Onlayn ictimai-siyasi qəzet
Erməni baş nazir referendum keçirməklə bütün səlahiyyətləri öz əlində cəmləmək niyyətindədir; Avropadakı tərəfdaşları da gücləndirilmiş prezident idarəçiliyini dəstəkləməyə hazırdır
Ermənistanın baş naziri Nikol Paşinyan son aylar ölkənin tam yeni konstitusiyaya ehtiyacı olduğu haqda çox danışır. Bildirilir ki, Paşinyanın referendumda əsas hədəfi parlament respublikası sistemini ləğv edərək, prezident idarəetmə sisteminə keçməkdir. O, bununla bütün səlahiyyətləri bir mərkəzdə - öz əlində cəmləmək istəyir.
Paşinyan yeni konstitusiyanın hazırlanması və qəbulu üçün vaxt çərçivəsi təklif etməsə də, bu dəyişiklikləri mümkün qədər tezliklə referenduma çıxarmaq istəyir. Paşinyan ağızucu olsa da, parlament idarəetmə sistemini Ermənistan üçün “ən uyğun” hesab etdiyini deyir, amma erməni mediası fərqli informasiyaya sahibdir.
İddia olunur ki, Qərb tərəfdaşları da gücləndirilmiş prezident idarəçiliyini dəstəkləməyə hazırdır. Çünki belə olduqda onlar Ermənistana daha etibarlı təsir rıçaqı əldə edəcəklər. Bu zaman əsas qərarları parlament deyil, prezident verəcək. Qərbin Ermənistan üzərində hələ daha ciddi planları olduğu bəllidir və bu səbəbdən strateji olaraq Paşinyanın prezidentlik iddiası onların da maraqlarına uyğundur və ya əksinə...
Yada salaq ki, Ermənistan Konstitusiyası 1995-ci ildə qəbul edilib. 2005 və 2015-ci illərdə konstitusiyada iki dəfə dəyişiklik edilib. İkinci düzəlişdən sonra ölkə yarı-prezident idarəçiliyindən parlament idarə üsuluna keçib. 2018-ci il inqilabı fonunda ölkəyə rəhbərlik edən Paşinyan 2021-ci ildə keçmiş hakim elitanı devirən parlament sistemini təkmilləşdirməyə çalışan Konstitusiya İslahatları Şurası yaradıb. İndi isə parlamentdə ona vaxtaşırı “problem yaradan” müxalifətin əl-qolunu yığışdırmaq üçün prezident idarəçiliyinə qayıdışı nəzərdən keçirir.
Əlbəttə, yaxın gələcəkdə bunun reallaşması mümkündür. Paşinyan sonuncu müqavimət qalası - kilsəni də ram etməyi demək olar ki, bacardı. Ondan sonra referendum keçirib parlament üsul-idarəsini prezidentlə əvəzləyə bilər və hər hansı ciddi dirəniş də olmayacaq. Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə olacaq. Buna qədər referendum olmalıdır ki, prezident idarəetməsinə keçirilsin.
Paşinyan yeni konstitusiya islahatlarının keçirilməsinə nail olmaqla radikal rəqiblərini zəiflətmək məqsədi güdür. Şübhəsiz, nəzərdə tutulan dəyişikliklərlə məşğul olacaq şuranın təsisi və yekun sənədin hazırlanması xeyli vaxt tələb edir. Bu müddət ərzində isə Paşinyan mövqelərini gücləndirməyə çalışacaq. Baş nazir, həmçinin təklif etdiyi yeni konstitusiya sayəsində kilsə ilə də münasibətlərini yenidən gözdən keçirəcək. Çünki hakim “Mülki müqavilə” partiyası ilə Eçmiədzin arasında uzun müddətdir soyuq küləklər əsir. Buna əsas səbəb isə kilsənin Paşinyan hakimiyyətinə qarşı çıxması və müharibədəki məğlubiyyətin birbaşa səbəbkarı kimi Ermənistan baş nazirini günahlandırmasıdır.
Ehtimal olunur ki, Paşinyan yeni konstitusiya ilə kilsənin erməni cəmiyyətindəki rolunu zəiflətməyə cəhd edəcək. Yeri gəlmişkən, Paşinyan 2021-ci il martın 1-də Ermənistanda keçirilən mitinqdə mövcud konstitusiyada böhranın idarə olunması zamanı xüsusilə özünü büruzə verən bir sıra çatışmazlıqlar barədə danışmışdı. O, konstitusiyaya dəyişikliklərin, o cümlədən yarımprezident idarəetmə sisteminə keçidin mümkünlüyünü diqqətə çatdırmışdı.
Çingiz Qənizadə
Bu mövzuda fikirlərini “Yeni Müsavat”la bölüşən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə qeyd etdi ki, Gürcüstan və Ermənistan hadisələri hər şeyi aydın göstərdi. Onun sözlərinə görə, parlamentli respublikalarda ictimai sabitliyi qorumaq çətin olur: “Prezident idarəçiliyində ictimai-siyasi sabitlik möhkəm olur. Bu gün Gürcüstan və Ermənistanda hadisələrə baxın - hakimiyyət dəyişiklikləri, veto qoyulması, istefalar, gərginlik, siyasi böhran... Ona görə gələcəkdə hər iki ölkə yenidən prezident idarəçiliyinə keçidi qanunvericiliyə salmaqla bağlı qərar qəbul edə bilərlər. Bu halda ölkənin dayanıqlı inkişafını və sabitliyini təmin edəcəklər”.
Ç.Qənizadə onu da əlavə etdi ki, Ermənistan konstitusiyaya dəyişiklik etmədən Türkiyə və Azərbaycanla münasibətləri normallaşdıra bilməz: “Konstitusiyanın preambulasında Qarabağa dair iddialar var və sülh müqaviləsinin imzalanmasına əngəl olur. Bu baxımdan həmin iddialardan imtina edilməsi qaçılmazdır. Eynilə Türkiyəyə ərazi iddiaları, Ağrı dağının gerbdə öz əksini tapması var. Bu da Ermənistanın "dənizdən-dənizdən" ideyası ilə xülyalara qapıldığı dövrə aiddir. İndi reallıqları dəyişib, Paşinyan etiraf edir ki, mifik deyil, real Ermənistan yaratmaq lazımdır. O zaman buyursunlar, Azərbaycanla sülh müqaviləsini bağlamaq üçün bu səhvləri düzəltsinlər, rəsmi şəkildə də sübut etsinlər. O baxımdan hər iki səbəbdən qanunvericiliyə dəyişikliklər labüddür. Yəni həm prezident idarəçiliyinə keçidlə bağlı addımlar atılması istisna deyil, həm də ərazi iddialarından imtina olunması mümkündür. Ermənistan hakimiyyəti anlayır ki, regionda təhlükəsiz, sabit yaşamaq, Avropaya çıxış, iqtisadi dirçəliş, nəqliyyat kommunikasiyalarının blokadadan çıxması, Qərbə doğru işıqlı yol tutmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır. Bu da yuxarıda sadaladığımız dəyişikliklərdən sonra ola bilər".
Xəzər Teyyublu
Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu da Ermənistanda referendumun keçirilməsini qaçılmaz hesab edir. Onun sözlərinə görə, Paşinyan rəqiblərini “zərərsizləşdirir” və ardınca siyasi hakimiyyətini möhkəmləndirmək üçün yeni addımlar haqda düşünür: “Prezident səlahiyyətlərindən istifadə etməklə parlamentin rəyini öyrənmədən qərarlar qəbul edə bilər. Bu da ona Rusiya və digər ölkələrlə münasibətlərdə manevr imkanlarını genişləndirəcək. Bu gün parlament idarəçiliyi Paşinyana bəzi problemlər yaradır. Düzdür, nə impiçment mümkündür, nə parlamentdəki müxalifətin səs çoxluğu mövcuddur. Yəni hakimiyyət prosesləri kontrolda saxlaya bilir. Amma prezident idarəçiliyinə keçid Paşinyana əlavə üstünlüklər qazandıracaq. Referendum keçirilsə, müxalifət prezident idarəetməsinə keçidə mane ola bilməyəcək. Ermənistanda hakimiyyətin opponentləri immunitetini itirmiş, taqətsiz vəziyyətdə görünürlər. Keşiş hərəkatı bunun sonuncu akkordu idi...”
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ