Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.
İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib.
Bildirilir ki, hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək.
Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir. Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək.
Bir neçə gün əvvəl İran tərəfdən bildirilmişdi ki, yaxın zamanlarda səfirliyin fəaliyyətə başlayacağına inanırlar. Səfirliyin təhlükəsiz şəraitdə fəaliyyətini bərpası istiqamətində mühüm addımlar atılması əlaqələrin daha da irəli aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. İstisna deyil ki, bu qərar Azərbaycan və İran prezidentlərinin hələ may ayında baş tutan görüşündə verilmişdi. Dövlət başçımız İranın helikopter qəzasında həlak olan prezidenti ilə bir sıra mühüm anlaşmalar əldə olunduğunu İranın ölkəmizdəki səfirliyini ziyarət edərkən də bildirmişdi. Səfirliyin bərpası Azərbaycanın xoş məramından xəbər verir və münasibətlərin normallaşmasına maraqlı olduğunu bir daha göstərir.
Türk əsilli prezident Məsud Pezeşkianın dövründə iki qonşu ölkə arasında əlaqələrin daha da möhkəmlənəcəyinə inam artır.
Düzdür, münasibətlərin pozulmasına yönəlik cəhdləri yenə də müşahidə etməkdəyik. Məsələn, İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani bu günlərdə yenə ermənipərəst açıqlamaları ilə diqqəti özünə cəlb etdi.
Səfir Mehdi Sübhani “Azadlıq” radiosuna müsahibəsində İranın Cənubi Qafqazda əsas oyunçulardan biri kimi Qarabağ ermənilərinin məsələsinin həllini konkret olaraq necə gördüyü sualına cavabında “Azərbaycan artsax ermənilərinin kollektiv şəkildə qaytarılması hüququna hörmət etməlidir” deyib.
Səfir bildirib: “Bizim Qarabağ sakinlərinin hüquqları ilə bağlı mövqeyimiz aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və bunu vurğulayırıq, lakin eyni zamanda hesab edirik ki, Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir. Bu sual yara kimidir və bu yaranın sağalması lazımdır, əgər bu yara sağalmazsa, bəlkə yenidən açılacaq. Davamlı dünyadan danışarkən bu yara da nəzərə alınmalıdır. Ümid edirik ki, Qarabağ sakinləri evlərini tərk etmək məcburiyyətində qaldıqları kimi, onların könüllü olaraq öz evlərinə qayıtmaları üçün şərait yaradılacaq. Təbii ki, onların ərazini tərk etmələrinin əsas səbəbi özlərini təhlükəsiz hiss etməmələri olub. Qaçqınlar gələndə mən şəxsən Qarabağ camaatı ilə əlaqə saxladım, onlarla söhbət etdim, dedilər ki, “öz istəyimizlə evimizi tərk etməmişik””.
İran diplomatının iddiasına görə, “heç kim evini könüllü tərk etmir. Onlar özlərini təhlükəsiz hiss etmədikləri səbəbindən evlərini tərk etdiklərini bildiriblər. Onlar könüllü gəlməyiblər, amma ümid edirik ki, onların öz evlərinə könüllü qayıtmaları üçün şərait yaradılacaq”.
Hər halda qaydalara əsasən, səfir ölkə rəhbərliyinin danışan dilidir və onun siyasətini yerinə yetirir. Bu mənada İrəvandakı fars səfirin qarışdırıcı funksiyanı icra etməsi əcaibdir. Axı İran prezidentinin Azərbaycanın daxili işlərinə müdaxiləsi gözlənilən deyil.
Belə olduğu halda İran səfiri öz xoşları ilə gedən ermənilərin durumunu niyə özünə dərd edib?
Bu arada, Azərbaycandakı keçmiş səfir Seyid Abbas Musəvi isə İRNA-ya müsahibəsində bildirib ki, İranın yeni prezidenti Məsud Pezeşkianın son məqaləsi 14-cü hökumətin ləyaqətli, realist, balanslı və həll yönümlü hesab edilən xarici siyasət strategiyası sayılır.
O, 14-cü hökumətin xarici siyasətinin ümumi yanaşması və strategiyası haqqında Pezeşkianın “Tehran Times” qəzetindəki məqaləsini şərh edib:
“Gözlənildiyi kimi, xarici siyasət yeni prezidentin planlarının mərkəzində olub və onun son bəyanatı və dünyaya mesajı göstərib ki, yeni hökumət daxili siyasət və problemlərlə yanaşı, İran siyasətinə və xarici əlaqələrə də xüsusi diqqət yetirəcək”. (Azad İran) Keçmiş diplomatın fikrincə, avropalıları bərabərhüquqlu dialoqa dəvət etmək və səhv addımları təkrarlamamağı tövsiyə etmək, Şərqlə Qərb arasında müsbət balans, qonşulara və bölgə ölkələrinə xüsusi diqqət yetirmək ölkənin xarici siyasətinin prioritetidir. Hər halda İranın iki diplomatının mövqeyi arasında fərqlər göz önündədir. Pezeşkianın prezidentliyi dövründə İranın xarici siyasəti, həmçinin qonşularla münasibəti necə olacaq?
Deputat Sahib Alıyev Musavat.com-a bildirib ki, rejim farsmərkəzliliyini qoruyub saxladığı təqdirdə nəinki prezident, hətta ali dini lider postunda belə yeni adamın varlığı ritorikaya təsir etsə də, yeridilən siyasət çox da dəyişməyəcək: “Və xarici siyasətdə, o sıradan Azərbaycana yanaşmada yeridiləndə də hər hansı önəmli dəyişikliyin baş verəcəyini gözləmirəm. İranın Ermənistandakı səfiri ilə Azərbaycandakı keçmiş səfirinin fərqli mövqe sərgiləmələrinə gəldikdə bu, rejimin yeritdiyi ənənəvi siyasətdir, yeni heç nə yoxdur. Eyni zamanda burada onların rejimin müxtəlif qollarının təmsilçiləri olmaları da nəzərə alınmalıdır. Sübhanı İran hakim elitasında, əgər onları elita adlandırmaq mümkündürsə, Azərbaycana həmişə düşməncəsinə yanaşanları təmsil edir”.
Politoloq Məhəmməd Əsədullazadə isə İranda islahatçı qanadın seçkilərdə qələbə qazanmasını xüsusilə vurğuladı:
“Daima islahatçılar mühafizəkarlardan fərqli olaraq, qonşu ölkələrlə münasibətləri normallaşdırır. Azərbaycanla islahatçı Xatəmi və Ruhaninin prezidentliyi dövründə siyasi əlaqələr normal olub. Məhz Ruhaninin dövründə Qərblə nüvə anlaşması imzalanıb. İqtisadi sanksiyaların çoxu aradan qaldırılmışdi. Amma, Əhmədnejat və mərhum Rəisi mühafizəkar qanada məxsus idi. Onların dövründə Azərbaycan və İran arasında çox kəskin siyasi münasibətlər olub. Bu da Tehrandan qaynaqlanırdı. Yeni prezident Məsud Pezeşkian azərbaycanlıdır, həm də islahatçıdır. Tehran rejimi də müəyyən dəyişikliklərə getməyi hədəfləyir. Düşünürəm bu xarici siyasətdə də müsbət dinamikaya gətirib çıxaracaq. İranın Ermənistandakı səfiri Mehdi Subhani həmişə Azərbaycana qarşı olub. Erməni mövqeyi ilə seçilib. İndi Zəngəzur dəhlizinin açılması perspektivini dilə gətirib. Göründüyü kimi, təlimatlar Tehrandan verilir. Azərbaycandakı səfiri isə, qaydalara olaraq normal bir baxış ortaya qoymalıdır. Hesab edirəm ki, İran öz siyasətində korrektələrə məcburdur”. M.Əsədullazadə bildirdi ki, Cənubi Qafqazda və dünyada yeni siyasi nizam formalaşır: “Tehran Azərbaycanla siyasi və iqtisadi əlaqələri inkişaf etdirməyə çalışacaq. Yeni İran prezidenti Azərbaycana da gələcək. İki tərəfli strateji tərəfdaşlıq haqqında sazişin bağlanmasını da istisna etmirəm. İki ölkə arasında layihələr var. Azərbaycan bu layihələrin reallaşdırılmasında maraqlıdır. Tehranda Azərbaycan Respublikasının səfirliyi yenidən bərpa olundu. Bu, Azərbaycanın yeni İran prezidentinə dostluq mesajıdır. Top İrandadır. Cənab İlham Əliyev Cənubi Qafqazda sülhün və təhlükəsizliyin, siyasi inteqrasiyanın əsasını qoyub”.
Və sonda: İranın Azərbaycandakı səfirliyinin rəhbərliyinə kimin göndərilməsi də mühüm məsələ olaraq qiymətləndirilməlidir. Eyni zamanda anti-Azərbaycan mövqeli İrəvandakı səfirin də əvəzlənməsinə ciddi zərurət var. Əks halda problemlər qalacaq. Gözləyək..
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ