Onlayn ictimai-siyasi qəzet
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq rəhbəri, 2020-ci il müharibəsi zamanı quruma rəhbərlik etmiş Mikael Ambarsumyan ilk dəfə olaraq həmin dövrdə baş verən hadisələr barədə geniş danışıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, açıqladığı yeni detallar həmin dövrün bir sıra naməlum epizodlarına işıq salır.
Ambarsumyan bildirib ki, müharibə zamanı baş nazirin içkili vəziyyətdə olduğu barədə deyilənlər uydurmadır.
Mikael Ambarsumyan qeyd edib ki, Nikol Paşinyan o günlərdə ayıq, diqqətli və daim qərargahda işləyən vəziyyətdə olub:
“Hər dəfə məruzə etmək lazım olanda o, iclası dayandırır, diqqətlə dinləyir və dərhal göstəriş verirdi. Onun hərəkətlərində ölkəyə qarşı hər hansı bir planın izi belə yox idi”.
Sabiq MTX rəhbəri həmçinin 19 oktyabr 2020-ci ildə Təhlükəsizlik Şurasının iclasında vəziyyətin tənəzzülə uğradığını bildirib:
“O gün Onik Qasparyan rəsmi şəkildə bəyan etdi ki, vəziyyət kritikdir, müharibəni uduzuruq və onu dayandırmaq üçün bütün resurslar səfərbər edilməlidir. Müdafiə naziri David Tonoyan da bunu təsdiqlədi”.
Ambarsumyan deyib ki, baş nazirin müharibəni dayandırmamaq qərarının səbəbi ona məlum deyil. O, Putinin atəşkəs təklifi barədə xəbərinin olmadığını da qeyd edib:
“Sonradan məlum oldu ki, Rusiya prezidenti müharibəni dayandırmaq təklifi vermiş, lakin baş nazir onu qəbul etməmişdi. Amma biz o vaxt bilə bilməzdik, çünki onun Putinə nə dediyini eşitməzdik”.
Mikael Ambarsumyan müharibənin uzanması nəticəsində cəbhədə vəziyyətin nəzarətdən çıxdığını, Azərbaycan qüvvələrinin cəbhənin cənub hissəsindən Şuşa istiqamətinə irəlilədiyini vurğulayıb.
Etiraf edib ki, müharibənin niyə dayandırılmadığı sualı onu daim düşündürüb:
“Bəlkə də məqsədli şəkildə gözləyirdilər ki, Xankəndi də düşsün? Bu sual təbii olaraq yaranırdı”.
Sabiq MTX rəhbəri onu da vurğulayıb ki, Paşinyanın həbsinə dair plan olmayıb və belə bir addım nə hüquqi, nə də faktiki cəhətdən mümkün idi.
“Əgər rəhbər ölkəni bilərəkdən məğlubiyyətə aparsaydı, bu, artıq cinayət olardı. Amma mən onun bilərəkdən belə addımlar atdığına dair dəlil görmədim”, - deyə Ambarsumyan bildirib.
Onun fikrincə, Paşinyanın əsas və bəlkə də taleyüklü səhvi müharibəni dayandırmaması olub:
“Əgər müdafiə naziri və Baş Qərargah rəisi açıq şəkildə deyirlər ki, müharibə uduzulub, çıxış yolu yoxdur, amma rəhbər yenə davam etdirirsə, çox ciddi suallar yaranır”.
Ambarsumyan həmçinin müharibənin Rusiyanın səyləri sayəsində dayandırıldığını və “Moskva Ermənistanı satdı” kimi bəyanatları “böhtan” adlandırıb:
“44 günlük müharibə zamanı Ermənistan üçün Rusiyadan çox çalışan ikinci bir dövlət olmayıb. Məhz Moskvanın müdaxiləsi sayəsində döyüşlər Xankəndiyə və bəlkə də Ermənistan ərazisinə qədər uzanmadı”.
O əlavə edib ki, “Rusiyanın xəyanət etdiyi” iddiaları sakit və realist yanaşma tələb edir:
“Bəzən elə təəssürat yaranır ki, guya Rusiya bizi tam himayəsinə götürməliymiş. Amma biz özümüz Qarabağ üçün nə etdik? Əgər ölkə rəhbərliyi tribunadan “bu, Azərbaycan torpağıdır” deyirsə, Rusiyadan nə gözləmək olar? Əgər biz öz soydaşlarımızla əlaqəni kəsmisəydik, başqa kim bizə dəstək olacaqdı?”
Ambarsumyan vurğulayıb ki, Rusiya daha sərt addımlar ata bilərdi, amma Ermənistanın özü aktiv rol oynamadığı üçün ondan daha artığını gözləmək ədalətsizlik olardı.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ