İnsanlara hürriyət, millətlərə istiqlal!

Populist Rütte öz silahı ilə “vuruldu” – O, holland firavanlığını mühacirlərlə bölüşmək istəmirdi

5 il öncə internet resurslarında, xarici telekanallarda belə bir video tirajlanırdı: Hollandiyanın baş naziri Mark Rütte hansısa bir lüks apartamentə daxil olarkən turniketdən keçəndə əlindəki qəhvəni yerə dağıdır, sonra yaxınlıqdakı 4 qadın təmizlikçilərin birindən döşəməsiləni alaraq qəhvəyə bulaşmış döşəməni özü təmizləyir.

                        Kameralara oynayan

Bu kadrların ekspromt alındığı şübhəli olsa da, bu, həm Hollandiyada, həm də bütün dünyada günün hadisəsi olmuşdu, milyonlarla dəfə tirajlanmışdı. Olayın özü həm hadisənin şahidi olan insanların, həm də xadimələrin çox xoşuna gəlmişdi. Sonradan məlum oldu ki, bu hərəkət holland seçicilərin də xoşuna gəlib.

Həmin hadisəni İren Oostvin adlı jurnalist çəkib. Müxbir bu baradə danışarkən Rüttenin populistliyinə işarə edərək deyib: "Rütte kameranın nə vaxt açıq olub-olmadığını çox yaxşı bilir”.

Bəli, o belə təsadüfən alınan və ya piar menecerlərinin təşkil etdiyi epizodlara görə xalqının sevimlisi idi. Ona görə də onun rəhbərlik etdiyi partiya ard-arda 4 dəfə seçki birincisi olmuş, parlamentdə üstünlük qazanmış və koalisyon əsasda olsa da, hökumət kabineti formalaşdırmaq səlahiyyəti almışdı.

Budur, bu uğurlu siyasi xadim ötən həftə mühacirlərlə bağlı yaranan siyasi böhrana görə istefa verib, dünən isə noyabrda keçirilməsi planlaşdırılan seçkilərə qatılmayacağını deyib.

                   Mühacirləri xor görən demokrat

Mark-Rutte-smiling-EUCO.jpg (67 KB)

Rüttenin siyasi karyerasını bitirən problem isə başqa ölkələrdə ümumiyyətlə problem deyil. Artıq bir çox Avropa ölkələrində dünyanın hərbi münaqişələr olan yerlərindən, diktatura rejimlərinin istibdadından qurtularaq “qoca qitə”yə axışan mühacirlərə münasibət pisləşib və onlara qarşı qəbul edilən qanunlara görə heç bir dövlət digərini “insan haqlarına biganə olmaq”da qınamır.

Rüttenin başçılıq etdiyi hökumət koalisiyası isə öz aralarında anlaşa bilmədi.

          Rütte bu mərtəbəyə necə gəlib çıxmışdı?

106471563-1585822329261gettyimages-1208077970.jpeg (37 KB)

Mark Rütte 14 fevral 1967-ci ildə Haaqada anadan olub, Böyük bir ailənin yeddinci övladı olan Mark uşaqlıqda pianoçu olmaq istəyib. O, Leyden universitetini tarix fakültəsini bitirib. Eyni zamanda Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının gənclər təşkilatında da iştirak edib. Məzun olduqdan sonra bir müddət Unileverdəki işi ilə partiyadakı fəaliyətini birləşdirib. Rütte 2002-2004-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi üzrə dövlət katibi, 2004-2006-cı illərdə Təhsil, Mədəniyyət və Elm üzrə dövlət katibi olub. 2006-cı ilin martında üzvü olduğu partiyanın sədri Yoazis van Aartsenin istefa verməsindən sonra partiya liderliyi uğrunda seçkilərdə iştirak edib. 31 may 2006-cı ildə o, əsas rəqibi Rita Verdonk da daxil olmaqla bütün rəqiblərinə qalib gələrək partiyanın yeni lider seçilib. 2007-ci ildə isə o, əsas rəqibi Rita Verdonku partiyadan xaric etdirib. İyun ayında Rütte parlamentə seçilib və partiyanın parlamentdəki fraksiyasına rəhbərlik edib.

Gənc siyasətçinin şansı 2010-cu ildə keçirilən parlament seçkilərində yavər gedib. Onun partiyası seçkidə 1 milyon 926 min 551 (20,5%) səs toplayıb və 31 yer qazanıb. Bu, həmin partiyanın əvvəlki seçkidə qazandığından 9 mandat çox idi. Seçki kampaniyası zamanı o, iqtisadi böhranın nəticələri ilə mübarizə aparmaq üçün seçicilərə vəd edirdi ki, hakimiyyətə gələrsə, dövlət xərclərini əhəmiyyətli dərəcədə azaldacaq, mühacirlərə verilən müavinətləri ixtisar edəcək.

                     İrqçi Gört Vilderslə müttəfiqlik

rutte-and-wilders_0.jpg (32 KB)

14 oktyabr 2010-cu ildə Mark Rütte Niderland kraliçası Beatriks tərəfindən Hollandiyanın yeni baş naziri təyin edilib. Parlamentdə 31 mandat qazanmış Rüttenin partiyası ilə Xristian Demokratik Partiyası (21 yer) ilə azlıq hökumətinin yaratmaq barədə razılığa gəliblər. Gört Vildersin (o, qatı islamofobdur) “Azadlıq” partiyası da onlara dəstək verib.

2012-ci il aprelin 23-də Rütte hökuməti büdcə məsələləri üzrə koalisiya daxilində kəskin fikir ayrılıqları olması səbəbindən yeni hökumətin formalaşmasına qədər istefa verib. Həmin ilin sentyabrında keçirilən növbədənkənar parlament seçkilərində Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası bu dəfə 150 yerdən 41-ni qazanıb və Fəhlə Partiyası ilə birlikdə koalisiya hökuməti yaradıb. Hökumətin başçısı yenə də Rütte olub.

2017-ci ilin martında keçirilən parlament seçkilərinin nəticələrinə görə Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyas yenə seçki birincisi olub, xrstian-demokratlarla, eləcə də “ Demokratlar 66” partiyası ilə yeni koalisiya hökuməti yaradıb.

                           Atdan düşüb atlanan

Rütte və onun bütün kabineti 15 yanvar 2021-ci ildə uşaq baxıcılığı sistemində müavinətlərin ödənilməsi zamanı sui-istifadə halları ilə bağlı iddialara görə yaranmış qalmaqala cavab olaraq istefa verib.

TELEMMGLPICT000342012343_16889851234450_trans_NvBQzQNjv4BqjvE9Rr87xStm87qEynN5NP4Xpit_DMGvdp2n7FDd82k.jpeg (494 KB)

Hökumətin istefasından 8 gün sonra Hollandiyada COVID-19 koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər, xüsusilə də komendant saatının tətbiq olunması kütləvi etiraz aksiyaları doğurub, iğtişaşlar baş verib. Polis bu ekstremal olayları son 40 ilin ən böyük iğtişaşları adlandırıb, ilk üç gün ərzində 10 şəhərdə 180 nəfər həbs olunub.

Bununla belə, 2021-ci ilin martında keçirilən parlament seçkilərində Rütte və onun koalisiya ortaqları yenidən parlamentdəki yerlərin əksəriyyətini qazanıblar və Rütte dördüncü dəfə baş nazir olmaq hüququ qazanıb.

Son qalmaqaldan sonra isə o, artıq yenidən namizəd olmayacağını açıqlayıb.

Rütte Rusiya-Ukrayna məsələsində prinsipial olaraq Ukraynanı dəstəkləyir və prezident Putinə, eləcə də Rusiya hökumətinin üzvlərinə qarşı şəxsi sanksiyaların tətbiqinə çağırıırdı.

        Mühacirlərə qarşı şüarları yerdən kim qaldıracaq?

Ancaq hələ siyasi karyerasının əvvəlində mühacirlərə qarşı sərt mövqeyi ilə tanınan siyasətçi axırda elə mühacirlərə qarşı sərt siyasətinin güdazına getdi. Vaxtilə ona çox səs qazandıran populist mövqeyi bu dəfə başqa partiyalar tərəfindən məqbul sayılmadı. Söz yox ki, növbəti seçkilərdə mühacirlərə qarşı şüarları göydə qapan G.Vilders kimilərdən biri hökumət koalisiyasına girməyi bacaracaq.

vildersg.jpg (53 KB)

Əslində Rütte populistlik edərkən təkcə öz karyerasını yox, eləcə də öz ölkəsinin təhlükəsizliyini, rifahını, gələcəyini düşünürdü, müasir Hollandiyanın bu səviyyəyə gəlib çıxmasında heç bir rolu olmayan insanların gəlib holland firavanlığına ortaq olmasına təhəmmül etmirdi. Ancaq onun koalisiya ortaqları bəşəri dəyərlərin, binəsib insanlara qucaq açmağın daha önəmli olduğunu bildirirlər.

Ayrıca Rüttenin Türkiyəyə, eləcə də 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad edən Azərbaycana qarşı münasibəti də xoşagələn deyildi. Rüttenin başçılıq etdiyi hökumət hər fürsətdə ölkəmizə qarşı cəbhə alırdı.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR