İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə “Siyasi partiyalar haqqında” qanunun gərgin müzakirələri

Qanun layihəsini təqdir edən də oldu, kəskin tənqid edən də; dörd saatdan artıq davam edən dinləmələrdə ilginc fikirlər səsləndi

Oktyabrın 24-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı dinləmələr keçirildi. Dinləmələrdə Milli Məclis üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, həmçinin parlamentdənkənar siyasi partiyaların sədrləri və ya rəhbərliyə daxil olan şəxslər iştirak edirdi.

Tədbirdən öncə Milli Məclisin sədri Sahibə Qafarova ictimai müzakirələrin keçirildiyi zala baş çəkdi,  görülən hazırlıq işləri ilə maraqlandı, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xatırladaq ki, qanun layihəsi parlamentdə təmsil olunan siyasi partiyaların müraciətindən sonra MM sədri S.Qafarovanın tapşırığı əsasında hazırlanıb və müzakirələrə təqdim olunub.

Qanun layihəsi ilə bağlı müzakirələrə moderatorluq edən Milli Məclisin sədr müavini Fəzail İbrahimli iştirakçıları parlament sədri Sahibə Qafarovanın adından salamladı. Bildirdi ki, son illərdə Azərbaycanda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sistemli xarakter daşıyan islahatlar həyata keçirilir. F.İbrahimli dedi ki, altıncı çağırış Milli Məclisə seçkilərdən sonra parlamentdə hakim partiya üzvləri ilə yanaşı, ayrı-ayrı siyasi partiyaların nümayəndələri də təmsil olunur, bu da islahatlara bariz nümunədir. Vitse-spiker qeyd etdi ki, parlamentdə iştirak edən siyasi partiyalar "Siyasi partiyalar" haqqında qanun layihəsinin hazırlanması xahişi ilə MM sədri S.Qafarovaya müraciət edib. Çünki qanunun qəbul olunmasından keçən 30 il ərzində Azərbaycan başdan-başa dəyişib, Azərbaycan məğlub Azərbaycandan qalib Azərbaycana çevrilib, dünyanın boy sırasında Azərbaycan öz layiqli yerini alıb. F.İbrahimli bildirdi ki, 1995-ci ildə yeni konstitusiyanın qəbulundan sonra bütün qanunlar dəyişilib. Odur ki, "Siyasi partiyalar haqqında" qanunun yenidən işlənməsinə zərurət var idi.  F.İbrahimli təşəbbüsə müsbət reaksiyasına görə S.Qafarovaya təşəkkür etdi. Bildirdi ki, sədrin tapşırığından sonra MM-in üç komitəsi qanun layihəsini yenidən hazırlayaraq, ictimai müzakirələrə təqdim ediblər.

Milli Məclis sədrinin 1-ci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, parlament sədri Sahibə Qafarovanın tapşırığı ilə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması mühüm hadisədir. Ə.Hüseynli bildirdi ki, niyyətimiz beynəlxalq təcrübəyə istinad edən, siyasi partiyaların inkişafına xidmət edən qanun layihəsinin hazırlanmasıdır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da öncə spikerə geniş formatda müzakirələrin keçirilməsinə şərait yaratdığı üçün təşəkkür etdi, daha sonra qanun layihəsi barədə fikirlərini bölüşdü. Qeyd etdi ki, yeni qanun layihəsi bütün müsbət xüsusiyyətləri ilə yanaşı, müharibə dövründəki kimi, sülh dövründə də milli birliyimizin qoruyub-saxlanılmasını təmin etməyi özündə ehtiva edir.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elnur Siracov dedi ki, mərkəz tərəfindən aparılan rəy sorğusuna əsasən, respondentlərin 59 faizi ölkənin ictimai-siyasi həyatı haqqında müəyyən qədər maraqlanır, 23.6 faiz isə ümumiyyətlə maraqlanmır. STM əməkdaşı bildirdi ki, rəy sorğusu 1070 nəfər arasında 47 inzibati rayonda keçirilib. Sorğu 40 sual ətrafında aparılıb və sorğu iştirakçıları arasında gender və yaş bərabərliyi qorunub.

AXP sədri, sabiq deputat Pənah Hüseyn dedi ki, əgər yeni qanun yuxarıda göstərilən konstitusyon islahata qədər qəbul ediləcəksə, o halda yeni qanunda mövcud qüvvədə olan qanuna nisbətən  siyasi partiyaların təsisi, fəaliyyəti, qeydə alınması və dövlətlə münasibətdə hesabatlılığı qayda, normalar haqqında mövcud qüvvədə olan qanunda nəzərdə tutulduğundan daha ağır qayda və normaların yolverilməz olması prinsipi əsas götürülməlidir: “Bu qanun qüvvəyə minənə qədər dövlət qeydiyyatına alınan siyasi partiyalarla əlaqədar bu qanunun müəyyən etdiyi müddəalar  AR Milli Məclisinə növbəti və ya növbədənkənar  seçkilərdən sonra tətbiq edilməlidir. Bu qanun layihəsinin üzərində işin davam etdirilməsi nəzərə alınaraq, siyasi partiyaların nümayəndələrinin də daxil olduğu birgə   işçi qrup yaradılsın!”

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Milli Məclisdə dinləmələrdəki çıxışında təqdim olunan “Siyasi partiyalar haqqında” qanun layihəsini təqdir etdi. Bildirdi ki, müzakirələrdən sonra qanun layihəsi komitə iclaslarında müzakirəyə çıxarıla, daha sonra plenar iclasa təqdim oluna bilər.

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev isə bir sıra mühüm məqamlara toxunub. Öncə “Siyasi partiyalar haqqında” qanun layihəsinin siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə hazırlandığı barədə iddiaları rədd edib. Qüdrət Həsənquliyev bildirib ki, burada pis niyyət olsaydı, ilk gündən bu layihəyə qarşı çıxış edərdi. Deputat təkliflərini də səsləndirib. O, Azərbaycanda 20 il yaşamış şəxsin siyasi partiya yaratması barədə müddəanı düzgün saymayıb və bununla bağlı düzəlişə ehtiyac olduğunu vurğulayıb. Q.Həsənquliyev qeyd edib ki, 18 yaşına çatmış vətəndaşın belə bir hüququ tanınmalıdır.

BAXCP sədri siyasi partiyaların qurultayının 5 ildən bir keçirilməsi tələbinin də çıxarılmalı olduğunu söyləyib. O bildirib ki, bunu siyasi partiyaların ixtiyarına buraxmaq lazımdır. Qüdrət Həsənquliyev xatırladıb ki, ölkədə prezident seçkiləri 7 ildən bir keçirilir.

Bundan əlavə, deputat seçkilərdə iki dəfə iştirak etməyən partiyaların fəaliyyətinin qadağan edilməsi müddəasına fərqli yanaşıb: “Hakimiyyət siyasi partiyaların aktivliyini artırmaq istəyir. Bundan əlavə, partiyaların öz fəaliyyətini dayandırması, sonra bərpa etməsi məsələsi yığışdırılmalıdır”.

“İllər boyunca bu qanunun dəyişilməsi ilə bağlı təkliflər olub. Amma nədənsə dəyişikliklər məsələsi gündəmə gələndən sonra bəziləri buna qarşı çıxır”.

Bunu isə deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli söylədi. O, müzakirələrin təşkilinə görə parlament sədrinə təşəkkürünü bildirdi, müzakirələrdə iştirak edənlər sırasında keçmiş mübarizə yoldaşlarını gördüyünə görə məmnunluğunu ifadə etdi.

Deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də qanun layihəsini mütərəqqi adlandırdı. O bildirdi ki, ABŞ-da 400-dən artıq siyasi partiya mövcud olsa da, mübarizə iki partiya arasında gedir.

“Qanun layihəsini oxudum, məndə belə praktik partiya təcrübəsi yoxdur”.

Ağ Partiya sədri Tural Abbaslı bunu “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı söylədi:

“Gedin qonşuya, deyin ki, şəxsiyyət vəsiqənin nömrəsini istəyirəm, görün verəcək? Az qala bizdən partiyaya üzv olmaq üçün ayaqqabı ölçüsü, qan qrupunu istəyirlər. Əgər məqsəd siyasi partiyaların sıradan çıxarılmasıdırsa, təbrik edirəm, çox mükəmməl qanun layihəsidir. Hətta qanun layihəsinin dili də bərbaddır”.

Partiyaların mərkəzi qərargahının ofislə təmin olunmasını təqdir edən T.Abbaslı dedi ki, rayonlarda, digər iri şəhərlərdə ciddi problemlər var: “Bu gün Azərbaycanda vətənə xəyanətlə həbsdə olan partiya sədrləri var. Belə hal neçə ölkədə var? Biz siyasi partiyalarımızı İrana, Rusiyaya, digər ölkələrə tabe etmək istəyiriksə, mükəmməl qanun layihəsidir”. T.Abbaslı dedi ki, bu, siyasi partiyalara hörmətsizlikdir: “Biz bura daxil olanda telefonlarımızı aldılar. Amma buradakı əməkdaşların hamısında telefon var. Dövlət mənim təhlükəsizliyimi təmin etməyəcəksə, biz kimə sığınmalıyıq? Nazirlərin həyat yoldaşlarına və uşaqlarına diplomatik pasportlar tətbiq olunur, amma partiya sədrləri təmin edilmir. Bu qanunu yazanlar heç olmasa namizədlik zamanı 450 imza yığıbmı? Biz siyasətlə məşğul olaq, yoxsa hesabat verməklə?”

 “Bu, qətiyyən məqbul olmayan qanun layihəsidir. Azərbaycanda siyasi mübarizə sistemini məhv edir”. REAL sədri İlqar Məmmədov belə dedi. Partiya rəhbəri də layihəyə tənqidi yanaşdı: “Bu qanunun müəllifləri elə etmək istəyirlər ki, Azərbaycanda siyasət siyasi partiyalardan kənarda həyata keçirilsin. Bu qanunun yükünün altından heç bir beynəlxalq təşkilatda çıxa bilməyəcəksiniz, Azərbaycanı zərbə altına qoyacaqsınız”. İ.Məmmədov partiya üzvlərinin sayı barədə məlumatların tələb olunmasının cavabında “Seçki komissiyasının canı çıxsın, səsləri düzgün hesablasın, aydın olsun ki, hansı partiyanın neçə dəstəyi var?” - söylədi. Qeyd etdi ki, belə bir layihənin qəbulu Azərbaycan dövlətçiliyinə yaraşmaz. 

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü isə “Siyasi partiyalar haqqında” qanun layihəsini təqdir etdi. Bildirdi ki, təmsil olunduğu partiyanın 4 təklifi qəbul olunub. E.Şükürlünün sözlərinə görə, özünə güvənməyənlər qanun layihəsinin əleyhinə çıxacaq: “Baxın, görün təkcə Xalq Cəbhəsi ilə Müsavat Partiyasından neçə partiya çıxıb, elə bu zala baxmaq kifayətdir. Güclü olan bu qanun layihəsinin qəbulundan narahat olmamalıdır. Kim ki, rəqabətə hazırdır, özünə arxayındır, o adamlar qanun layihəsinin ən sərt şəkildə hazırlanmasına razı olacaqlar”.

 

Azad Vətən Partiyasının sədri Akif Nağı qanun layihəsinin qəbul olunmasını zəruri saydı. Bildirdi ki, radikal, populist çıxışlarla nəyəsə nail olmaq mümkün deyil: “Biz çalışmalıyıq ki, təkliflərimizlə ortaq məxrəcə gələk və yekunda ümumi razılıq əldə edək”. A.Nağı bildirdi ki, beynəlxalq təşkilatların heç biri Azərbaycanda sabitlik tərəfdarı olmayıb, xaosa çalışıb.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov parlamentdəki dinləmələrdə siyasi partiyaların durumu ilə bağlı narahatlığını bölüşdü. “Azərbaycanda hakimiyyətə gəlməyə qadir neçə partiya var? Demək olar ki, YAP-dan başqa heç biri. Bu mənzərə sizi qane edirmi? Azərbaycan vətəndaşından soruşsan ki, neçə siyasətçi var, 5-ni, ən uzağı 10-nun adını çəkəcək. Biz elə etməliyik ki, Azərbaycanda 3-4 siyasi partiya olsun”- A.Səmədov söylədi.

“Mən bu qanuna baxanda 34 hüquqi səhv tapmışam. Konstitusiyaya zidd maddələr var”. Bunu isə Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev söylədi. Partiya rəhbəri layihəyə tənqidi yanaşdı: “Bu qanun layihəsi hüquqi ekspertizadan keçib-keçməyib? Mən inanıram ki, Prezident bu qanun layihəsinin qəbuluna veto qoyacaq”.

YAP-çı deputat Hikmət Babaoğlu bildirdi ki, layihənin müzakirəsi zamanı burada çoxsaylı tənqidlər oldu. “Amma çalışmaq lazımdır ki, gələn müzakirələrdə tənqidlər qədər təkliflər olsun” - H.Babaoğlu əlavə etdi. Deputat qanun layihəsinin kim tərəfindən hazırlanması barədə REAL sədri İlqar Məmmədovun sualına cavabında “hörmətli İlqar müəllim, bu qanun layihəsinin müəllifi həm də sizsiniz. Bu layihə Milli Məclisdə təmsil olunan 11 siyasi partiyanın müraciəti əsasında hazırlanıb” - dedi və Milli Məclisdə təmsil olunan REAL təmsilçisi Erkin Qədirlidən bəhs etdi.

E.Qədirli isə söz alaraq məsələyə aydınlıq gətirdi. Bildirdi ki, parlamentdə təmsil olunan 11 siyasi partiyadan yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olub-olmadığı barədə soruşuliub və biz də belə bir zərurətin olduğunu bildirmişik: “Həqiqətən də bizim də rəyimiz alınıb. Amma bizim partiya bu layihənin hazırlanmasında iştirak etməyib. Bizim əlimizin altından belə bir layihə çıxa bilməz”.

Müzakirələrdə Haqq Ədalət Partiyasının sədri Əli İnsanov, AMİP sədri Arzuxan Əlizadə, ADP sədri Sərdar Cəlaloğlu, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və digərləri çıxış etdilər.   

Dinləmələrdə moderatorluq edən vitse-spiker Fəzail İbrahimli sonda qanun layihəsinin hazırlanması prosesində iştirak etmiş birinci vitse-spiker, komitə sədri Əli Hüseynliyə söz verərkən “ola bilsin Əli müəllim sizi dediyinizə peşman eləsin”, - deyə incə zarafatla layihəni sərt tənqid edənlərə xitab elədi.

Birinci vitse-spiker Əli Hüseynli səslənən fikirlərlə bağlı bildirdi ki, əlavə və dəyişikliklərlə məsələnin həlli mümkün deyildi, yeni qanunun qəbulu zərurəti yaranıb. Çünki normativ hüquqi aktlar və konstitusiya qarşımıza tələblər qoyub. O qeyd etdi ki, əslində qanun layihəsi çox lokal hazırlanıb.  Layihənin 2011-ci il variantına bənzərliyi haqda deyilənlərə gəldikdə, Ə.Hüseynli “Mən heç 2011-ci il qanun layihəsini görməmişəm, oxumamışam. Hansısa maddələr oxşar ola bilər, amma bu, o demək deyil ki, o qanun layihəsindən istifadə olunub” - söylədi.

Venesiya Komissiyasının vaxtilə hazırlanan qanun layihəsinə mənfi rəy verməsinə gəldikdə, Ə.Hüseynli dedi ki, bu komissiya digər ölkələrlə bağlı da müxtəlif rəylər verib. “Çox istərdim ki, hüquq və peşəkarlıq məsələlərini şübhə altına almayasınız. O halda siyasi peşəkarlıq məsələsi də şübhə altına alına bilər”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR