İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın "gəlişigözəl" açıqlaması - gözdən düşən Ermənistan, Parisin görünən çubuğu

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan "gəlişigözəl" sözlər deməyə çalışır. O, bununla ictimai rəyi çaşdırmağa səy göstərir. Baş nazir Ermənistanı bütün şərt və təkliflərə əməl edən tərəf kimi təqdim etməyə çalışır. Bu halda məsələdən, erməni xislətindən xəbərsiz sadəlövhlər Paşinyanın açıqlamalarına inanırlar. Halbuki rəsmi İrəvanın verdiyi açıqlamaların arxasında Azərbaycanın etimadını qazanmaq, ona inam yaratmaq istiqamətində əməl, demək olar ki, yox dərəcəsindədir.

Nikol Paşinyan aprelin 15-də ölkə parlamentində ənənəvi sitildə açıqlama verib. O, həmişəki kimi gülməli danışığı ilə özün ifşa edib.

Paşinyan bildirib: “Müharibə olmayacaq, sülh olacaq. Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdir”.

O, Azərbaycanla yeni gərginlik və ya müharibənin başlanması üçün hər hansı əsas görmədiyini vurğulayıb. Paşinyan Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını, həmçinin güc tətbiqinin, yaxud güc tətbiqi ilə hədələmənin yolverilməzliyini tanıdıqlarını da xatırladıb.

Baş nazir, eyni zamanda tərəflər arasında sülh ideyasının təşəbbüsçüsü kimi özünü göstərməyə çalışır. Ancaq sirr deyil ki, Azərbaycan üstün mövqedə olduğu halda, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanata imza atmaqla sülhü müdafiə etdiyini bütün dünyaya göstərib. Rəsmi Bakı sonrakı dövrdə də bu təşəbbüsün reallaşması istiqamətdə fəaliyyət göstərib.

Paşinyan və komandası Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Lakin revanşistlər hələ də bunun əksinə fəaliyyət göstərirlər. Ölkənin hüquq-mühafizə orqanları, məhkəmə sistemi Azərbaycanla münasibəti pozanlar, iğtişaş yaratmağa səy edənlər barəsində indiyədək heç bir hüquqi addım atmayıb.

ATMAY.jpg (583 KB)

Ermənistanda sülh prosesinə ən böyük maneə ümumerməni kilsəsidir. Bu qurum yüzillik türk, Azərbaycan düşmənliyini davam etdirir. Belə davranış, düşüncə sistemi isə indi və gələcəkdə Paşinyanın arzularını puça çıxara bilər.

Bu yaxınlarda Ermənistanda səfərdə olmuş Almaniya Prezident Frank-Volter Ştaynmayerlə görüşən ermənilərin baş keşişi Qaregin saxta erməni soyqırımını xatırlatmaqla türklərə qarşı mövqeni bir daha nümayiş etdirib. Odur ki, Paşinyanın sülh arzusunun əleyhinə inandığı kilsə çıxır. Kilsə ərazi bütövlüyü və təhlükəsizlik məsələlərində rəsmi İrəvanın mövqeyinə qarşıdır.

Baş nazir ölkəsinin mövcud təcavüzkar konstitusiyasını dolayı yolla yenə müdafiə edib. O hesab edib ki, sülh sazişini imzalamaqdan imtina üçün bu, əsas ola bilməz. Bunun ardınca Paşinyan məsuliyyəti üzərindən ataraq onu Konstitusiya Məhkəməsi ilə bölüşüb: “Sülh müqaviləsinin imzalanması kontekstində Azərbaycan iddia edir ki, Ermənistanın konstitusiyasında ərazi iddiaları var. Konstitusiyanın mətni ilə bağlı rəsmi şərh vermək yalnız Ermənistanın Konstitusiya Məhkəməsinin səlahiyyətindədir”.

Bu azmış kimi o, Azərbaycan konstitusiyasını da şərləməklə onu ölkəsinin təcavüzkar əsas qanunu ilə eyniləşdirməyə çalışıb.

CALİS.jpg (31 KB)

1995-ci ildə qəbul edilmiş Azərbaycan konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Konstitusiya aktında da Ermənistana və başqa region dövlətinə qarşı ərazi iddiası irəli sürülməyib. Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiya aktında isə milli dövlətin qurulması üçün prinsiplər açıqlanıb. Həmin prinsiplər Paşinyanın Azərbaycan konstitusiyasına şər atdığını təsdiqləyir.

Nikol Paşinyan və komandası Ermənistan konstitusiyasını dəyişəcəklərindən tez-tez bəhs edərdilər. Ancaq son zamanlar bu məsələ ilə bağlı bəhanələr uydurmağa başlayıblar. Paşinyanın əsas qanuna Konstitusiya Məhkəməsinin şərh verməsi haqqında açıqlaması da yeni bəhanədir. Üç ilə yaxındır o bu barədə indi danışır. Ötən müddət ərzində Konstitusiya məhkəməsi niyə şərh verməyib? Paşinyan həmin məhkəmənin hökumətin siyasi iradəsinə sahib olmadığı oyununu oynamaqla demokratiyanı və demokratik rejimləri ələ salır. Çünki Paşinyan 2018-ci ilin mayından bu məhkəmə orqanını özününküləşdirmək üçün addım atır.

Ermənistanın “Müstəqillik haqqında konstitusiya aktı”nda qondarma soyqırımı və Qars müqaviləsi ilə bağlı uydurma fikirlər öz əksini tapıb.

Yeri gəlmişkən, ölkənin əsas qanunu 1995-ci il iyulun 5-də ümummilli erməni referendumu nəticəsində qəbul edilib. 2005-ci il noyabrın 27-də keçirilən referendumda düzəlişlər olunub. 2015-ci il dekabrın 5-də keçirilmiş növbəti ümumxalq səsverməsindən sonra yenidən konstitusiyada dəyişikliklər olunub. Bununla da dövlətin siyasi quruluşu yarı prezident respublikası sistemindən parlamentli respublikaya dəyişdirilib.

DEYİSD.jpg (48 KB)

Altı il əvvəl, hələ Azərbaycan torpaqları işğal altında olanda Nikol Paşinyan hökuməti konstitusiya islahatı aparacağını vəd edirdi. Ovaxtkı ədliyyə naziri Rüstəm Badalyan bu siyasi kampaniyanı 2020-ci ildə aparacaqlarını bildirirdi. Ancaq ötən altı il ərzində rəsmi İrəvan bu istiqamətdə addım atmayıb. Sonra 2027-ci ildə yeni əsas qanun qəbul edəcəklərini, daha sonra bir-iki ilə qəbul olunacağını bildirdilər. İndi də bu məsələnin taleyi Konstitusiya Məhkəməsinin ümidinə qalıb. Deməli, əsas qanunla bağlı problemin həlli siyasi iradədən, Nikol Paşinyanın açıqlamalarından deyil, qərarından asılıdır.

Fransanın xarici işlər naziri Jan-Noel Barro bu günlərdə bildirib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsinə ehtiyac yoxdur. Rəsmi Parisin bu müdaxiləsi Nikol Paşinyanın “sülh şəraitində dinc yanaşı yaşamaq”, “sülh sazişinin imzalanması” ilə bağlı verdiyi açıqlamaları alt-üst edir. Məlum olur ki, Paşinyan Cənubi Qafqazda xarici qüvvələrin istəklərinin ifaçısı, sözçüsüdür. Elə örnək olaraq göstərdiyimiz bu iki açıqlamada onu təsdiqləyir.

Bunun ardınca Paşinyan eyni zamanda həm sülh sazişi, həm də ATƏT-in Minsk qrupunun buraxılması təklifi ilə çıxış edərək avantürist olduğunu nümayiş etdirir. Çünki bu mərhələyə çatmaq üçün yuxarıdakı şərtin, təcavüzkar konstitusiyanın dəyişməsi vacibdir. ATƏT-in Minsk qrupunun ləğvi isə şərtlərdən ikincisidir. Birinciyə əməl edilmədən ikincinin icrasının mümkünsüzlüyünü bildiyindən o, özünü yeni təklifin təşəbbüskarı kimi sırımağa çalışıb.

CALİSS.jpg (57 KB)

"Mən dəfələrlə bəyan etmişəm ki, bu gündəm Ermənistan Respublikası üçün məqbuldur. Əgər biz Qarabağ münaqişəsi səhifəsini bağlayırıqsa - biz bunu edirik, Qarabağ münaqişəsi ilə məşğul olan strukturun mövcudluğunun nə mənası var?", - N.Paşinyan deyib.

Bu halda Paşinyana cavab sualı yaranır: “Niyə ləğv etmir, onu sülh sazişi imzalanandan sonraya saxlayırsınız?”

Daha bir məsələ. Baş nazir bildirib ki, ölkə Silahlı Qüvvələrinə Azərbaycanla şərti sərhəddə atəş açılmayacağına dair göstəriş verib. O, bununla Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın müvəqqəti sərhəddə atəşkəsi pozduğuna dair məlumatlarını təsdiqləyir. Nikol Paşinyan bilməyərəkdən Avropa İttifaqının müvəqqəti sərhəddəki mülki müşahidə missiyasının atəşkəsin pozulması istiqamətində fəaliyyətsizliyini də təsdiqləyir.

Son illərin hadisələri isbatlayıb ki, Azərbaycan və Türkiyənin məsləhətlərinə və təkliflərinə əməl edəndə Ermənistan da uğur qazanır. Məsələn, rəsmi Bakının ikitərəfli, birbaşa təklifini qəbul edəndən sonra sülh sazişi ilə bağlı sənəd də hazır oldu. Sərhədlərin müəyyənləşməsi istiqamətində də müəyyən addım atıldı. Rəsmi İrəvan yenə regiondan kənar qüvvələrin "ağzına" baxmağa başlayıb.

BASLAY.jpg (28 KB)

Ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fransız həmkarı Jan-Noel Barro ilə telefon danışığı olub. Diplomatlar regional və ikitərəfli məsələləri müzakirə ediblər. Paşinyanın parlamentdəki çıxışından sonra bu telefon söhbətinin vaxtının üst-üst düşməsi, yəqin ki, təsadüfi sayılmır.

Sanki “gəlişigözəl açıqlamalar ver”, deyib, onu təlimatlandırıblar. Nikol Paşinyanın parlamentdəki məlum açıqlamaları da bundan xəbər verir. Baş nazir də bu xətt üzrə hərəkət edir, bəyanatlar verir.

Parlamentdə bəhs etdiyimiz mövzulardakı çıxışı ilə Paşinyan özünü gözə soxub, danışıqlar, sazişin imzalanması kimi məsələlərə liderlik etdiklərini göstərməyə çalışır. Lakin rəsmi Parislə məsləhətləşmələrlə həm özü, həm də keşvəri (ölkəsi) gözdən düşür. Ermənistan təsis edildiyi gündən kənar qüvvələrin təlimatı ilə hərəkət edib. Bu adətini tərgidə bilməyən İrəvan indi də Parisin "rejissor çubuğu" ilə idarə olunur. Ancaq tarix bu qaydada mövcudluğun uzun sürmədiyini təsdiqləyb. Çünki “göstərən saətdə dövarni-fələk bir inqilab, həm özü fani olar, həm leşgəri, həm keşvəri”...

Sədrəddin İsmayılov
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR