Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkianla ölkənin ali dini lideri Əli Xameneyi arasında ABŞ-la münasibətlərin qurulması ilə bağlı açıq fikir ayrılığı var.
Musavat.com xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran parlamentində çıxış edən Pezeşkian Vaşinqtonla mümkün təmasların nəzərdən keçirilməsindən danışıb.
“Danışıqların aparılmasının daha yaxşı olacağını düşündüm, lakin İran lideri (Xameneyi) ABŞ ilə danışıqlar aparmayacağımızı söylədi. Lakin biz problemlərin həlli üçün müvafiq yollar tapmalıyıq. Mənim öz fikirlərim ola bilər, amma Xamneyi istiqamət təyin edəndə biz də ona əməl etməliyik” - o deyib.
Qeyd edək ki, Donald Tramp ilk hakimiyyət müddətində - 2018-ci ildə 3 il əvvəl imzalanmış nüvə sazişindən çıxmaq qərarına gəlib. Bu səbəbdən Xameneyi ABŞ prezidentini etibarlı hesab etmir.
Digər tərəfdən Arabi Post xəbər saytı Tehranın Körfəz ölkələri vasitəsilə Trampa nəhəng iqtisadi anlaşma təklif etdiyini iddia edib.
Qərblə daha sıx münasibətlərin tərəfdarı olan İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərifin təzyiqlərə görə istefa verdiyi bildirilir. Ultra-mühafizəkar qrupların hədəfində olan Zərif avqust ayında hökumətin parlamentdə etimad səsi alması ilə istefa verdiyini açıqlasa da, sonradan vəzifəsini davam etdirmişdi. Son olaraq yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Zərifin hicab qadağası və HƏMAS-ın hücumları ilə bağlı açıqlamaları ölkədəki həddindən artıq dindar insanları narahat etmişdi.
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ