Onlayn ictimai-siyasi qəzet
“Məhkəmənin bu qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilib. Belə ki, mən bu iddia ilə əlaqədar keçirilən ilkin məhkəmə iclasında iştirak edərkən həmin bu iddianı qəbul etmədiyimi və iddiaçıya olan bütün borcumu ödədiyimi bildirmişdim. Lakin xəstəliyimlə əlaqədar üzrlü səbəblərə görə sonrakı məhkəmə iclaslarında iştirak edə bilmədiyim üçün lazımi sübutları məhkəməyə təqdim edə bilməmişəm. Məhkəmə tərəfindən də mənim məhkəmə prosesində iştirakım üçün lazımi şərait yaradılmayıb. Bunun nəticəsində də mən əsassız olaraq maddi məsuliyyətə cəlb edilmişəm. Ona görə də hesab edirəm ki, işin halları yenidən araşdırılmalı və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir”.
Bu sözləri Musavat.com-a Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polis polkovniki Rasim İldırım bildirib.
O deyib ki, hazırda mülki hüquq pozuntuları ilə əlaqədar Bəhruz Əfruz oğlu Məmmədovun əsassız şikayətinin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Şikayətin araşdırılması hakim Akif İsgəndərovun icraatına verilib.
Rasim İldırım bildirib ki, adıçəkilən şəxslə bağlı məhkəməyə o özü müraciət edib: “Mən qərardan bir qədər gec xəbər tutdum. Məlum oldu ki, qərar artıq icraya yönəlib. Buna görə də mən apellyasiya şikayəti verdim”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ