Onlayn ictimai-siyasi qəzet
Braziliyanın Amazon meşələrində yaşayan Marubo tayfası dünya mediasının gündəminə düşüb.
Musavat.com xəbər verir ki, səbəb isə “New York Times” qəzetinə qarşı qaldırdıqları milyonlarla dollarlıq məhkəmə iddiasıdır.
Marubo tayfası məşhur Amerika nəşri “New York Times”ı (NYT) böhtan və alçaldıcı məlumat yaymaqda ittiham edir. Onlar iddia edirlər ki, qəzetin dərc etdiyi məqalədə tayfa üzvləri, xüsusilə də gənclər, “internetin təsiri ilə pornoya aludə olmuş və öz adət-ənənələrini itirmiş” kimi təqdim olunublar.
Məhkəmə iddiasında bildirilir ki, məqalədə Marubo tayfası “internetin ən sadə təsiri ilə belə mübarizə apara bilməyən ibtidai icma” kimi göstərilib və bu, onların dünyada neqativ obrazda tanınmasına səbəb olub.
Qəzetlə yanaşı, məşhur TMZ və Yahoo platformaları da cavabdeh kimi göstərilib. İddiada qeyd olunur ki, bu resursların dərc etdiyi yazılar “tayfa gənclərini məsxərəyə qoyub” və Marubo icmasının ənənələrini “təhrif edib”.
Qeyd edək ki, təxminən 2000 nəfərdən ibarət olan Marubo tayfası Amazon meşələrinin dərinliklərində yaşayan və qədim həyat tərzini qoruyub saxlayan aborigen icmadır. Onlar ABŞ mediasının bu yanaşmasının həm şərəflərinə, həm də mədəniyyətlərinə zərbə vurduğunu bildirərək, ən azı 180 milyon dollar təzminat tələb edirlər.
Musavat.com
25 May 2025
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ