İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Soçi görüşü ərəfəsi “dəhliz” təlaşı - Nikol öz imzasından da narahatdır

Erməni baş nazir üçtərəfli görüşdə Zəngəzur dəhlizi ilə bağlı təzyiqlə üzləşəcəyinə işarə edir, Bakı Qərb variantına qarşıdır?..

Ermənistan baş naziri Nikol Paşinyan Soçi görüşü ərəfəsi açıqlama verib. Baş nazir deyib ki, Rusiya və Azərbaycan liderləri ilə fəal müzakirə aparılmalı olan çoxlu məsələlər var.

“Yeni Müsavat” bildirir ki, bunu o, parlamentdə deyib. Paşinyanın sözlərinə görə, Rusiyada kimlərsə Ermənistan üzərindən hansısa “dəhliz” mövzusunu inkişaf etdirməyə çalışırlar. Qeyd edib ki, üçtərəfli işçi qrupu çərçivəsində əldə olunan razılaşmalara rəğmən, yenə dəhlizlə bağlı tək Azərbaycan tərəfdən deyil, başqa ünvanlardan da “bəzi bəyanatlar” səslənir. “Rusiyada bəzi şəxslər Rusiya prezidentinin bəyanatlarına, imzalanmış sənədlərə və Rusiya Xarici İşlər Nazirliyinin, Rusiya Baş Nazirinin müavininin bəyanatlarına zidd olaraq bu narrativi inkişaf etdirməyə cəhd edirlər”, - Paşinyan narahatlıqla vurğulayıb.

N.Paşinyana görə, bəyanat layihələri həmişə qabaqcadan hazırlanır. “O ayrı məsələ ki, mətn üzərində işləyəndən sonra yekun sənəd nə olacaq”, - deyə o əlavə edib.

“Hraparak” qəzeti isə yazıb ki, N.Paşinyan Soçidəki görüşdə hətta ölkədə hakimiyyət dəyişikliyi təhlükəsi olsa belə, “sülh müqaviləsi”nin Rusiya variantını imzalamayacağını bildirib. “Paşinyan onu da deyib ki, xalq hakimiyyətin tərəfindədir və o, Rusiyanın təhdidlərindən qorxmur. O həmçinin bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev də Qərb variantının əleyhinə olduğu üçün saziş yaxın vaxtlarda imzalanmayacaq. Azərbaycan gərginliyi saxlamaqla dəhliz məsələsində istədiyinə nail ola biləcəyinə ümid edir”, - deyə qəzet iddia edib.

Sual ortaya çıxır: rəsmi Bakı doğrudanmı sülh müqaviləsinin Qərb variantının əleyhinədir və niyə? Axı bildiyimiz qədər məhz Rusiya variantında status məsələsinə cəhdlər var, nəinki Qərb (Brüssel) variantında. Bəs Paşinyan niyə və nədən narahatdır? “Rusiyada bəzi şəxslər” deyəndə o, kimləri nəzərdə tutur? Bəlkə Nikol Soçidə Zəngəzur dəhlizi ilə bağlı təzyiqlə üzləşəcəyinə işarə edir? Hər halda gerçək belədir ki, Azərbaycan bu məsələ ilə bağlı da Rusiyadan narazıdır (10 noyabr sənədinin 9-cu bəndi). Bakının ikinci ən ciddi narazılığı erməni qanunsuz silahlı dəstələrinin hələ də Qarabağda qalmasıdır (4-cü bənd). Putin heç olmasa, bu iki məsələnin hansısa birində irəliləyişə nail ola biləcəkmi?

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, 10 noyabr sazişinin qarantı Rusiya prezidentidir: “Azərbaycan atəşkəs olandan sonra üzərinə düşənləri yerinə yetirib: Laçın koridoruna alternativ yol açılıb, əsirlər təhvil verilib. Ermənistan isə öhdəlikləri icra etmir - nə Qarabağdan silahlılar çıxır, nə nəqliyyat xətlərinin bərpasına başlayır. Biz də hər dəfə xatırladırıq ki, üzərinə düşənləri yerinə yetir! Eyni zamanda, Rusiyadan da qarant dayanan tərəf kimi bunları tələb etməyə haqqımız çatır. Amma son dövrlər Qərbdən fəallaşma müşahidə olunur və Ermənistanı qızışdırırlar, ona siyasi dəstək verirlər. Nəticədə İrəvan Qərbin himayəsinə arxalanaraq 10 noyabr sazişinin müddəalarını icra etmir. O səbəbdən Rusiyanın təşəbbüsü ədalətlidir və balanslaşdırılmış mövqe tutmaqdadır. Putin öz imzasına sahib çıxmaq üçün bu məsələləri gündəmə gətirir. Təəssüf ki, Qərb Cənubi Qafqazda stabilliyi pozmaqdadır. Beləcə hazırda rəqabət getməkdədir. Ancaq bizim üçün fərqi yoxdur, Qərb, yoxsa Rusiya platforması olsun, əsas nəticə lazımdır”.

A.Məsiyevin fikrincə, sadəcə Qərbin təklif etdiyi variantlar ədalətli deyil: “Fransa aşkar qərəzli mövqe tutmaqdadır, Birləşmiş Ştatların prezidenti Paşinyana məktubunda ”Dağlıq Qarabağ xalqı" ifadəsini işlədir. Bu cür mövqe Ermənistanı qızışdırır ki, Rusiyadan gələn təşəbbüsləri rədd etsin. Ancaq Azərbaycanın da səbrinin bir həddi var. Əgər razı olmasalar, sülhə məcburetmə əməliyyatı həyata keçirmək ixtiyarımız var. Buna da əsaslarımız var: Azərbaycanın özü müdafiə etmək hüququ var, çünki tez-tez ermənilər təxribata əl atır, ərazilərimizi minalayır, ikincisi, əldə edilmiş razılaşmaların icrasından yayınırlar. Üstəlik, tarixi torpaqlarımızda bufer zona, yəni təhlükəsizlik zolağı yarada bilərik. Misal üçün, İsrail-Fələstin arasında, Suriyada oxşar bufer zonalar var. Həmçinin torpaqlarımız işğal ediləndə deyirdilər ki, Xankəndi ilə bufer zona yaratmaq üçün 7 rayonu tutublar. Ona görə indi bizim də təhlükəsizlik zolağı yaratmaq hüququmuz var".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR