İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan doğrudan da türk olsaydı...

Baş nazirin “türkəm” etirafının əsl səbəbi

Ermənistanda siyasi təlatümlər davam edir. Müxalifətin aksiyaları Paşinyanı devirəcək qədər ümumxalq miqyası kəsb edə bilməsə də, ciddi narahatlıqlar yarada bilib. Məhz bu etirazlar səbəbindən Nikol Paşinyan cəsur davrana və sülh müqaviləsi istiqamətində prosesləri sürətləndirə bilmir. Müxalifət və onun əhatəsində olan media eyni zamanda Paşinyanı xalqın yerdə qalan hissəsinin gözündən salmağa çalışır. Bu cəhdlərdən biri də Paşinyana məkanlardan birindən çıxarkən verilən sualdır. Jurnalist ondan soruşur: “Türk olduğunuzu etiraf edirsinizmi?” Paşinyan cavabında “bəli” deyir. Və indi bütün Ermənistan bu replikanı müzakirə edir.

Bizdə hər hansı siyasi xadimə, dövlət adamına “ermənidir” ittihamı necə təsir edərsə, yəqin ki, Paşinyana da “türksən” ifadəsi o cür təsir edir. Artıq Ermənistanın baş naziri ilə bacarmayan müxalifət ən sonuncu, həm də gülünc  metoda keçib. Lakin buradan bir sual ortaya çıxır:  Paşinyan gerçəkdən də Türkiyəyə, Azərbaycana sərf edən, bizim maraqlarımızı təmin edən siyasət aparırmı? Onun fəaliyyəti Ermənistana zərər, Azərbaycana, Türkiyəyə faydalıdırmı? Paşinyan bizim adamdırmı?

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan 4 ildir hakimiyyətdədir və hər zaman cəmiyyətə şou xarakterli mesajlar verməyə çalışır: “Paşinyanın açıqlaması ironikdir, çünki biz bilirik ki, rəqibləri Paşinyanın Azərbaycanla bağlı siyasətinə və Türkiyəyə münasibətinə görə, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra onu satqın hesab edirlər. Bu, əslində erməni cəmiyyətinin türkə düşmən münasibətinin göstəricisidir. Onlar daim bizə nifrət aşılayıblar. Ermənistan cəmiyyətində türk olmaq düşmən olmaq deməkdir. Jurnalist bu prizmadan yanaşaraq o sualı verir.  Paşinyan türk olsa idi, Ermənistanda hakimiyyətə gəlməsi mümkün olmazdı. Əgər Paşinyan həqiqətən Azərbaycana, Türkiyəyə loyal münasibət göstərsə idi, düşmənçilik addımları atmazdı. Ümumiyyətlə, biz onun bizə qarşı dost siyasəti yürütməsinin tərəfdarı deyilik. İstəyimiz onun və bütövlükdə erməni toplumunun  reallıqla barışması, bu reallığa uyğun addımlar atmasıdır. Paşinyan türk olsa idi, İkinci Qarabağ müharibəsinin başlamasına səbəb olmazdı, eləcə də bu günə qədər sülh sazişinin imzalanmaması üçün təxribatçı addımlara yol verməzdi. Paşinyanın Azərbaycanın maraqlarına uyğun siyasət yürütməsi fikri ilə razı deyiləm. Azərbaycan İkinci Qarabağ müharibəsində ordunun və xalqın iradəsi ilə, dəmir yumruq vasitəsilə qələbə qazandı. Paşinyanın Azərbaycana sərf edən siyasət yürütməsi fikrini səsləndirməklə qələbəmizə xələl gətirə bilərik. Paşinyan sələflərinin yürütdüyü siyasətin əksini yürütməyə, bu yolla Ermənistanın tarixinə adını yazdırmaq, Ermənistanı bataqlıqdan xilas etməyə çalışır. Paşinyanın uzaqgörən, praqmatik siyasət yürütdüyünü demək olmaz. Bu gün regionda diktə edən tərəf Azərbaycandır. Bunu heç bir qüvvə dəyişə bilməz. Ermənistan proseslərdən kənarda qalmaqla, sadəcə, özünə zərər verə bilər. Ermənistan hakimiyyəti dərk etməlidir ki, 10 noyabr tarixli bəyanata görə Ermənistanın keçmiş Qarabağ klanının üzvləri məsuliyyət daşıyırdılarsa, bəyanatın imzalanmasından sonra baş verən bütün proseslərə görə - söhbət təbii ki, sülh, sabitlik və təhlükəsizliyə təhdid yaradacaq addımlardan gedir - Paşinyan və komandası məsuliyyət daşıyacaq”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR