Onlayn ictimai-siyasi qəzet
Baş nazir Nikol Paşinyan xarici işlər nazirinə Qarabağ danışıqları ilə bağlı Xarici İşlər Nazirliyində olan sənədlərin inventarlaşdırılmasını tapşırıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, Ermənistanın dövlət təhlükəsizliyinin maraqlarını nəzərə alaraq bu materialların dərci imkanlarını qiymətləndirdikdən sonra qərar veriləcək: çap olunsun, ya yox? Bu barədə “Azadlıq” radiosunun sorğusuna cavab olaraq baş nazirlikdən məlumat verilib.
Ötən ilin sonunda “Azadlıq” radiosu Nikol Paşinyana sual vermişdi: o, Qarabağ probleminin həlli ilə bağlı həm hakimiyyətə gəlməmişdən əvvəl, həm də baş nazirlik dövründə rəsmi sənədləri dərc etməyə hazırdırmı ki, cəmiyyət faktlarla tanış olsun və siyasi spekulyasiya etmədən öz nəticələrini çıxarsın?
Qeyd edək ki, son vaxtlar Paşinyan və sələfləri arasında Qarabağ danışıqları ətrafında kəskin söz davası gedir. İstisna deyil ki, baş nazir əleyhdarlarını faktlarla susdirmaq üçün növbəti həmləyə əl atıb.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ