Onlayn ictimai-siyasi qəzet
Kəmalə Ağazadə: “Qanun çərçivəsində hansı addımlar atılmalıdırsa, hüquq mühafizə orqanları onu yerinə yetirir, amma... “
Avqustun 16-da günorta saatlarında Salyan rayonunun Arbatan kəndində 25 yaşlı Günel Qurbanova əri tərəfindən qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regiona qrupundan verilən məlumata görə qadının əri Qaraş İbrahimov könüllü polisə gələrək, təslim olub.
Qeyd edək ki, Günel Qurbanovanın sosial şəbəkələrdə qətlə yetilməzdən bir neçə saat öncə çəkdiyi video yayılıb. Qadının sözlərinə əri tərəfindən daim zorakılığa məruz qaldığı üçün intihara əl atıb, “iksus” içib.
“Ərim məni daim söyür, təhqir edir, evə, ailə baxmır, uşaqlarım ac qalır. Dəfələrlə dedim ki, belə etmə, gəl hər kəs kimi bizim də gözəl ailəmiz olsun, hər şey yaxşı olacaq. Amma başa düşmürdü. Ayrılmaq istədiyimi deyirdim, ayrılmırdı, buna görə mənə hədə-qorxu gəlirdi. Mən də “iksus” içib, canıma qəsd etdim. Bir azdan polis idarəsinə gedəcəm. Mənə hədə-qorxu gəlirlər ki, “əgər ərizəni, şikayətini geri götürməsən, boyuna şər atıb, uşaqları səndən alacağıq”.
Qeyd edək ki, sosial şəbəkələrdə əksəriyyət bu məsələdə qadına sahib çıxmadıqlarına görə valideynlərini, bəziləri isə qadının təhlükəsizliyini təmin etmədiyinə görə hüquq mühafizə orqanlarını qınayıb.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə mövzu ilə bağlı Musavat.com-a danışıb:
“Kənardan qınamaq çox asandır. Qanun var və bu qanun çərçivəsində hansı addımlar atılmalıdırsa, hüquq mühafizə orqanları onu yerinə yetirir. Məlum məsələdir ki, hüquq mühafizə orqanları qadının sosial, psixoloji durumunu qiymətləndirəcək bir qurum deyil. Düşünürəm ki, bunun üçün böhran mərkəzləri yaradılmaldır. Yəni, qadının polisə getməzdən əvvəl üz tuta biləcəyi, dərdini deyə biləcəyi mərkəz, yer olmalıdır.
Sonuncu hadisədən də görürük ki, zorakılığa məruz qalan qqadın özünə qəsd edir, geri dönüş olur, sağalır, amma qadının valideynləri onu yenidən evinə geri qaytarır, qadın yenidən evdə zorakılıq görür və bildirilir ki, “nə olursa olsun, üstünə şər atıb, uşaqlarını əlindən alacaqlar”.
Ümumiyyətlə, cəmiyyətimizdə nə qədər ki, müəyyən stereotiplər aradan qalxmayıb, bu cür qətlləri hələ çox görəcəyik. Cəmiyyətdə polisə gedən qadını ədəbsiz, tərbiyəsiz ailəni sevməyən qadın kimi təqdim edirlər. Bəs bu qadın hara getsin, kimə müraciət etsin?
Qeyd etdiyim kimi qadına qarşı şiddətin aradan qaldırılmasından öncə qadına hüquqlarını izah edəcək, onu müdafiə edəcək, erkən evliliyin qarşısını alacaq böhran mərkəzləri olmalıdır. Bu mərkəzlərin də yaranmasına qədər isə hesab edirəm ki, bütün sosial həssas ailələr qeydiyyata alınmalıdır. Qeydiyyatı bələdiyyələr də apara bilər. Həmin ailələrin sosial portreti yaradılsa bir çox cinayətlərin qarşısını almış olarıq”.
Xalidə Gəray
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ