Onlayn ictimai-siyasi qəzet
Tanınmış videobloqer Albert İsakovun özünün “YouTube” kanalında Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb.
Musavat.com xəbər verir ki, video “demokrat”, “liberal” kimi özünü qələmə verən Petrosyanın bütün kimliyini, faşist simasını açıb östərir. Onu izləyən hər kəs Ermənistanın müstəqilliyinin ilk illərindəki əsl mahiyyəti ilə yaxından tanış olur. Petrosyan görüşdəki çıxışında deyir: “Əgər 1988-ci ildə azərbaycanlılar Ermənistandan qovulmasaydı, Ermənistan müstəqil olmayacaqdı”.
1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladan Petrosyan davam edir:
“Təsəvvür edin, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ), o cümlədən, daha bir çox torpaqlar ermənilərin əlindədir”.
Petrosyanın bu videosu ilk dəfə internet üzərindən yayımlanır. Ola bilsin ki, bu Ermənistanın hazırki hakimiyyəti tərəfindən təşkil olunub. Çünki Ermənistanın indiki baş naziri Nikol Paşinyan bundan əvvəl ölkənin ilk üç prezidentini Azərbaycanla apardıqları danışıqlarla bağlı debata çağırmışdı. Baş nazirin çağırışına kəskin etirazını bildirən Ter-Petrosyan onu Qarabağı satmaqda ittiham etmişdi. Şübhəsiz ki, bu video birinci prezidentin nüfuzuna zərbə endirməyə yönəlib.
Görüntülər bir daha təsdiq edir ki, azərbaycanlıların Ermənistandan qovulması əsas plan olub. Onlar hələ uzun müddət imiş ki, Ermənistanda Basarkeçər, Uluxanlı, Amasiya və ümumilikdə Zəngəzurda əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı qəsdən və ilkin olaraq etnik təmizləməyə hazırlaşıblar.
Bu video göstərir ki, Xocalı qatilləri Robert Köçaryan və Serj Sarkisyan Petrosyanın ideologiyasının davamçılarıdırlar.
Ermənistanın birinci prezidenti etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub.
1980-ci illərdə başlayan hərəkata dünya erməniləri hazırlıq işləri aparmışdılar. Məqsəd isə Qarabağın dağlıq hissəsini azərbaycanlılardan təmizləyib, Ermənistana birləşdirmək idi. Dünya ermənilərinin gündəliyində bu məsələ öncül yer tuturdu.
Levon Ter-Petrosyanın da həmin dövrdə prezident seçilməsi təsadüf deyildi. Faktiki olaraq onun rəhbəri olduğu təşkilat bu işlərə başçılıq edirdi. Politoloq Tofiq Abbasov deyir ki, Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri Petrosyanın tapşırıqlarını yerinə yetirirdilər.
“Petrosyanın çox güclü tərcümeyi -halı var. Onun atası Livanda, Suriyada solçu hərəkatın öncüllərindən biri idi. Onların xaricdə çox geniş imkanları, əlaqələri, təmasları var idi. Ermənistana hələ SSRİ dönəmindən xaricdəki moderatorlar kömək göstərirdilər.
Mən Petrosyanla iki dəfə görüşmüşəm. Onlardan biri İstanbulda, digəri isə Tehranda baş tutub. O digərlərinə nisbətən siyasi cəhətdən savadlı, uzaq görən və praqmatik düşünən adam idi. Torpaqlarımızı işğal etdikdən sonra Qarabağ klanı ilə onun arasında çaxnaşma düşdü. Petrosyan onlara deyirdi ki, işğala rəğmən Azərbaycanla kompromisə gedilsin ki, növbəti hədəfdə bundan yararlana bilsinlər. Qarabağ klanı isə razılaşmırdı. Petrosyan istəyirdi ki, Ermənistan üçün iqtisadi dəhlizlər açsın. Lakin Köçəryan və Sarkisyan buna mane olurdular.
Petrosyan da işğalçı idi və onun demokratiya ilə əlaqəsi yox idi. Daşnakların ideoloiyasını davam etdirirdi.
Hazırda dünya erməniləri də daşnakların baxışlarını bölüşür. Heç birində sağlam fikir yoxur. Azərbaycanla kompramisə hazır deyillər.
Biz 1918-ci ildəki səhvin acısını yaşayırıq. Ermənilər heç vaxt bizimlə dost olmayacaqlar. Onların dili güc göstərməkdir”.
Şahanə Rəhimli
Musavat.com
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ