İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı vətəndaş müharibəsi ilə təhdid edirlər - revanşistlərin avantürası

Köçəryan-Sərkisyan-Ohanyan üçlüyünün sülhə mane olmaq planı ifşa olunur

Ermənistanda revanşist qüvvələrin keçirdiyi kütləvi aksiyalarda qarşıdurma, zorakılıq halları hər keçən gün artır. Robert Köçəryan-Serj Sərkisyan-Seyran Ohanyan üçlüyü rəhbərlik etdikləri cinayətkar qrupları hökumət qüvvələri ilə əlbəyaxa davaya, zorakılıq metodları ilə mübarizəyə təhrik edir. Bu barədə Ermənistan mediasında məlumatlar yayılır, həmçinin bir sıra erməni siyasətçilər açıq bəyanat verirlər. Ölkədə idarəolunmaz xaosun yaranması üçün radikal revanşistlərin polisə və ya başqa hökumət qüvvələrinə silahlardan istifadə etməyə hazırlaşdıqları haqda xəbərlər yayılır. Deyilənlərin gerçəkləşməsi isə Ermənistanda vətəndaş müharibəsi ssenarisinin işləndiyinə və bu ssenarinin baş nazir Nikol Paşinyanı devirməyə hədəfləndiyinə şübhə yeri qoymayacaq.

Apreldən başlayan vətəndaş itaətsizliyi aksiyaları zamanı ilk dəfə olaraq polis bir neçə gün öncə aksiyanı dağıtmaq üçün səs-işıq qumbaralarından istifadə edib. Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, mitinqdən sonra tibb məntəqələrinə 60 nəfər müraciət edib. Onlardan 39-u polis əməkdaşı olub. Belə görünür ki, revanşistlər hökuməti zorakılıq meydanına çəkməyə nail olmaqdadırlar.

Xatırladaq ki, radikal müxalifət aprelin 25-dən başlayaraq baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiya və yürüşlərində Azərbaycan əraziləri ilə bağlı təxribatçı çağırışlar da edirlər.  

Əli Orucov: “Siyasi təşkilatların xaricdən maliyyə dəstəyi alması  yolverilməzdir”

 Əli Orucov

Ermənistanda “Qazaxıstan ssenarisi” mümkündürmü? Revanşist müxalifət, xüsusilə Qarabağ klanı meydana silahlılar çıxara bilərmi?

Siyasi şərhçi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Ermənistandakı proseslər kənardan idarə olunur. 44 günlük müharibədən sonra Azərbaycanın möhtəşəm qələbəsi regionda yeni reallıqlar yaratdı və regiona marağı olan qüvvələrin də buna uyğun olaraq münasibətlərində ciddi dəyişikliklər baş verdi: “Qələbəmizədək xarici güc mərkəzləri Azərbaycana təzyiqlər edərək güzəştlərin vacibliyini deyirdilərsə artıq belə təzyiqlər də belə tələblər də demək olar ki, yoxdur. Eyni zamanda Rusiya Cənubi Qafqazda, xüsusən də Ermənistanda əsas oyunçu və güc sahibi idisə, tədricən bu mövqeyini də itirməkdədir. Təşəbbüsü artıq Qərb  və Türkiyə ələ almaqdadır. Bunu Moskva anlayır. Odur ki, öz mövqeyini əldən verməmək üçün əlaltılarını dövrəyə buraxıb. Paşinyanı vətəndaş müharibəsi ilə təhdid edirlər. Ölkədə xaos yaradılması üçün cəhdlər buna hesablanıb. Hesab edirəm ki, təkcə Ermənistanda deyil, ermənilərin vasitəsilə Azərbaycanda da müəyyən gərginliklər yaratmağa can atırlar. Çünki erməni maşası həmişə Moskvaya lazım olub və bu alətdən istifadə edib. Bir qədər praqmatik düşünən ermənilər artıq anlamağa başlayırlar ki, Ermənistanın bundan sonrakı dövrdə Azərbaycan və Türkiyə ilə konfrontasiyası dəhşətli faciə ilə nəticələnə bilər və oyuncaq Ermənistan dövləti xəritədən silinər. Lakin Kremlin diqtəsi ilə hərəkət edən revanşıstlər hələ də Moskvaya ümidlərini itirməyiblər. Onlar düşünürlər ki, Rusiyanın bölgədə yeni yaranmış situasiyanı dəyişmək istəyi mövcuddur və Moskvanın bu marağı Ermənistanda Paşinyanı hətta silahlar işə salınmaq bahasına olsa da hakimiyyətdən salmağı qaçılmaz edə bilər. Ona görə də mümkün olduğu qədər ölkəni daxildən qarışdırmaq planı işə keçib və ”Paşinyan olduğu müddətdə xaos qaçılmazdır, vətəndaş müharibəsi təhlükəsi var" təbliğatı bütün gücü ilə aparılır".

Ə.Orucov hesab edir ki, şimal qonşumuz Ermənistanı yenidən öz orbitinə tam qaytarmaq və manevr imkanlarını məhdudlaşdırmaq üçün müxtəlif ssenarilər üzərində işləyə bilər: “Bugünlərdə müzakirə edilən Qazaxıstan variantı da nəzərdən keçirilə bilər. Amma mən Ermənistana KTMT-nin silahlı qüvvələrinin yeridilməsini ehtimal eləmirəm. Çünki Qərb və ABŞ-la açıq qarşıdurmaya getməyi heç ermənilər də istəməzlər. Bu variantın özü də Ermənistan üçün intihar kimi bir şeydir. Hər nə qədər də olsa Rusiyanın düşdüyü indiki vəziyyəti görürlər.

Rusiya və onun Ermənistandakı “uşaqları” gərginlik yaratmaqla indiki siyasi hakimiyyətə, Moskvadan canını qurtarmağa çalışan Paşinyana təzyiq göstərməyə çalışırlar. Və buna da müəyyən mənada nail olunur. Bu isə təəssüf ki, sülh prosesinə öz mənfi təsirini göstərir. Lakin bunu uzun müddət əngəlləyə biləcəyi real görünmür".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR