Onlayn ictimai-siyasi qəzet
Türkiyədə LGBT fəaliyyətlərinə və bu mövzuda aparılan təbliğata qarşı yeni hüquqi addımlar atılır.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırlanmaqda olan qanun layihəsinə əsasən, doğuşdan gələn bioloji cinsiyyətə zidd davranışlar sərgiləyən, eləcə də bu davranışları açıq şəkildə təşviq, tərif və ya təbliğ edən şəxslər 1 ildən 3 ilədək azadlıqdan məhrum edilə biləcəklər.
Qanun layihəsi həmçinin eyni cinsdən olan şəxslərin nişanlanması və ya toy mərasimi keçirməsini də cinayət hesab edir. Bu cür mərasimləri təşkil edən və ya iştirak edən şəxslər 1 il 6 aydan 4 ilədək həbs cəzası ilə üzləşə bilərlər.
Tənzimləmələr arasında cinsiyyət dəyişikliyi ilə bağlı yeni məhdudiyyətlər də yer alır. Mövcud qanunvericilikdə 18 yaşdan yuxarı şəxslərə müəyyən tibbi şərtlər daxilində cinsiyyət dəyişmək icazəsi verilirdisə, yeni layihə bu yaşı 25-ə qaldırmağı nəzərdə tutur. Bundan başqa, əməliyyat yalnız “elmi cəhətdən zəruriliyi sübuta yetirildiyi halda” həyata keçirilə biləcək.
Layihənin əsas məqsədinin “cəmiyyətin ailə quruluşunu və bioloji əsaslı cinsiyyət anlayışını qorumaq” olduğu bildirilir. Rəsmi mənbələrə görə, bu addım “Türkiyə ailə modelinin və milli-mənəvi dəyərlərin hüquqi müstəvidə müdafiəsini gücləndirmək” məqsədi daşıyır.
Təklif olunan dəyişikliklər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəzi dairələr bu addımı “ailə institutunun qorunması baxımından zəruri” hesab etsə də, digərləri bunu “fərdi azadlıqlara müdaxilə” kimi dəyərləndirir.
Layihənin yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyi və müzakirələrdən sonra səsverməyə çıxarılacağı gözlənilir.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ