Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqaz regionunda qeyri-müəyyən situasiya yaranıb. Rusiyanın bu regionda mövqeləri ciddi şəkildə zəifləsə də, Kremlin Cənubi Qafqaza təsir mexanizmlərinin tamamilə sıfırlamdığını iddia etmək də mümkün deyil. Hər halda, Rusiyanın həm Gürcüstan, həm də Ermənistan üzərində geopolitik müdaxilə faktorları real təsirə malikdir. Və son vaxtlar Ukrayna savaşı ətrafında yaranmış yeni situasiyanın Rusiya üçün müəyyən manevr imkanları açması isə Kremlə Cənubi Qafqazda əvvəlki mövqelərə iddia imkanları açır.
Onu da qeyd etmək lazımdır ki, mövcud situasiyadan ən çox məyusluq keçirən, ciddi narahat olan region ölkəsi Ermənistan sayıla bilər. Çünki məhz rəsmi İrəvan ənənəvi hərbi müttəfiqi Kremlə arxa çevirib, Ermənistana Qərbdə daha sərfəli "təhlükəsizlik çətiri" axtarışına çıxmışdı. Üstəlik, Paşinyan hakimiyyəti Rusiyadan "qaçış" planını məhz Kremli qıcıqlandıracaq məzmun və keyfiyyət yükləmişdi. Və rəsmi İrəvanın Rusiyaya yönəlik davranışlarında hətta Kremlə açıq-aşkar meydan oxumaq həvəsi müşahidə edilirdi.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Rusiya ilə qarşıdurma situasiyası yaradarkən, ABŞ və Qərbin diqqətini daha çox Ermənistanın üzərinə çəkməyə çalışırdı. Paşinyan hakimiyyəti ümid edirdi ki, Kremllə nə qədər kəskin ziddiyyətlər yaradarsa, ABŞ və Qərbdən Ermənistana bir o qədər geniş "dəstək dilimi" qopara biləcək. Son vaxtlara qədər Qərbdən Ermənistana verilən intensiv dəstəyi nəzərə aldıqda, rəsmi İrəvanın hesablamalarının doğru olduğunu düşünmək də olardı.
Ancaq Paşinyan hakimiyyəti Rusiyadan Qərbə "qaçış" planında hər şeyi dəqiq hesablamış olsa belə, indi çox böyük səhvə yol verildiyi də dəqiqləşməyə başlayıb. Belə ki, rəsmi İrəvan ABŞ-da keçirilmiş son prezident seçkilərində məhz Donald Trampın qalib gələ biləcəyinə ehtimal verməmişdi. Paşinyan hakimiyyəti Bayden adminstrasiyasının ABŞ-da hakimiyyətinin davam edəcəyinə o qədər əmin idi ki, rəsmi İrəvan Ermənistanın Ağ Evin keçmiş sahiblərinə tam dəstəyini qabarıq şəkildə nümayiş etdirməyə çalışırdı.
Əslində, Ermənistan indi məhz rəsmi İrəvanın həmin səhvinin doğurduğu təhlükə ilə üzbəüz qalmağa başlayıb. Belə ki, Paşinyan hakimiyyətinin ABŞ, Avropa Birliyi və Fransaya ümid edərək, Rusiya ilə qarşıdurma mühiti yaratması indi Ermənistanın əleyhinə çevrilməkdədir. Üstəlik, bu situasiya həm də Ermənistan üçün "geopolitik labirint", hətta "regional kollaps" effekti yaratmağa başlayıb. Və rəsmi İrəvan mövcud situasiyadan çıxış yolu tapmaqda çətinlik çəkir.
Maraqlıdır ki, ABŞ-da Tramp adminstrasiyasının hakimiyyətə gəlişi bütün dünyada, eləcə də, Cənubi Qafqazda siyasi proseslərin istiqamətlərini əks tərəfə dəyişib. Ermənistana dəstək vəd edən ABŞ, Avropa Birliyi və Fransanın geopolitik hədəfləri, strateji planları fərqli məzmun almaqdadır. ABŞ Rusiya ilə anlaşmağa üstünlük verir. Hətta Ukrayna böhranı üzrə danışıqlar masasında Cənubi Qafqazın da Rusiyanın təsir dairəsinə buraxıla biləcəyinə yönəlik eyhamların edildiyi bildirilir. Və ümumiyyətlə, Ukrayna savaşı yekunlaşdıqdan sonra Ermənistanın daha təhlükəli vəziyyətlə qarşılaşa biləcəyi ehtimal olunur.
Məsələ ondadır ki, ABŞ indi Cənubi Qafqaza Bayden adminstrasiyası dövründə olduğu kimi maraq göstərmədiyi inkaredilməz reallıqdır. Ağ Evin geoiqtisadi maraqlar istisna olmaqla, geopolitik anlamda Cənubi Qafqazı tamamilə tərk edə biləcəyi də istisna olunmur. ABŞ olmadan Avropa Birliyinin Ermənistana dəstəyinin hər hansı geopolitik effekt verəcəyi qətiyyən inandırıcı görünmür. Üstəlik, hazırda Avropa Birliyinin, o cümlədən, Fransanın Ermənistandan daha önəmli problemləri də mövcuddur. Və bu baxımdan, Ermənistana umduğu dəstəyin verilmə ehtimalı o qədər də cəlbedici məzmun daşımır.
Təbii ki, Paşinyan hakimiyyəti Ermənistanın necə bir təhlükəli geopolitik labirintə düşdüyünü artıq tam dəqiqliyi ilə anlamağa başlayıb. Ona görə də, son vaxtlar ABŞ və Qərbdən ümidini kəsməkdə olan rəsmi İrəvan Rusiya ilə münasibətləri normallaşdırmaq istiqamətində manevrlər etməyə çalışırdı. Hətta baş nazir Nikol Paşinyan öz hökumət komandasına Rusiyanın patronajlığı altında olan postsovet qurumlarında iştirak etməyi və siyasi-diplomatik təmasları intensivləşdirməyi də tapşırmışdı. Və bu, rəsmi İrəvanın yenidən Kremlə sığınmağa hazırlaşdığı barədə ilkin qənaətlər yaradırdı.
Ancaq deyəsən, Paşinyan hakimiyyətinə yenidən Rusiyanın orbitinə dönüş icazəsi verilməyib. Belə ki, Avropa Birliyinə üzvlüklə bağlı sənəd bir müddət öncə arxa plana keçirilmişdi. Ancaq son məlumatlara görə, Ermənistan parlamenti həmin sənədi artıq təsdiqləyib. Halbuki, Avropa Birliyi Ermənistanı öz sıralarına dəvət etməyib və heç bir zaman da belə bir üzvlüyün baş tutmayacağı qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Paşinyan hakimiyyətinin yenidən Avropa Birliyinin təlimatları qarşısında geri çəkilərək, növbəti geopolitik səhvini buraxdığını da düşünmək olar.
Əslində, bu səhvin ilk real təhlükə əlamətləri də müşahidə edilməyə başlayıb. Belə ki, rəsmi İrəvanın Rusiya ilə barışma manevrlərinin ardınca atdığı addımlar Kremldə ciddi çaşqınlıqla qarşılanıb. Üstəlik, Kreml rəsmi İrəvana xəbərdarlıq mesajı göndərməkdən də özünü saxlaya bilməyib. Paşinyan hakimiyyətinə "iki stulda oturmağın" mümkün olmayacağı xatırladılıb. Kreml Avropa Birliyinə üzvlük niyyətindən imtina olunmayacağı təqdirdə, Ermənistanın Avrasiya İttifaqından qoyulacağına eyham vurub və bunun sosial-iqtisadi nəticələrini qabardıb. Və bu, Rusiyanın Ermənistana yönəlik birbaşa təhdid mesajı da sayıla bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ