha sülh üçün əlini uzatdı. Bu təkliflər eynən 100 il əvvəl səsləndirilən, Məhəmməd Əmin Rəsulzadə və digər önəmli şəxsiyyətlər tərəfindən irəli sürülən “Qafqaz Evi” ideyasının bir başqa formada gündəmə daşınmasıdır. Bugünkü reallıqları əsas götürərək qeyd etdiyimiz kimi, Azərbaycan Prezidentinin Gürcüstana səfəri zamanı verdiyi mesajlar məhz "Qafqaz Evi"nin yaradılması formulası idi. Təbii ki, Ermənistan bunu qəbul edərsə və bölgədə sülh, əmin-amanlıq mövcud olarsa, Ermənistan qonşularına ərazi iddialından əl çəkərək konstruktiv davranmağa başlayarsa, “Qafqaz Evi” ideyası gerçəkləşə bilər. Necə ki, Baltikyanı ölkələr hələ sovetlər dönəmindən bir-birinə olduqca yaxın münasibətlərdə və əməkdaşlıq mühitində yaşadılar, bundan indi də hər bir ölkə faydalanır, eyni proses Güney Qafqaz da gedə bilər. Bu ideyanın son 30 ildə gerçəkləşməsinə əsas əngəl olan dövlət Ermənistandır. Bundan sonrakı dönəmdə Ermənistanın davranışları çox şeyə aydınlıq gətirəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR