Onlayn ictimai-siyasi qəzet
“Şərq Tərəfdaşlığı” proqramı ləğv edilir; yeni formatın iştirakçıları arasında Belarus yoxdur
Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini birləşdirəcək yeni əməkdaşlıq formatı yaradılıb. Yeni formatın iştirakçıları arasında Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Moldova, Türkiyə və Ukrayna var.
Avropa İttifaqı rəsmiləri bildiriblər ki, Lüksemburqdakı sammit “Şərq Tərəfdaşlığı” proqramının əvəzlənməsi istiqamətində dönüş nöqtəsi ola bilər. Yeni diplomatik format ticarət, enerji, rəqəmsal inkişaf və nəqliyyat əlaqələrinin gücləndirilməsini hədəfləyir.
Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais “AzadlıqRadiosu”na açıqlamasında deyib ki, görüşdə əsas diqqət “Global Gateway” təşəbbüsü çərçivəsində toplanan vəsaitlərin istifadəsinə yönələcək: “Pul var, əsas məsələ siyasi qərarların qəbuludur. Çünki bu layihə bir neçə sərhədi əhatə edir və bu ölkələr 30 ildir suverenliklərini möhkəmləndirməyə çalışırlar”.
O bildirib ki, Aİ bu layihədə Çin və Rusiya ilə simvolik rəqabətdə olsa da, bölgədə “hamı üçün yer var”: “Bizim üstünlüyümüz sərmayələrin keyfiyyətində və şəffaf şərtlərlə həyata keçirilməsindədir”.
Xatırladaq ki, bu ilin aprelində Özbəkistanın Səmərqənd şəhərində Aİ-Mərkəzi Asiya sammiti keçirilmişdi. Həmin sammitdə Brüssel Orta dəhlizin inkişafı və iqtisadi islahatlar üçün milyardlarla avro dəyərində investisiya vəd etmişdi. Qazaxıstan və digər regional dövlətlər bu marşrutu iqtisadi asılılığın azaldılması və Qərblə əlaqələrin gücləndirilməsi üçün mühüm addım kimi görür.
Qazaxıstanın Aİ və NATO-dakı səfiri Roman Vasilenko bildirib ki, hazırda layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır və Avropa Yenidənqurma və İnkişaf Bankı Aktau limanının modernləşdirilməsinə 35 milyon avro kredit ayırıb.
“Şərq Tərəfdaşlığı” proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib. Proqram MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsüdür. “Şərq Tərəfdaşlığı” Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna. “Şərq Tərəfdaşlığı”nın məqsədi ilkin olaraq bu ölkələri Rusiyanın təsir dairəsindən çıxarmaq idi. Amma Aİ-nin istəyi tam alınmadı. İndi yeni format nəyi dəyişəcək? Mərkəzi Asiya ölkələri də daxil olmaqla yeni anti-Rusiya bloku yaratmaq niyyəti güdülür, yoxsa...
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini birləşdirəcək yeni əməkdaşlıq formatı yaradılması Qərb üçün yeni enerji təhlükəsizliyi çağırışları ilə əlaqədardır. O, “Yeni Müsavat”da fikirlərini bu cür davam etdirdi: “Yeni formatda Belarus yoxdur. Bir sözlə, Qərb Belarusdan əlini üzüb. Üstəlik, Minsk Kremlə bağlı olmaqla yanaşı, Belarusun zəngin karbohidrogen yataqları yoxdur. Yeni formatın iştirakçıları arasında Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Moldova, Türkiyə və Ukrayna var. Ukrayna öz sərvətlərinin qapısını müharibə fonunda Qərb üçün açıb. Özü də silah qarşılığında çox ucuz qiymətə bazarlıqlar edir. Orta Asiya ölkələri də Qərb üçün yeni karbohidrogen imkanlar deməkdir. Qazaxıstan və Özbəkistanın neft-qaz yataqları Qərbi Rusiyanın enerji asılılığından qurtara bilər. Türkmənistan qaz ehtiyatlarının həcminə görə dünyada dördüncüdür. Tacikistan isə dağlıq ölkədir və burada külək enerjisi istehsalı üçün böyük imkanlar mövcuddur. Eyni zamanda yaşıl enerji imkanları baxımından Qırğızıstanın da imkanları yüksək qiymətləndirilir. Azərbaycanla Ermənistan Türküstan coğrafiyası ilə Qərbi birləşdirəcək əsas geostrateji qapılardan biridir. Bu istiqamətdə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq Gürcüstanın imkanları bir qədər zəifləsə də, hazırda mövcud qlobal miqyaslı infrastruktur baxımından Gürcüstandan keçən boru və dəmir yolu xətləri Avropa üçün öz aktuallığını qoruyur. Bir sözlə, Qərb yeni tərəfdaşlıq proqramı ilə özünü Rusiya təsirlərindən maksimum dərəcədə qorumağa çalışır”.
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov sammitin mövzusunu təsadüfi qəbul etmir: “Məlumdur ki, bu ilin may ayında Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti Avropa İttifaqının Qara dəniz regionu üçün yeni strategiyasını təqdim etmişdi. Elan olunmuşdu ki, bu strategiya Avropanın Cənubi Qafqaz, Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələrini gücləndirməklə qarşılıqlı münasibətləri gücləndirmək və iqtisadi artımı artırmaq məqsədi daşıyır.
Strategiya Aİ-nin Qara dəniz regionunda etibarlı oyunçu kimi geosiyasi rolunun gücləndirilməsini, Azərbaycan, Türkiyə, Ukrayna, Moldova, Gürcüstan və Ermənistanla daha sıx tərəfdaşlığın qurulmasını və qarşılıqlı bağlantılar üzrə regional əməkdaşlığın təşviqini nəzərdə tuturdu. Həmin vaxt, yəni may ayında elan olunmuşdu ki, Avropa Komissiyası və Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi yeni Qara dəniz strategiyası çərçivəsində əməkdaşlığı inkişaf etdirmək üçün tərəfdaş ölkələrlə Aİ nazirlərinin xüsusi görüşünün keçirilməsini təklif edir.
Yəni başqa sözlə, indi Lüksemburqda keçirilən sammitin və yeni tərəfdaşlıq formatı ilə bağlı müzakirələrin əsası artıq bir neçə aydır ki, qoyulub. Sammitin “Regionlararası təhlükəsizlik və bağlantılar” mövzusunda keçirilməsi də onu göstərir ki, yeni diplomatik formatda əsas diqqət təbii ki, ticarət, enerji, rəqəmsal inkişaf və nəqliyyat əlaqələrinin gücləndirilməsinə yönəlib.
Aİ-nin bu fəaliyyətdəki məqsədlərinə gəldikdə isə burada xüsusilə iki məsələni qeyd etmək olar. Birincisi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında Rusiyanın təsir dairəsini zəiflətməkdən, ikincisi isə Qara dəniz regionunun iqtisadi və nəqliyyat bağlantıları imkanlarından bəhrələnməkdən ibarətdir.
Son olaraq qeyd edim ki, Qara dəniz regionunu Cənubi Qafqaz və Mərkəzi Asiyaya bağlayan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal bağlantılar sahəsində Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğu artıq hər kəs tərəfindən qəbul olunur. Azərbaycan və Aİ arasında bu istiqamətdə iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi mövcud potensialdan daha səmərəli istifadə üçün geniş imkanlar aça bilər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ