Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Musavat.com xəbər verir ki, siyahıya Rusiyanın enerji nəhəngləri olan Lukoyl və Rosneft şirkətləri də əlavə olunub.
Tədbirlərə aktivlərin dondurulması, həmçinin trast xidmətləri və nəqliyyat üzrə sanksiyalar daxildir. Böyük Britaniya hökumətinin yaydığı sənəddə qeyd edilir ki, bu tədbirlər “Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən sektorda, yəni enerji sektorunda biznesin aparılması” ilə bağlıdır. Əvvəllər şirkətlər sektoral sanksiyalara məruz qalırdı.
Rosneft-ə gəldikdə, Britaniya hökuməti şirkətə məxsus, nəzarət edilən, icarəyə götürülmüş və ya idarə olunan gəmilərin Böyük Britaniya limanlarına daxil olmasını qadağan edib. Eynilə şirkətə məxsus təyyarələrin ölkə ərazisində uçması və ya enişi qadağan edilib. Həmçinin Böyük Britaniya hökumətinin saytında dərc edilən sənədə görə, ən böyük səhmdarı Rosneft olan Hindistanın Nayara Energy şirkəti də sanksiyaya məruz qalıb.
Bundan başqa, Çinin National Pipeline Group Beihai Liquefied Natural Gas CO LTD şirkəti də sanksiyalar siyahısına əlavə edilib. Bildirilir ki, buna səbəb, digər məsələlərlə yanaşı, Böyük Britaniyanın sanksiyalarına məruz qalan gəmilərlə qarşılıqlı əlaqədir.
Sanksiyalar həmçinin Milli Ödəniş Kartı Sisteminə və bir neçə banka: Transstroibank, Primsotsbank, BBR Bank və Solid Banka da tətbiq edilib. Sənəddə qeyd edilir ki, tədbirlər onların hamısının “Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən sektorda, yəni maliyyə sektorunda biznesin aparılması” ilə məşğul olması ilə bağlıdır.
London “Lukoyl” şirkətinə bir neçə beynəlxalq neft layihələri üçün güzəştlər tətbiq edib. Belə ki, Rusiya şirkətinə 14 oktyabr 2027-ci il tarixinədək Qazaxıstan neftini Qara dəniz limanına daşıyan Xəzər Boru Kəməri Konsorsiumu, Tengizchevroil və Qazaxıstandakı Qaraçaqanak yatağı, Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” yatağı, Cənubi Qafqaz Qaz Boru Kəməri ilə işləməyə və Azərbaycanın “The Azerbaijan Gas Supply Company” şirkəti ilə əməkdaşlıq etməyə icazə verib.
Qeyd edək ki, Lukoyl-un “Şahdəniz” layihəsində 19,99 faiz, Cənubi Qafqaz Qaz Boru Kəmərində 19,99 faiz paya sahibdir.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ