İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan 40 min nəfər üçün yer hazırlandığını deyir: Buna ehtiyac olacaqmı?..

Deyəsən, artıq bitir – bəli, keçmiş Dağlıq Qarabağ münaqişəsini deyirəm. Bəlkə də kiməsə bu müstəvidə son günlərdə baş verən uğurlar çox adi görünür, amma belə deyildir. Qarabağ münaqişəsi otuz ildən bir qədər çox çəkdi. Amma artıq biz ona son verməkdəyik.

Bir daha deyirik ki, bu, elə-belə, sadə iş deyil. Bizdən qat-qat güclü millətlər və dövlətlər var ki, on illərdir ərazilərindəki problemləri-münaqişələri həll edə bilmirlər. Bu kontekstdə qeyd etmək lazımdır ki, neçə illərdir İrlandiya, Kəşmir, Yaxın Şərq münaqişələri həll olunmur!

Biz hələ qonşuluqdakı Gürcüstanı demirik – onun iki subyekti neçə illərdir ki, Rusiya tərəfindən ilhaq olunub. Biz isə prosesdən qalib çıxdıq – bəli, bacarıqlı və müzəffər ordu, ağıllı diplomatiya ilə!

Bu iki amil bizim uğurlarımızın əsası oldu. O ki qaldı Rusiyaya və Ermənistana, onların arasındakı “çat” bir az da dərinləşib. Bəli, Kreml əhli kar və kor deyil, onlar görürlər və eşidirlər ki, Bakı sözünün sahibidir, o, Rusiyaya strateji müttəfiq deyibsə, buna əməl edir, özünün şimal qonşusunun da geosiyasi maraqlarını nəzərə alır, öz öhdəliklərinə sadiq qalır. Bəs İrəvan nə edir? KTMT-nin üzvü olduğu halda sonuncunun təlimlərində iştirak etmir, üstəlik, ərazisində ABŞ-la birgə hərbi təlimlər keçirir! Paşinyan Beynəlxalq Məhkəmənin statutu ilə bağlı sənədi ratifikasiya olunmaq üçün parlamentə göndərir və sonra da gileylənir ki, bəs Putin onun zənglərinə cavab vermir...

Qərəz, bir sözlə, bizim Bakı nəinki addımbaaddım özünün siyasi məqsədlərinə doğru gedir, həm də onun mövqeləri günbəgün güclənir. İrəvanın havadarlarının deməyə başqa sözü qalmayıb, onlar sınıq val kimi Bakının Xankəndiyə hansı statusu verəcəyi haqqında sayıqlayırlar.

Amma bu günlərdə bir daha bəyan edildi ki, olmayacaq status, o, cəhənnəmə getdi! O ki qaldı erməni siyasi mafiyasının suallarına, onlara deməliyik ki, ermənilərin Fransada, ABŞ-da və Rusiyada hansı hüquqları varsa, biz də burada onlara həmin hüquqları verəcəyik.

Sadaladığımız ölkələrin heç birində ermənilər özlərinin “milli müqəddaratlarını” təyin etməyiblər, nə vaxtsa ermənilərə Kaliforniyada, Marseldə və Şimali Qafqazda milli status verilsə, biz də  Qarabağ ermənilərinə hansısa status vermək haqqında düşünə bilərik. Hələliksə erməniləri Azərbaycanda yaşayan digər xalqlardan və vətəndaşlardan fərqləndirmək üçün hər hansı bir əsas yoxdur, buna hətta onların sayları imkan vermir. Azərbaycan ərazisində uzağı 40-50 min erməni var. Niyə görə onlara xüsusi, əlahiddə status verilməlidir?

Düzdür, onlar rəqəmlərlə və ədədlərlə manipulyasiya etməyi sevirlər. Di gəl, bu yaxınlarda hökumətin iclasında erməni baş naziri Nikol Paşinyan özü bəyan edib ki,  Qarabağ erməniləri üçün Ermənistanda 40 min nəfərlik yer ayrılıb, belə ki, erməni baş nazirinin fikrincə, ermənilər Azərbaycandan Ermənistana köçə bilərlər. Bəs buna ehtiyac qalacaqmı? Həqiqətən də köç olacaqmı?

Biz bunu tamam inkar etmirik. Pisliklər bumeranq kimidir, onlar nə vaxtsa qayıdıb pislik edənlərin özlərinə dəyirlər. Son yüz ildə neçə dəfə azərbaycanlılar Ermənistandan qovuldu?! Yox, onlar heç də 40 min nəfər deyildi, bundan azı on dəfə çox idilər. Ona görə də istisna deyil ki, Azərbaycandakı erməniləri də həmin aqibət gözləyir...

Fəqət, biz buna çalışmırıq. Səbirlə ermənilərin Azərbaycana re-inteqrasiyasını gözləyirik. Biz bu sətirləri yazanda Yevlaxda ilk görüş keçirilmişdi. Ruslar tələsik yazdılar ki, görüşdə heç bir sənəd imzalanmayıb. Amma bizə məlum olduğu qədər birinci görüşdə hər hansı bir sənədin imzalanacağı gözlənilmirdi də! Bakının ilkin şərtləri məlumdur və ermənilər onları qəbul etdiklərini bəyan ediblər. Yaxın bir neçə gün bu şərtlərin icra olunmasına sərf olunacaq. Qalan məsələlər isə güman ki, ilin sonuna qədər həll olunacaq...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR