İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı sülhdən yayınmağa kim məcbur edir? - gizlində razılaşıb, yoxsa...

Politoloq: “Konfrontasiya bu dəfə də Azərbaycanın qələbəsi ilə nəticələnəcək, Azərbaycan hazırda ermənilərin yaşadığı ərazilərində də suverenliyini bərpa edəcək”

Azərbaycanın sülh çağırışlarına Ermənistandan yenə qeyri-adekvat reaksiyalar müşahidə edilməyə başlayıb. Ermənistan baş naziri Nikol Paşinyan da danışıqları pozmağa yönələn açıqlamalar verib. Ermənistanın danışıqları pozmağa cəhd etməsi və Azərbaycanın bu mövqeyə sərt münasibəti bölgədə növbəti müharibə riski yaradırmı?

Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq forumda Ermənistanın ünvanına səsləndirdiyi sərt ittihamlar isə rəsmi Bakının səbrinin son həddə olduğunu göstərir.

Prezident İlham Əliyev son çıxışında deyib ki, biz kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata əməl edəcəyini gözləyirik ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olsun: “Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin əfsuslar olsun ki, indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, qəbuledilməzdir. Birincisi, bu, Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda sanki bir disbalans yaradır. Çünki eyni bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir və biz bununla razılaşmayacağıq. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Bu, mənə əvvəlki danışıqlar dövrünü xatırladır ki, Ermənistan o zamanlar vaxt udmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi. Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu. Nəticə o oldu ki, Ermənistanın ideoloji bazası tamamilə darmadağın edildi. Otuz illik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, onlar dünya ictimaiyyətinin gözündə işğalçı və təcavüzkar oldular. Müharibə başa çatdıqdan sonra artıq hər kəs görə bilər ki, onlar işğal dövründə oraları necə viran qoyublar.

Beləliklə, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var".

Ermənistanın danışıqlarda özünü normal apardığı haqda rəyin formalaşdığı bir vaxtda Paşinyanın məlum bəyanatları verməsinin səbəbləri nə ola bilər? Bəlkə o, gizlində Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşıb, sadəcə, ictimai basqıdan özünü və hakimiyyətini qorumaq üçün belə bəyanatlar verib, hədəfdən yayınır?

Sülh danışıqlarının dalana dirənməsi Azərbaycan üçün hansı imkanları yaradır? “Hər şərdə bir xeyir var” deyimini yada salsaq, demək olarmı ki, rəsmi İrəvanın bu mövqeyi əslində strateji olaraq Azərbaycana sərf edir? Günün birində antiterror əməliyyatlarına başlayıb, işğaldakı digər torpaqları da azad edə bilərikmi?

Azərbaycanla Ermənistan arasında razılaşma rəsmi Moskvanı narahat edir”

Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın son vaxtlar Cənubi Qafqazda münasibətlərin tənzimlənməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklər və mövcud reallıqlara uyğun olmayan addımlar atması heç də o demək deyil ki, Ermənistan Azərbaycanla növbəti hərbi toqquşmaya hazırlaşır: "Çünki Ermənistan tərəfi çox gözəl dərk edir ki, Azərbaycanla konfrantasiyaya gedilməsi, yeni müharibə başlaması Ermənistan dövləti üçün çox ciddi faciələrə, hətta Ermənistanın dünya tarixindən silinməsinə gətirib çıxara bilər. Bu mənada mən hesab edirəm ki, Azərbaycan dövlətinin Ermənistanı mümkün qədər sülhə cəlb etməyə çalışması, Cənubi Qafqazdakı proseslərdə bərabərhüquqlu tərəf kimi çıxış etməyə çağırması heç də Azərbaycanın Ermənistana olan ehtiyacından irəli gəlmir. Çünki ötən təxminən 30 il ərzində Azərbaycan dövləti hətta torpaqlarımız işğal altında olduğu dövrdə belə Ermənistanı bir çox qlobal layihələrdən, enerji loqistik layihələrdən kənarda saxlamağı bacarmışdı və öz maraqlarını təmin edə bilmişdi. Bundan sonra da hesab edirəm Azərbaycan dövlətinin həm siyasi iradəsi, həm iqtisadi gücü yetərlidir ki, Azərbaycan öz maraqlarını təmin edərək sülhə gəlmək istəməyən Ermənistanı bundan sonra da Cənubi Qafqazda baş verən böyük iqtisadi layihələrdən davamlı şəkildə kənarda saxlaya bilsin. Xüsusilə nəzərə alsaq ki, artıq Azərbaycan dövləti işğalda olmuş torpaqlarını azad edərək gücünə güc qatıb”.

Ekspertin sözlərinə görə, bu gün Cənubi Qafqazda baş verən proseslərin Azərbaycanın maraqları və iradəsi xaricində reallaşdırılması demək olar mümkün olmayan bir hala gəlib: “Bu mənada mən hesab edirəm ki, Azərbaycanın Ermənistanı cidd-cəhdlə bütün mümkün variantlarla reallıqlara adekvat reaksiya verməyə dəvət etməsi Azərbaycanın humanist mahiyyətindən, eyni zamanda öz maraqları ilə yanaşı, həm də Cənubi Qafqazın da maraqlarına xidmət etməsindən irəli gəlir. Azərbaycan bölgəmizi sülh bölgəsi kimi görmək istəyir. Əslində Azərbaycan Ermənistana bununla bölgəmizi sürətlə inkişaf edən regiona çevirməklə Ermənistanın düşdüyü ağır sosial iqtisadi problemlərinin həlli yollarını təklif etmiş olur. Ermənistan dövləti müstəqil siyasi iradəyə və müstəqil siyasətə, iqtisadiyyata sahib olmayan bir dövlət olaraq Cənubi Qafqazdakı proseslərə yeni bir axar verə biləcək iradədə və gücdə də deyil. Ermənistanın ağaları, sahibləri indiki situasiyada Cənubi Qafqazda yeni bir münaqişə ocağının yaranmasına qətiyyən yol verməzlər. Ona görə də Ermənistandan səslənən sərsəm bəyanatlar yalnız bəyanat həddindədir və bu həddən kənara çıxa bilməz. Bunu Ermənistanın həm hakimiyyəti, həm də revanşist müxalifəti gözəl bilir.  Konfrontasiya bu dəfə də Azərbaycanın qələbəsi ilə nəticələnəcək, Azərbaycan hazırda ermənilərin yaşadığı ərazilərində də suverenliyini bərpa edəcək.

Zəngəzur dəhlizi məsələsi ilə bağlı Azərbaycanın strategiyası son dərəcə düzgün və dəqiqdir. Burada da Azərbaycanın istədiyi olacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR