İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Kiyev və Zaporojyeni VURDU - Ölən və yaralananlar var

Rusiya “Şahed” pilotsuz uçuş aparatları ilə gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə hücum edib. Şəhərin müxtəlif rayonlarında dağıntılar qeydə alınıb. Dneprovski rayonunda bir nəfərin həlak olub, bir neçə binada yanğın baş verib. Eyni zamanda, Rusiya qüvvələri Zaporojyeni də atəşə tutub.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, Dneprovski rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

“Kiyevin Dneprovski rayonundakı çoxmərtəbəli binada baş verən yanğın artıq lokallaşdırılıb. Bütün xidmətlər hadisə yerində işləyir. 10 nəfər xilas edilib. İlkin məlumata görə, bir nəfərin meyiti aşkarlanıb”, - deyə Kiyev meri Vitali Kliçko bildirib.

Kliçkonun sözlərinə görə, Qoloseyevski rayonunda da partlayışdan sonra yanğın baş verib, Peçersk rayonunda isə raket qalıqları yaşayış binasının həyətinə düşüb və avtomobillər alışıb.

“Darnitski rayonunda iki ünvanda yanğın qeydə alınıb”, - deyə Tkaçenko əlavə edib.

Kiyevlə yanaşı, Rusiya ordusu Zaporojyeni də hədəfə alıb. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə görə, gecə şəhərə endirilən zərbələr nəticəsində 5 nəfər yaralanıb.

“Hamısı qadındır. Ən gənci 21, ən yaşlısı 62 yaşındadır. Yaralıların əksəriyyəti qəlpə xəsarətləri alıb və dəm qazından zəhərləniblər”, - deyə o bildirib.

Daha sonra Fedorov şəhərdə yaralıların sayının 13-ə çatdığını açıqlayıb.

Britaniya kəşfiyyatının məlumatına görə, sentyabr ayında Rusiya Ukraynaya dörd kütləvi hava hücumu təşkil edib. Ən güclü zərbə 7 sentyabrda endirilib. Həmin gün Rusiya 800-dən çox hava hücum vasitəsi tətbiq edib.

Kəşfiyyatın qiymətləndirməsinə görə, Moskva eyni vaxtda raket və dronlardan istifadə etməklə Ukraynanın hava hücumundan müdafiə sistemini yükləməyə çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR