İnsanlara hürriyət, millətlərə istiqlal!

Plastik düyülər

“Ac qurd sürünün ortasına girər”

(Azərbaycan ata sözü)

Deyir keçən aya nisbətən taksi xidmətləri bahalaşmışdır. Buna görə hökumətə, Milli Məclisə, rəhbərliyə dərin təşəkkürümüzü bildiririk. Çox çətinliklər çəkdilər. Əzablı yollarla getdilər. Lakin ölkədə axırıncı ucuz şeyin də qiymətini qaldırmağı bacardılar.

Hərçənd qiymətlər qalxandan hələ taksiyə minmədiyim üçün bunun nə dərəcədə həqiqət olub-olmadığını yazmaqda acizəm. Bəlkə heç qalxmayıbdır, xalqı aldadırlar. Bir növ bahalaşmaya informasiya hazırlığı görürlər. İnformasiya savaşı çağdaş dünyamızda savaş taktikləri içində önəmli yer tutur. Öncə bütün taksi sürücülərini narkoman elan edirsən. Daha sonra onlar camaatın anasına-bacısına əxlaqsız təkliflər irəli sürür. Üçüncü mərhələdə taksilərdən çoxlu zibil çıxır. Dördüncü etapda taksi şirkətlərindən bir çoxunun xaricdə erməni havadarları olduğu bəyan edilir. Ondan sonra, necə deyərlər, qoy taksinin arxa bamperinə, getsin...

Aktual milli problemlərimizdən biri də düyülərin plastikdən qayrılmasıdır. Yəqin diqqətli zəhmətkeşlərimiz son illərdə dəfələrlə bu problemin müzakirəsi ilə qarşılaşıbdır. Doğrudanmı düyülər plastikdən düzəldilir - bunu heç kim bilmir. Ancaq ehtimal etmək olar ki, əgər düyülər plastikdən düzəldilsə, hər bir zəhmətkeşimiz potensial propilen boru istehsalçısına dönərdi. O saqqallı anekdotu parafraz eləsək, buradan düyünü ye, oradan boru çıxsın. Nəticədə iqtisadi potensialımız artardı. Boruları yığıb-yığışdırmaq olmazdı. Xaricə boru satardıq.

Görünür, kimsə düyülərin qiymətini qaldırmaq istəyir. 5-6 manat düyü üçün ucuz qiymətdir. Bu, toylarda israfçılığa səbəb olur, deputatlarımızın haqlı olaraq qeyd etdiyi kimi, sonucda inflyasiya törədir. Mən dəfələrlə fikir vermişəm, toyda adətən məclisin axırında süfrəyə aş gəlir, hamı yeyib-doyub (“bunlar yeyib doyub” məsəli belə yaranıb), düyüyə əl vuran olmur, qalır masalarda. Ağ bulud topası kimi. Halbuki yaponlar düyünü çox yedikləri üçün ağıllı olurlar. Bəlkə biz düyünü toyun əvvəlində, bəy-gəlin salona daxil olanda, tort qaşıqlayanda versək (ola bilsin xronikada nəsə qarışıqlığa yol verdim), israfçılıq yaranmaz, inflyasiya tempi sürətlənməz.

Sözgəlişi, bu yaxında məzun törənində iki gənc evləndilər, Allah onları xoşbəxt eləsin. Biz gələcəkdə tələbələrin məzun törənini toplu toy mərasimlərinə çevirməyi bacarsaq, iqtisadiyyatımız sürətlənərdi. 1-ci sinifə qəbulu da toplu sünnət törəni etməliyik. Onsuz elm-zad boş şeydir, süni intellekt, robotlar hər işin zibilini çıxardır, bizə qalan elə evlənmək olacaq.

Elmdən söz düşmüşkən, Baş Prokurorluğun Ali Attestasiya Komissiyasında iqtisadiyyat üzrə elmi adlara baxan Şəfa müəllimə cinayət işi açması hesab edirəm iqtisadi böhranı dərinləşdirər. Hətta ola bilsin quzu ətinin kilosu iyulun axırında 30 manata qalxsın. Deyir Şəfa müəllim elmi adları pulla satırmış. Özü də YAP-ın üzvüdür. Görünməmiş hadisədir. İlon Mask Marsda antrikot yesə inanaram, lakin bir YAP-çının rüşvət alıb qanunsuz işlər törətməyinə inanmaram.

İnsaf yaxşı şeydir, bəyəm bizdə təkcə iqtisadiyyat üzrə elmi adlar saxtadır? Hansı elmi palazımızı qaldırsan, altından bir sürü saxta “cücü”, büdcə soran “gənə” çıxacaqdır. Elmlər doktorları, fəlsəfə üzrə namizədlər... Hələ bir elmi ad var, ona həmişə gülməyim gəlir: fəlsəfə üzrə fəlsəfə doktoru. Bu nə deməkdir, heç kim bilmir. Ancaq həmin adam fəlsəfə üzrə fəlsəfə doktorumuz deputatdır. Asudə vaxtlarında idarəyə gedib düymə basır.

Yay qurtarsın, inşallah, “Plastik düyülərin elmlər doktorlarının araşdırmasına təsiri və taksilərin gediş haqlarının qalxmasının geopolitik amilləri” mövzusunda dissertasiya yazmaq fikrindəyəm.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR