İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yeni seçki oyunu qurur - məqsədi budur...

Erməni baş nazir “cib müxalifəti” yaradır və səfir Marukyan bu prosesdə önə verilir - ekspertlərin rəyi

Ötən həftəsonu Ermənistanda xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyanın qəfildən, “xarici siyasət məsələlərində fikir ayrılığı” səbəbindən istefa verməsi ciddi müzakirə mövzusu olub. “Yeni Müsavat” bildirir ki, əksər erməni politoloqlar bu istefanın ərizədə göstərilən kimi olmasını mümkünsüz sayır. Çünki Marukyan heç vaxt müstəqil fikir sahibi olmayıb və yalnız tapşırıqları icra edib. Onun gözlənilmədən istefası da Ermənistan-Azərbaycan münasibətlərində “barışmaz mövqeyi ilə” bağlı deyil. Bəs Marukyanın istefasının səbəbi nədir?

Erməni siyasi şərhçi Avetis Babacanyan düşünür ki, Nikol Paşinyan ona istefa ərizəsi yazmağı təklif etməklə, əslində Marukyanı “xarici siyasət üzrə xüsusi tapşırıqlar üzrə səfir” vəzifəsindən alaraq, daxili siyasət üzrə “xüsusi tapşırıqlar yerinə yetirən şəxs” təyin edib. Belə ki, Marukyan qısa müddətdə Paşinyanın əsas tənqidçisi olacaq, Rusiya ilə münasibətlərin inkişafının tərəfdarı kimi çıxış edəcək, nəhayət, seçkilərə partiyasını gücləndirərək aparacaq və rusiyayönümlülərin səsini parçalamağa nail olacaq. Marukyan həm də Rusiya ilə əlaqələr quraraq, Paşinyana məxfi xəbərlər və Rusiyanın gizli oyunları haqda məlumat daşımaqla məşğul olacaq. Belə desək, Nikol Edmon vasitəsilə “rusiyayönümlü cib müxalifəti” formalaşdırır, əsl ruspərəstlər arasında parçalanmaya səbəb olur, onların seçkidəki səslərinin bir hissəsi Marukyana gedir, nəticədə Moskvadan təlimat alan müxalif partiyalar arasında təmərküzləşmə baş vermir. 

Bu mövzuda ermənilərin “Hraparak” nəşri də yazır ki, Marukyanın fevralın 29-da səfir postundan istefa verməsinin səbəbi ölkədə keçiriləcək növbədənkənar seçkilərlə bağlıdır. Nəşrin yazdığına görə, Paşinyan-Marukyan tandemi “saxta fikir ayrılıqları” yaratmağa çalışır ki, qarşıdan gələn seçkilərdə Edmonun rəhbərlik etdiyi “Parlaq Ermənistan” özünü müxalifət kimi göstərib parlamentə daxil olsun. Qəzet qeyd edir ki, “Paşinyan bununla da idarə olunan və proqnozlaşdırıla bilən müxalifət formalaşdırır”. Xatırlatmaq yerinə düşər ki, fevralın 29-da Marukyan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən istefa ərizəsini Ermənistanın baş nazirinə təqdim edib. O qeyd edib ki, son vaxtlar fundamental siyasi məsələlərə baxışdakı fərqliliklər onun “xarici siyasət cəbhəsində” iştirakını davam etdirməsini qeyri-mümkün edib. O, fərqlərin nədən ibarət olduğunu açıqlamayıb. 

Lakin həqiqətənmi Paşinyan anti-Azərbaycan mövqeli şəxsləri “təmizləyir”, yoxsa erməni mediasının və analitiklərinin dediyi kimi, erkən seçkilərə hazırlaşır, sistem müxalifəti yaradır? Ümumiyyətlə, növbədənkənar seçkidə Paşinyan uduzar, yoxsa Rusiya aranı qatar?  

Samir Əsədli: “Bu birmənalı şəkildə Laçın dəhlizinin bağlanması ilə  nəticələnəcək” - pia.az

Samir Əsədli 

“Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, Marukyanın istefası erməni mətbuatının təqdim etdiyi kimi ola bilər, lakin böyük ölçüdə dəyişiklik yaratmayacaq. S.Əsədlinin sözlərinə görə, əvvəllər də Paşinyan kabinetini Qarabağ və Azərbaycan məsələlərinə görə tərk edənlər olub: “Xarici işlər naziri Ara Ayvazyan var idi, Paşinyanla fikirləri üst-üstə düşmədiyi üçün istefa verdi. Keçmiş müdafiə naziri də komandada yer almadı. Marukyan son dövrlərdə hakimiyyətin mövqeyini bölüşmürdü. Amma onun yerini doldurmaq Nikol üçün çətin olmayacaq”. Partiya funksioneri Marukyanın iqtidarın təlimatı ilə “rus müxalifəti”nin içinə daxil olacağını istisna etmir: “Ermənistanda anti-Rusiya ovqatı güclənir. Qarabağdakı nəticələrdən sonra xalqın Rusiyaya inamı ölüb. Paşinyan kabineti də bu ictimai rəyi körükləyir. Onlar Rusiyanın Ermənistanda hərbi varlığına son qoymaq istəyirlər. Ancaq bu çoxkombinasiyalı oyunda manevr üçün Paşinyana əlini gücləndirməyə müxtəlif siyasi gedişlər lazımdır. Bunun üçün şahmat masasında fərqli fiqurlardan istifadə edə bilər. Mümkündür ki, Marukyan da səhnədə bu rolu alsın və ruspərəst müxalifət içində parçalanma, qovğa yaratsın. Bu işdə amerikalı diplomatların da Paşinyan komandasına verdiyi məsləhətlər az deyil”.

Elxan Şahinoğlu - Bioqrafiya.com

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, Marukyanın istefa verəcəyini haradasa proqnozlaşdırmaq mümkün idi, çünki bu müddət ərzində Paşinyan və hökumət üzvlərinin açıqlamalarına tərs olan çıxışlar edirdi, Azərbaycanın əleyhinə daha sərt ittihamlar səsləndirirdi: “Paşinyan hökumətindən başqa ayrılmaların da olması ehtimallar içərisindədir. Lakin hələ ki Ermənistan baş naziri öz komandasını qorumağı bacarır. Komandada eyni çıxışlar edən və mövqe sərgiləməyə çalışan dörd əsas fiqur var. Bunlar baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır. Hələ ki sadaladıqlarımız arasında fikir ixtilafı yoxdur. Marukyana gəldikdə isə o, müxtəlif partiyaların üzvü və xarici işlər nazirinin müavini olub. Ona görə də Marukyan özünü sığortalamaq naminə hökumətin Azərbaycanla bağlı siyasətini bölüşmədiyi üçün komandadan ayrıldığını deyəcək. Daşnaklar və digər radikal qüvvələr Marukyanı öz tərəflərinə çəkməyə çalışacaqlar. Həmin qrupların içərisində hökumətdən ayrılanlar və ya əvvəllər ən yüksək vəzifədə olanlar var. Lakin bu, heç nəyi dəyişməyəcək. Marukyanın istefasının Paşinyanın mövqelərini zəiflətməsi və ya Azərbaycanla danışıqlara təsiri inandırıcı deyil”.

Emil SALAMOĞLU  
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR