Onlayn ictimai-siyasi qəzet
Göyçay rayonu, Kürd Şaban kəndində yerləşən “Murad” istirahət mərkəzində xuliqanlıq edən şəxs hakim qarşısına çıxarılıb. Hadisənin baş verməsinə səbəb sifariş edilən böyrək kababının bəyənilməməsi olub.
Musavat.com xəbər verir ki, 38 yaşlı Nuran tanışları ilə birlikdə istirahət mərkəzində yemək yeməyə gəliblər. Onlar sonuncu sifariş olaraq böyrək kababı istəyiblər. Lakin gətirilən sifariş Nuranın xoşuna gəlməyib. Buna görə də əvvəlcə kababçı, sonra da ofisiantla mübahisə edib. Mübahisə zamanı ofisiantı yumruqla vurub.
Nuran ifadəsində bildirib ki, sifarişi bəyənmədiyi üçün sadəcə kababçıya iradını bildirib: “1 şiş böyrək kababı sifariş verdik. Kabab gətiriləndə şişdə 3 ədəd piy içərisində böyrək, 2 ədəd də ciyər qoyulduğunu gördüm. Mətbəxə gedib kababçıya iradımı bildirdim. Başqa heç bir söhbət olmadı. Qayıdanda ofisianta da dedim. Ofisiant Tacəddin dedi ki, yesən də, yeməsən də budur. Bundan sonra mübahisə başladı”.
Zərərçəkmiş kimi tanınan ofisiant Tacəddin bildirib ki, Nuran mübahisə yaradan zaman onu sakitləşdirməyə çalışıb. Lakin Nuranın yanına tanışları gələndən sonra o daha da qəzəblənib:
“Aranı sakitləşdirmək istəyəndə ağzımın üstündən yumruq vurdu. Həmin vaxt sərxoş idilər. Onu bağışlamışam”.
Məhkəmədə hadisənin kamera görüntüləri də izlənilib.
Nuran xuliqanlıq əməlini törətməkdə təqsirli bilinərək 2500 manat məbləğində cərimə olunub.
İ.Muradov
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ