Onlayn ictimai-siyasi qəzet
Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasını öz şərtləri daxilində görür, İrəvan üç şərti irəli sürməklə sazişin tez bağlanmasında maraqlı deyil - ekspertlərin fərqli qənaəti...
“Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsip razılaşdırılıb”. “Yeni Müsavat” bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı belə deyib.
Onun sözlərinə görə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq. “Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Ermənistan Respublikasının ərazisinin 29,8 min kvadratmetr, Azərbaycanın isə 86,600 kv. km olduğunu qəbul edərək”, - Paşinyan bildirib. Onun sözlərinə görə, ikinci prinsip ondan ibarətdir ki, Almatı Bəyannaməsi dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün əsas olmalıdır. Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır. Baş nazirin fikrincə, bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir.
Yada salaq ki, Azərbaycan hələ ötən ilin martında Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi İrəvana 5 baza prinsipini təklif edib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:
- Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Paşinyanın sadaladığı prinsip sırasında isə bu iki bənd yoxdur:
- Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək.
Maraqlıdır, əgər Paşinyanın dediyi kimi, təklif etdiyi üç prinsiplə bağlı razılaşma əldə edilibsə, digər iki mühüm bəndlərlə bağlı hansı problemlər var? Əgər dövlətlər bir-birinin ərazi bütövlüyünü tanıyırsa, “dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi” prinsipində niyə razılıq əldə edilməsin və ya niyə Ermənistanın baş naziri bunu “yaddan çıxarsın”? Daha bir maraqlı məqam - Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ildə Ermənistanın müdafiə büdcəsinin 309 milyard dram (772 milyon dollar) artırılacağını bəyan edib. “Müdafiə büdcəsinin 309 milyard dram artımını xüsusilə qeyd etmək istərdim. Bu, 2018-ci ilin müdafiə büdcəsindən 125% çoxdur. Orduda islahatların aparılması bizim üçün vacibdir. Eyni zamanda qeyd etmək istərdim ki, müdafiə büdcəsinin artırılması bizim elan etdiyimiz "sülh gündəliyi"nə zidd deyil", - deyə Paşinyan bildirib.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan hökumətinin başçısı Azərbaycanın irəli sürdüyü 5 prinsipin yalnız üçünü sadalayır, digərlərini isə yada salmır və bu da təsadüfi deyil.
Elşad Musayev
Partiya sədrinin fikrincə, Paşinyan hakimiyyəti sülh sazişi imzalamağa hazır deyil:
“Əvvəla, heç üç prinsiplə bağlı da addım atılmayıb. Görünür, Nikol sülh müqaviləsi istiqamətində addım ata bilmir. Bu da onun qərarsız olması ilə əlaqədardır. Məncə, Paşinyan və arxasında dayanan qüvvələr sülh müqaviləsinə hazır deyil. Eyni zamanda sülh sənədinin imzalanmasının daxildə təlatümlərə səbəb olacağını hesablayır. Buna görə addım atmağa cəhd etmir. Bu baxımdan, ilin sonuna qədər sülh müqaviləsinin bağlanacağını istisna edirəm. Baxmayaraq ki, ilin axırına qədər sülh müqaviləsi bağlanmasına hazır olduğunu bəyan etmişdi, amma hazırda Brüssel danışıqlarında qeyri-müəyyənlikdir, Rusiyanın vasitəçiliyi ilə də görüşlər keçirilmir, o halda sənədə qol çəkilməsi gələn ilə qalacaq”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında Azərbaycanla sülh sazişinin imzalanmasına, Türkiyə ilə sərhədlərin açılmasına və bölgə ölkələri arasında kommunikasiya xətlərinin işə düşəcəyinə inandığına dair fikirlər səsləndirib: “Azərbaycan və Türkiyənin də istəyi Paşinyanın dediklərini reallığa çevirməsidir. Əslində Nikol Paşinyana dediklərini reallığa çevirmək üçün heç nə mane olmur. Qarabağ yükündən qurtulan Paşinyana zəif müxalifət də təhlükə deyil. Bütövlükdə mexanizm işə düşüb, bu il olmasa da, gələn il ərzində Paşinyanın sadaladığı məsələlərin həlli ehtimalı yüksəkdir”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadənin bildirdiyinə görə, belə görünür ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasını öz şərtləri daxilində görür: “Paşinyanın Azərbaycanın da üzərində dayandığı üç şərti parlamentdə səsləndirməsi, heç də o demək deyil ki, sülh müqaviləsinin tez bağlanmasında maraqlıdır. Paşinyanın məntiqinə görə, Azərbaycan "Ermənistan ərazisindən" geri çəkilməlidir. Kommunikasiya və nəqliyyat yollarının açılması isə Ermənistanın tam nəzarətində olmalıdır. Ermənistan hakimiyyəti nə qədər bu mövqeyində qalacaqsa, sülh olmayacaq".
Fuad Əliyev
Siyasi ekspert Fuad Əliyev hesab edir ki, “unudulan” iki bənd mahiyyətcə ərazi bütövlüyünün qarşılıqlı tanınmasından sonra öz həllini tapmış ola bilər: “Amma işimizi möhkəm tutmaq üçün həmin müddəaları sülh mətninə salmaq vacibdir. Əslində İrəvan erməni cəmiyyətini mərhələli şəkildə sülhə hazırlayır. Paşinyan çıxışında 86,600 kv. km deyəndə erməni xalqını tərpətmir. Deməli, erməni ictimaiyyəti bütün Qarabağın Azərbaycana aid olması, "Dağlıq Qarabağ"ın keçmişdə qalması ilə barışıb. Həmin Paşinyandır ki, “Qarabağ Ermənistandır” demişdi, indi isə tam tərsini xalqına həzm etdirir. O cəhətdən sülh müqaviləsinin də gec-tez imzalanacağına inanıram. Çünki Paşinyan sülh olmadan nəqliyyat kommunikasiyalarının blokadadan çıxmayacağını dərk edir. Türkiyə və Azərbaycanla yolların açılmasından danışmaqla ictimai rəyi buna hazırlayır".
Ekspert həmin iki mühüm bəndi sülh mətninə salmağın çətin olmayacağını düşünür: “Əsas məsələ sülh mətnini razılaşdırmaq üçün danışıqların aparılmasıdır. Rusiya lideri Bişkekdə tərəfləri Moskvaya dəvət etdi. Dedi ki, delimitasiya texniki işdir, 5 metr o yana, 10 metr bu yana... Yəni Putin demək istədi ki, əsas sülh sazişini bağlamaqdır, qalan işlər düzələcək. Bunun üçün Makron Paşinyanın yaxasından düşməlidir, Fransadan Ermənistana xeyir gəlməyəcək. Gəlib Moskvada danışıqlar aparıb tarixi sülh sənədinə imza ata bilərlər”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ