İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiana yaraşan hərəkət - onun ana dili ilə bağlı göstəriş verməsi umulur

Xəbər verildiyi kimi, İran Prezidenti Məsud Pezeşkian uşaqlara türk adlarının qoyulmasına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına göstəriş verib. Ölkədə türk adlarına qoyulan məhdudiyyətlərə qarşı “Balamın adı” adlı Azərbaycan kampaniyası və İran prezidentinə ünvanlanmış məktubdan sonra Pezeşkian hərəkətə keçib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, 15761 nəfərin imzaladığı petisiyaya cavab olaraq Pezeşkian İran vətəndaşların qeydiyyatı məsələlərinə məsul olan idarəyə türk adlarına tətbiq edilən məhdudiyyətləri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməyi tapşırıb.

İranda türkcə şəxs adı, qəzet adı, ekoloji, yaxud sosial yönümlü QHT adı hakimiyyəti vahiməyə salır. Əgər vətəndaş yeni doğulmuş körpəsinə türk adı qoysa, yaxud bir yazar özünə türkcə təxəllüs götürsə, bu, millətçiliyin, hətta pantürkizmin əlaməti kimi görülür.

Bəs prezidentin tapşırığına əməl ediləcəkmi? Başqa yandan, bu göstərişdən sonra növbəti mərhələdə İranda azərbaycanlıların ana dilində təhsil almasına imkan yaradılması ola bilərmi?

Tənzilə Rüstəmxanlı parlamentdə sərt çıxış etdi:

 Tənzilə Rüstəmxanlı 

Millət vəkili Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, İran rejimində yaşayan Azərbaycan türklərinin üzərində uzun illərdir davam edən bir basqı mövcuddur: “Bu, həm dillərinə, həm təhsil haqlarına, həm də ana dilində təhsil almalarına maneələr şəklində özünü göstərir. Hətta övladlarına öz millətinə uyğun adlar vermək belə qadağan olunmuş gerçəklikdir. Bu məhdudiyyətlər uzun illərdir İranda yaşayan Azərbaycan xalqını əziyyətə salıb.

Əslində bu siyasət İranı gec-tez məhvə aparacaqdı. Əgər bu gün həqiqətən İran prezidenti belə bir göstəriş verirsə, Azərbaycan türklərinə qarşı sərt addımlar atmır, onların tələblərini görməzdən gəlmir, zor tətbiq etmirsə, bu, İran dövlətinin yenidən yaşamasının və var olmasının toxumlarını əkir. Təəssüf ki, İranın “sağı” da, “solu” da türk düşməni olan qüvvələrlə dostluq edir. Türkiyənin və Azərbaycanın maraqlarını görməzdən gələn hər hansı qüvvə ilə İran maraq birliyi içindədir. Bunların hamısı İranın dövlət siyasətidir və türk dövlətlərinə qarşı yürüdülən xəttin göstəricisidir.

Biz Dünya Azərbaycanlılarının Konqresi qurulanda da İranda yaşayan xalqların mübarizəsini gündəmə gətirirdik. Onların ana dilində təhsil almaları üçün yüz minlərlə insan mübarizə aparırdı. İranda bir məktəb, bir qəzet, bir mətbuat orqanının belə olmaması acı bir həqiqətdir. XXI əsrdə, çağdaş dünyada min illər öncəki idarəçilik üsulları ilə xalqlara bu cür münasibət göstərilməsi dövlətin özünə də zərər vurur.

Əgər bu gün İranda Pezeşkian hakimiyyətdədirsə, bu, ölkə üçün böyük bir şansdır. Onun baxışları daha normaldır, həm də İranda yaşayan müxtəlif xalqlar tərəfindən qəbul edilir və sevilir. O, hələ seçilməzdən öncə seçki kampaniyasında Şəhriyardan şeir oxumaqla Azərbaycan türklərinə münasibətini göstərmişdi. Burada yaşayan 35 milyondan çox türkün səsi onun üçün çox önəmli idi və o, bunu qazanmağı bacardı.

Demək istədiyim odur ki, Pezeşkianın bu addımı İranı fəlakətdən xilas edə bilər. İranın cəmi 200 minə yaxın ermənisi var, amma onların bütün hüquqları tanınıb: məktəbləri, mətbəələri, erməni dilində qəzetləri mövcuddur, övladlarına rahat şəkildə erməni adları verə bilirlər. Lakin türk millətinə qarşı yüz illərdir davam edən ayrı-seçkilik bu gün də mövcuddur. Azərbaycan türkləri ikinci yox, bəzən ən sonuncu sinif əhali kimi görülüb, xor baxışa məruz qalıblar, bir çox hüquqlardan məhrum ediliblər. Halbuki hər bir millətin öz övladına milli ad vermək haqqı var. Məsələn, rus valideyn övladına Məhəmməd adını qoymayacaq, rus adı seçəcək - bu, dünyanın hər yerində normal qəbul edilir.

İndi isə baxın, hansı şüarla kampaniya başladılar: “Balamın adı”. Rəsmi şəkildə övladlarına öz millətinə uyğun ad vermək qadağan edilib".

Tənzilə Rüstəmxanlı hesab edir ki, Pezeşkianın Azərbaycan türklərinə qarşı yumşaq, sevgi dolu münasibəti və bu istiqamətdə atdığı addımların müsbət nəticəsi olacaq:

“Necə ki, seçkilərdə də Azərbaycan türklərinin səsi onun qələbəsində mühüm rol oynadı, indi də xalq, az da olsa, öz hüquqlarının bərpa olunduğunu görəcək. Bu addımlar həm xalqın hüquqlarının təmininə, həm də İran dövlətinin daxili siyasətinin toparlanmasına və dövlətin qorunmasına yönəlib. Qadağalar isə gec-tez üsyan gətirir”.

Sayman Aruz arvadını ETTELAAT-a niyə saxlatdırıb? -

Sayman Aruz

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz bildirib:

“İllərdir ki, bu problem qarşısında dayanırıq. Təəssüf ki, uzun illərdir İranda türk adlarına qarşı qərəzli münasibət və ayrı-seçkilik nümayiş etdirilib. İnsanlara nə ana dillərində təhsil almağa icazə verilib, nə də öz köklərinə uyğun ad seçiminə imkan yaradılıb.

Yadımdadır ki, rəhmətlik dayım aşıq idi və övladlarına türk adı qoymaq üçün hələ 40 il əvvəl nə qədər əziyyət çəkirdi, məhkəmələrdə süründürülürdü. Doğrudur, sonda istədiyinə nail oldu, amma təsəvvür edin, uşağın artıq 2-3 yaşı olanda ona şəxsiyyət vəsiqəsi verildi. Bu kimi mədəni faciələrə illərdir şahidlik edirik. Uşaqlıq dövrümüzdən bəri bu problem müxtəlif formalarda davam etdirilib və xalqımıza qarşı bu basqı hər zaman mövcud olub.

Son illərdə isə müəyyən yumşalmalar nəzərə çarpır. Xüsusilə də azərbaycanlı Məsud Pezeşkianın prezident seçilməsindən sonra insanların haqlı tələbləri və istəkləri artdı. Pezeşkiana səs verənlər də haqlı olaraq öz prezidentlərindən soylarına və köklərinə hörmət göstərilməsini tələb etdilər. Bu tələblərə uyğun olaraq həm ana dilində təhsilə icazə verilməsi, həm Azərbaycan mədəniyyət ocaqlarının açılması, həm Azərbaycan tarixi dərsliklərinin yenidən yazılması, həm də uşaqlara türk adlarının qoyulmasına icazə verilməsi gündəmə gəldi.

Pezeşkian da bu tələbləri bir çox hallarda müsbət qarşıladı, onların həlli üçün addımlar atdı, çıxışlar etdi. Son olaraq adlarla bağlı qəbul edilən qərar icra olunarsa, Cənubi Azərbaycanda milli oyanış və köklərə dönüş prosesi bir qədər də sürətlənəcək.

Doğrudur, molla rejiminə bağlı qüvvələr illərdir bu kimi qərarların qarşısını alır. İndi də, yəqin ki, müxtəlif bəhanə və uydurmalarla ən azından bu prosesin gecikdirilməsinə çalışacaqlar. Lakin məsələ ondadır ki, Pezeşkianın bu qərarı olduqca vacibdir. Arzumuz odur ki, o, verdiyi qərarların arxasında dayansın, haqlı tələbləri müdafiə etsin və qəbul olunan qərarların nəticəyə çatması üçün şəxsən özü nəzarətçi mövqeyində olsun".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR