Onlayn ictimai-siyasi qəzet
“Son illərdə dünyada müşahidə edilən geosiyasi gərginliklər, xüsusilə də Rusiya-Ukrayna müharibəsindən sonra bəzi ölkələr özlərinə qarşı qeyri-dost mövqe sərgiləyən dövlətlərin siyahısını rəsmi şəkildə açıqlamağa başlayıblar”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, Azərbaycan da bəzi ölkələr tərəfindən qeyri-adekvat, belə deyək, düşmənsayağı münasibətlə qarşılaşır:
“Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə bəzi dövlətlərin ölkəmizə qarşı açıq qərəz nümayiş etdirdiyinin şahidi olduq. Cənab Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, müharibə zamanı bir çox ölkələr anti-Azərbaycan mövqeyi tutaraq, ikili standartlarla çıxış ediblər”.
Deputat əlavə edib ki, vaxtı ilə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmayan, Ermənistanın işğalçı siyasətini dəstəkləyən, müxtəlif tribunalar vasitəsilə ölkəmizə qarşı əsassız və birtərəfli qətnamələr qəbul edən ölkələrin bir qismi bu gün də o cür dost olmayan yanaşmadan əl çəkməyiblər: “Bu kontekstdə Fransa xüsusilə önə çıxır. Ermənistanı açıq şəkildə dəstəkləyən, Azərbaycanın haqlı mövqeyini görməzlikdən gələn Fransa, eyni zamanda Avropa Parlamentində və digər beynəlxalq platformalarda anti-Azərbaycan təşəbbüslərin baş sponsoru rolunu oynayır. Bundan başqa, Belçika, Niderland, Lüksemburq kimi ölkələrin parlamentləri də dəfələrlə ermənipərəst sənədlər qəbul etməklə ölkəmizə qarşı dost olmayan mövqe nümayiş etdiriblər. Maraqlıdır ki, bu dövlətlər insan hüquqları və beynəlxalq hüququ əsas tutduqlarını bildirsələr də, Azərbaycanın 30 il işğalda qalan torpaqları ilə bağlı heç bir ədalətli mövqe sərgiləmədilər”.
V.İskədərov qeyd edib ki, qonşularımız arasında da hər zaman birmənalı dost münasibətini görmürük:
“Yalnız Türkiyə və Gürcüstanla münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Digər qonşu dövlətlərlə əməkdaşlığımız və dialoqumuz davam edir, lakin hər zaman ehtiyatlı və soyuqqanlı siyasət yürütməyə məcburuq. Bütün bu faktlara əsaslanaraq demək istəyirəm ki, Azərbaycan bu gün öz milli maraqlarını müdafiə edən, müstəqil və prinsipial siyasət yeridən dövlətdir. Rəsmi şəkildə “dost olmayan ölkələr” siyahısının açıqlanması bu mərhələdə diplomatik baxımdan uyğun olmasa da, həm cəmiyyət, həm də siyasi təhlilçilər reallığı görür və qiymətləndirirlər. Azərbaycan cəmiyyəti artıq dostunu da, dost olmayanı da tanıyır. Biz heç kimin qərəzini unutmadıq və unutmayacağıq. Eyni zamanda, münasibətlərimizi sağlam məntiqlə və dövlətçilik maraqları çərçivəsində tənzimləməyə davam edəcəyik”.
Cavanşir ABBASLI
Musavat.com
15 Avqust 2025
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ