İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan, sülhü imzalama!" - Ermənistanda sülhə qarşı qiyam

"Erməni İnqilabi Federasiyası – Daşnaksutyun Partiyası bəyanat yayaraq Paşinyan hakimiyyətinin Azərbaycanla imzalamaq istədiyi sülh sazişinə qarşı çıxdığını bildirib. Partiya iddia edir ki, müzakirə edilən sənəd Ermənistan-Azərbaycan sərhədini dəqiqləşdirmir və Azərbaycan Silahlı Qüvvələrinin “Ermənistan ərazilərindən” çıxarılmasını təmin etmir".

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.

zeyba-2.jpg (52 KB)

Politoloq qeyd edir ki, eyni zamanda, daşnaklar sülh sazişinin “Artsax”la bağlı ermənilərin gözləntilərinə cavab vermədiyini bildirirlər:

"Onların bu mövqeyinə keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi Hayastan Bloku və Respublikaçılar Partiyası da qoşulub. Qeyd etmək lazımdır ki, bu qüvvələr əvvəl birlikdə fəaliyyət göstərib və eyni komandanın üzvləri olublar. Onların bu açıqlaması Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirmək cəhdi kimi də qiymətləndirilə bilər".

Politoloq bildirir ki, etirazlar yalnız siyasətçilərlə məhdudlaşmır:

"Erməni Qriqoryan Kilsəsi də sülhün əldə edilməsinə qarşı çıxır. Tarixən revanşizmin əsas dayaqlarından biri olan erməni kilsəsi, dini mərkəz olmasına baxmayaraq, uşaqlara hələ kiçik yaşlardan “Böyük Ermənistan” ideologiyasını aşılayır. Paşinyanın sülh müqaviləsini imzalaması kilsənin erməni cəmiyyəti üzərindəki təsirini zəiflədə bilər. Məhz buna görə kilsə sülhə mane olmağa çalışır.

Sülhə qarşı çıxan digər qüvvə isə erməni diasporudur. Onların ideoloji və maliyyə dayaqları tamamilə “türk düşmənçiliyi” üzərində qurulub. Ermənistanın sülh müqaviləsi imzalaması erməni diasporunun təsir gücünü sarsıda bilər. Diasporun illərlə qurduğu diplomatik təsir mexanizmləri və topladığı maliyyə mənbələri məhz bu düşmənçilik ideyasına əsaslanır.

Bundan əlavə, Ermənistan ordusu da sülhə qarşı çıxır. Sülh sazişi imzalanarsa, hökumətin ordunun sayında ciddi azalmaya gedəcəyi və hərbi xərclərin azalacağı gözlənilir. Bu isə korrupsiyaya bulaşmış ali zabit heyətinə sərf etmir. Beləliklə, ordu rəhbərliyi müharibənin davam etməsində və sərhəddə toqquşmaların baş verməsində maraqlıdır.

Bütün bunlarla yanaşı, İrəvanda gizlənən Qarabağ separatçıları da revanşist çağırışlarla gündəmdə qalmağa çalışırlar. Onlar hələ də hansısa xarici dövlətin onları yenidən Qarabağa qaytaracağına ümid edirlər.

Lakin regionda əsas söz sahibi Azərbaycandır. Ermənistan ordusunun davamlı atəşkəsi pozması və sərhəddə törətdiyi təxribatlar Azərbaycanın ehtiyatlı mövqeyinin haqlı olduğunu göstərir. Bütün bu proseslər fonunda Paşinyan hökuməti getdikcə revanşist qüvvələrə təslim olur".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR