İnsanlara hürriyət, millətlərə istiqlal!

Pekinin “Zəngəzur dərdi” - Bakıda deyib, İrəvanda təkzib edirlər

Çin rəsmisinin Zəngəzur dəhlizi açıqlamasını bu ölkənin İrəvandakı diplomatı niyə təkzib edir? - ekspertlərin izahı

İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərlə regionda yeni reallıqlar yaradan Azərbaycan hazırda bütün addımlarını postmüharibə dövrünün tələblərinə uyğun atır. Xüsusilə ölkəmizin iqtisadi qüdrəti Qarabağda böyük tikinti-quruculuq işlərinin aparılmasına imkan verir. Eyni zamanda bu gün dövlətimiz əsas diqqəti məhz Qarabağın dirçəlişi ilə bərabər, Zəngəzur dəhlizinin açılması istiqamətinə yönəldib. Zəngəzur dəhlizi yalnız Azərbaycanın iqtisadi mənfəətinə hesablanmayıb. Bu dəhlizdən qonşu ölkələr, o cümlədən Asiyanın böyük dövlətləri də yararlanmaq istəyirlər.

Xüsusilə Çin kimi fövqəlgüc Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu dəfələrlə vurğulayıb. Ona görə ki, bu dəhlizin açılması Çinin mövcud yükdaşımalarını zaman və məsafəni azaltmaqla səmərəli nəticələrə gətirib çıxaracaq. Azərbaycanın mühüm ticarət və strateji yollar qovşağında yerləşməsi Çinin ölkəmizə marağını artırır. Hazırda Çin malları Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Avropaya çatdırılır. Gələcəkdə Zəngəzur dəhlizinin açılması Çinin də maraqlarına uyğun olacaq. Başqa sözlə, Pekin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır.

Zəngəzur dəhlizinin işə salınması böyük strateji əhəmiyyətə malikdir. Bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Tszyançao ötən həftə Bakıda keçirilən “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda bildirib.

“Azərbaycan bizim "Bir kəmər, bir yol" təşəbbüsümüzü ilk dəstəkləyən və onun həyata keçirilməsində fəal iştirak edən tərəfdir. Zəngəzur dəhlizinin tikintisinə gəlincə, bu, xüsusilə hazırkı beynəlxalq və regional geosiyasi vəziyyətdə Avropa ilə Asiya arasında əlaqələri daha da gücləndirəcək mühüm layihədir. Azərbaycan bu dəhlizin yaradılması təşəbbüsü ilə çıxış edib və onun həyata keçirilməsi böyük strateji əhəmiyyətə malikdir", - deyə Lyu Tszyançao bildirib. Lyu Tszyançao həmçinin qeyd edib ki, Çin şirkətləri layihədə iştirak edəcək, lakin daha çox tərəfdaş cəlb etmək üçün Çinin biznes nümayəndələri arasında bu dəhlizin təmin etdiyi imkanlar barədə məlumatlılığın artırılması lazımdır.

Ancaq qəribədir ki, Çinin Ermənistandakı müvəqqəti işlər vəkili Çen Minq erməni mediasına açıqlamasında Lyu Tszyançaonun Bakıda Zəngəzur dəhlizi ifadəsini işlətməsini təkzib edib. Səfir əmin edib ki, konfrans zamanı Çin tərəfi bu mövzuya ümumiyyətlə toxunmayıb və mediada Çin tərəfinə aid edilən oxşar bəyanatlar varsa, onlar yalan və yanlış ola bilər. Səfir aydınlaşdırıb ki, Çin nümayəndə heyəti bu yaxınlarda Bakıda olub və “Bir kəmər, bir yol” təşəbbüsünə həsr olunmuş konfransda iştirak edib. Çin nümayəndə heyəti “Bir kəmər, bir yol” təşəbbüsünün Cənubi Qafqazda yayılmasına necə töhfə verə biləcəklərini müzakirə edib.

Ermənistandakı səfirin bu fikirləri tamamilə inkar etməsinin anlamı nədir? Rəsmi Pekin özü ikili oynayır, yoxsa?

Qabil Hüseynli özünü öldürən qazidən danışıb, ağladı - VİDEO Pravda.az

Qabil Hüseynli

Bu mövzunu “Yeni Müsavat”a şərh edən professor Qabil Hüseynlinin sözlərinə görə, əvvəla Çin və Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinə dair sənəd imzalayıb. Onun fikrincə, bu saziş ikitərəfli əlaqələrin inkişafı üçün həyati əhəmiyyət kəsb etməklə bərabər, Çinin Cənubi Qafqazda təsirini gücləndirir: “Çin rəsmisi qeyri-dəqiq ifadə işlətməz və belə ehtimal etmək olar ki, İrəvanda olan Pekin nümayəndəsi manevr etməyə çalışıb. O da nəzərə alınmalıdır ki, Ermənistanda olan səfirlər bəzən özlərini rəsmi İrəvanın nümayəndəsi kimi aparırlar. Məsələn, İranın İrəvandakı səfiri Sübhani, Amerikanın daha əvvəl orada səfiri olmuş Lin Treysi bəzən öz ölkələrini təmsil etdiklərini unudurdular. Çinin Ermənistandakı səfirinin də eyni qəbildən olduğunu görmək mümkündür. Ancaq bütün hallarda, Bakı-Pekin münasibətləri yüksək səviyyədədir”.

Q.Hüseynli Çinin Zəngəzur dəhlizinin açılmasında marağı olan ən birinci dövlət sayır: “Bu halda, Avropaya daşınan yüklərin çatma müddəti qısalacaq. Çin dəhlizin açılmasına dəstək verir. Bu logistika Çin üçün böyük əhəmiyyət kəsb edir. Sadəcə, erməni mediası səfirin fikrini öyrənərkən Ermənistanın Zəngəzur məsələsində mövqeyinə, konyukturasına uyğunlaşdırmağa çalışıb. Ermənistanın destruktiv mövqeyi bu dəhlizin açılması prosesinə əngəl yaratsa da, Avropada Azərbaycanın mövqeyini dəstəkləyən ölkələr var. Ona görə də həm Çinin, həm Britaniyanın marağında olan bu qlobal layihənin həyata keçməsi gec-tez mümkün olacaq, Ermənistan prosesi istədiyi qədər yubada bilməyəcək. Sadəcə, dəhlizə kontrolun kimdə olacağı ilə bağlı mübahisə işə mane olur”.

Mühacirlərə "tərs şillə" - Ehtiram Mehdiyev - İnformasiya.az

Ehtiram Mehdiyev

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyevin fikrincə, Çin rəsmisinin Azərbaycanda olarkən dediklərinə daha çox diqqət yetirmək lazımdır, nəinki Ermənistandakı diplomatın. Onun sözlərinə görə, Çin Cənubi Qafqazda maraqlı olan dövlətdir və bütün tərəflərlə işləməyə üstünlük verir: “Amma Azərbaycan bölgədə Çin üçün xüsusi rola sahibdir. Bu əlaqələr getdikcə inkişaf etməkdədir. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda söz sahibi olan lider dövlət, Çin isə Asiyanın və dünyanın iqtisadi güc mərkəzlərindən biridir. Siyasi-iqtisadi amillər, nəqliyyat-tranzit qovşaqları, geosiyasi amillər və digər mühüm faktorlar hər iki ölkəni bir sıra ortaq baxış və strateji maraqlar bucağında tamamlayır. Çin Avropa ilə ixrac-idxal əməliyyatlarını daha da genişləndirmək üçün qısa, təhlükəsiz və ucuz başa gələn yol axtarışındadır. Azərbaycanın həyata keçirmək istədiyi Zəngəzur dəhlizinin də Çin tərəfindən dəstəklənməsi təsadüfi deyil. Gələcəkdə yüklər qatarla Çindən çıxaraq Qırğızıstan-Özbəkistan-Qazaxıstan-Azərbaycan-Türkiyə üzərindən keçərək Avropaya və əks istiqamətə daşınacaq”.

Qulamhüseyn Əlibəyli: “Deputatlar korpusunda dəyişiklik vacibdir” -MÜSAHİBƏ

Qulamhüseyn Əlibəyli

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Qulamhüseyn Əlibəylinin fikrincə isə bir dövləti təmsil edən müxtəlif rəsmilərin müxtəlif bəyanatlarla çıxış etməsi diplomatiyada az-çox istifadə edilən üsullardan biridir: “Bunun müxtəlif səbəbləri ola bilər. Hesab edirəm ki, bu, konkret halda Çinin bütövlükdə bir dövlət kimi Zəngəzur dəhlizinə münasibətinin tam formalaşmaması deməkdir. Bakıdakı bəyanatda da nümayəndə heyətinin rəhbəri Zəngəzur dəhlizinin Çin tərəfindən müdafiə olunduğunu prinsipcə deyib. O cümlədən, bununla bağlı bir sıra ümumi fikirlər səsləndirib. Bu isə o deməkdir ki, Çin birmənalı mövqe ortaya qoymağa tələsmir. Yəni istəmirlər ki, Ermənistanı incik salsınlar. Ancaq reallıqda Pekin dəhlizin tərəfdarıdır. Ona görə ki, Zəngəzur dəhlizi daşımalar zamanı məsafəni qısaldacaq. Ermənistandakı səfirin bu fikirləri tamamilə inkar etməsi sırf Ermənistanın mövqelərinə uyğun mövqedən çıxış etməsi deməkdir. Diplomatlar bəzən belə bir üsuldan istifadə etmiş olurlar.

Əslində Çin də mahiyyət etibarı ilə Avropaya ən qısa variantlardan biri kimi Zəngəzur dəhlizini açıq dəstəkləməyə borcludur. Sadəcə, diplomatik mövqedən çıxış etdikləri üçün ehtiyatlı mövqe tuturlar və bu səbəbdən müxtəlif fikirlər meydana gəlir".

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanla Çin arasında imzalanmış “Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında” və Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Çinin Milli İnkişaf və İslahat Komissiyası arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə həyata keçirilməsi üzrə əməkdaşlıq planının formalaşdırılmasının sürətləndirilməsi haqqında" anlaşma memorandumları imzalanıb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR