İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə prezident seçkisi müzakirələri

Müxalifətə də mesajlar verildi; deputat: “Orta hesabla ildə 1000 qadın bu cür cinayətin qurbanı olur, burada ”TikTok"un rolu var..."

Dekabrın 19-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Sədr giriş nitqində bildirdi ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında ölkəmizin ictimai-siyasi həyatı üçün son dərəcə böyük əhəmiyyətə malik olan bir qərar qəbul edilib: “Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyev gələn il fevralın 7-nə təyin edilmiş prezident seçkisində partiyadan namizəd göstərilib. Əlbəttə, bu qərar bütün Azərbaycan xalqının arzu və istəyini ifadə edib. Dünya miqyaslı siyasi və dövlət xadimi olan möhtərəm cənab İlham Əliyev ölkəmizə heyrətamiz uğurlar gətirən fəaliyyəti ilə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb. 

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası yeni tarixi şəraitdə yaradıcı surətdə davam etdirilib və daha da zənginləşdirilib. Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb, geniş bir bölgədə söz sahibinə çevrilib”. S.Qafarova qeyd etdi ki, möhtərəm cənab İlham Əliyev Azərbaycanın müzəffər sərkərdəsi kimi adını tarixə həkk edib: “Onun siyasi-diplomatik və hərbi-strateji  məharəti sayəsində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə nəticələnib. Dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarıb. Azərbaycanın müasir tarixinin son iyirmi ili cəmiyyət və dövlət həyatının bütün sahələrində davamlı yeniləşmə, sürətli sosial-iqtisadi inkişaf, möhkəm ictimai-siyasi sabitlik və tərəqqi, milli qürur, həmrəylik və birlik, gələcəyə sonsuz inam anlayışları ilə bağlıdır. Əminliklə söyləmək olar ki, möhtərəm cənab İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra da inamla irəliləməsini təmin edəcək. Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcək”.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov da prezident seçkisindən danışdı. Bildirdi ki, demokratik quruluşa təminat vermək dövlətimizin ali konstitusion niyyətlərindən biridir: “Seçki isə demokratik quruluşun ən önəmli elementlərindəndir. Elan edilmiş növbədənkənar prezident seçkisi sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkandır. Azərbaycan xalqı hərbi-siyasi qələbələrimizdən doğan yeni reallığa, yalnız cənab İlham Əliyevlə  adlamağı arzulayır və bu mənada Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkisində cənab İlham Əliyevin namizədliyini müəyyən etməklə ilk növbədə xalqın tələbini, cəmiyyətin təkidli sifarişini yerinə yetirmiş oldu. Bəli, bu gün heç bir siyasi qüvvənin cənab İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur, amma bu prosesdə hər kəsə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb”. Deputat bildirdi ki, konstruktiv müxalifətin rahat şəkildə seçki marafonuna qatılması bu reallığı bir daha təsdiq edir: “Antimilli ünsürlərin isə bu dəfə də prosesdən kənarda qalması əslində  xəyanətkar, təxribatçı və qorxaq mahiyyətin ifadəsidir. 5 min adam tapıb partiyalarını qeydiyyatdan keçirə bilməyən bir ovuc ünsür, indi guya seçkiləri "boykot" edir. Bu xalqı sizi çoxdan boykot edib, siz kimi boykot edirsiniz?! Bu gün Azərbaycanda seçkilərin boykot edilməsi üçün heç bir siyasi-hüquqi şərait və zərurət yoxdur. Boykot cəhdi əslində bu dərnəklərin təxribatçı mahiyyətinin ifadəsidir və yeganə məqsəd də budur ki,  siyasi sabitlik pozaraq  ölkənin daxili məsələlərinə müdaxilə arzusunda olan xarici qüvvələr üçün fürsət yaratsınlar. Amma hər kəs başa düşməlidir ki, İlham Əliyevin qurduğu nizamı nə bu gün, nə gələcəkdə heç bir xarici və daxili ünsür zədələyə bilməz".

Deputat Anar İsgəndərov bildirdi ki, bu gün yüz minlərlə seçici 7 fevral seçkisini səbirsizliklə gözləyir. Tarixçi professor deyir ki, Qarabağ xanlığının mövcud olduğu illərdə buradakı məlikliklər hər zaman problemlər yaradıb. Eyni zamanda 1923-cü ildə, sovetlərin diktəsi ilə DQMV yaradıldı, ondan sonrakı 70 il və daha 30 il ərazində Azərbaycana dəhşətli zərbələr vuruldu. A.İsgəndərov bildirdi ki, Azərbaycan məhz İlham Əliyevin rəhbərliyi ilə bu bölgədəki bəlalardan xilas oldu. “Artıq Dağlıq Qarabağ deyilən bir qurum yoxdur”-deyən professor qeyd etdi ki, tarixi şəxsiyyətləri müqayisə edərkən İlham Əliyevin zirvə olduğunu hər zaman nəzərə almaq lazımdır.

Vüqar Bayramov: "Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfəmiz  genişlənməkdədir"

Vüqar Bayramov

Deputat Vüqar Bayramov dedi ki, qalib Azərbaycanın qalib Prezidenti hakim partiyanın namizədi olacaq. O xatırlatdı ki, son illər siyasi sferada həyata keçirilən islahatlar seçkinin demokratik keçirilməsinə zəmanət verməklə yanaşı, bütün siyasi partiyaların seçkidə bərabər iştirakına imkan yaradır: “Bir tərəfdən Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da möhkəmlənməsi, digər tərəfdən isə islahatların daha da dərinləşməsi kontekstində dayanıqlı inkişafın qorunub saxlanması vacib prioritetlərdəndir. Prezident İlham Əliyev hakimiyyətdə olduğu son 20 il ərzində tarixi zəfərə imza atmaqla yanaşı, Azərbaycan xalqını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandandır. İlham Əliyevin namizədliyi Azərbaycanda inklüziv və davamlı inkişafın qorunması baxımdan vacib idi. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan xalqı məhz qalib Ali Baş Komandanın yanındadır və ona tam etimad edir. Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən dövlət başçısıdır. Cənab Prezidentin rəhbərliyi ilə şanlı ordumuz yüz minlərlə məcburi köçkünün, o cümlədən mənim ata-baba yurdumu düşmən tapdağından azad etdi. 30 il işğal altında qalan və tamamilə dağıdılaraq xarabalığa çevrilən torpaqlarımızda genişmiqyaslı quruculuq işləri həyata keçirilir”. Deputat bildirdi ki, artıq həm Qarabağda, həm də Şərqi Zəngəzurda intensiv qayıdışa start verilib: “Son 20 il ərzində Azərbaycan regionda ən böyük uğurlara imza atan dövlətlərdəndir. ÜDM 4, büdcə gəlirləri 30, xarici ticarət dövriyyəsi 10 dəfə artıb. Xarici borcun ÜDM-də payına görə Azərbaycan dünyada ən yaxşı göstəriciyə malik olan 10 ölkədən biridir. Son 20 ildə sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarını keçib və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yönəlib. Göründüyü kimi, Azərbaycan 20 il ərzində iqtisadi sahədə ciddi uğurlara nail olub. Bütün bunlar deməyə əsas verir ki, bu seçkidə İlham Əliyevin alternativi yoxdur, Azərbaycan xalqı İlham Əliyevə tam etimad edir”.

Digər çıxışlarda da prezident seçkisindən bəhs olundu.

Daha sonra Milli Məclisdə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarıldı. Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim etdi. Komitə sədri bildirdi ki, dövlət orqanlarında və onların sistemində 2022-ci ildə rəhbər vəzifələrdə çalışan qadınların sayında əhəmiyyətli dəyişiklik baş verməyib: “Ali Məhkəmənin 38 hakimindən 4-ü, apelyasiya instansiyası məhkəmələrinin 125 hakimindən 18-i, 1-ci instansiya məhkəmələrinin 384 hakimindən 89-u qadın olub. Keçən illə müqayisədə prokuror qadınların sayında artım müşahidə olunur. Eyni zamanda səfir və konsulluqlarda çalışan xanımların sayında müəyyən dəyişikliklər olub. Amma bildirim ki, qadınların əmək haqları kişilərin əmək haqlarından aşağıdır”. B.Muradova bildirdi ki, ölkədə erkən nikahlar artır. Komitə rəhbərinin sözlərinə görə, uşaqların doğulanadək cins seçiminə məruz qalması ilə bağlı problem hələ də qalmaqdadır: “Erkən nikahların dinamikasında da nisbi artım var. Keçən il 269 erkən evliliyin qarşısı alınıb. Bu istiqamətdə problemlərin aradan qaldırılması ilə bağlı təhlil hazırlanıb. Bunun nəticəsi də onu deməyə əsas verir ki, biz 18 yaşdan aşağı ailə qurmağa icazə ilə bağlı istisna halı aradan qaldırmağa dəstək verməliyik”. 

Nazir Siyavuş Novruzovun qardaşını yeni vəzifəyə təyin edibmiş -  GlobalInfo.az

 Siyavuş Novruzov

Komitə sədri Siyavuş Novruzov ölkədə gender bərabərliyi haqqında məlumata münasibət bildirərkən bir sıra problemlərdən bəhs etdi. O, ailədaxili münaqişələrin səbəblərinin araşdırılmasını zəruri saydı: “Hər gün mətbuatda qadınların öldürülməsi ilə bağlı xəbərlərə rast gəlirik. Görürük ki, qardaş bacısını öldürdü, ər arvadını baltaladı və s. tipli xəbərlər var. Orta hesabla ildə 1000 qadın bu cür cinayətin qurbanı olur. Burada "TikTok"un, sosial şəbəkələrin rolu var. Hətta bu cinayətlər istənilən yerdə baş verir, küçədə, konsert salonlarında və sair. Qeyd edim ki, əvvəllər bu hadisələr şəhərdə çox idisə, indi kənd yerlərində də belədir. Kişi illərlə Rusiyada yaşayır, geri qayıdan kimi birinci həyat yoldaşını öldürür. İkincisi gedir xaricə, ailəsi ilə maraqlanmır, gəlib arvadını, bacısını öldürür. Televiziyada da bunu tərənnüm edən serialların qarşısı alınmalıdır. Bilməyənləri də serial vasitəsilə öyrədirlər ki, necə öldürmək olar". S.Novruzov qeyd etdi ki, gələn il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək: “Seçkili orqanlarda qadınların sayı artırılmalıdır. Bildirim ki, vaxtilə bələdiyyələrdə qadınlar 3 faiz idisə, indi vəziyyət dəyişib. Bu rəqəm 40 faizə yaxındır”.

Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri təyin edildi

B.Muradova dedi ki, 2022-ci ildə cəmi 51 nəfər məişət zorakılığı ilə bağlı hadisələr nəticəsində ölüb: “Bəzən hadisənin daha dəhşətli görünməsinə səbəb onun çox müzakirə olunmasıdır. Ona görə də bizə elə gəlir ki, gündə 7 qadın məişət zorakılığından ölür. Amma elə deyil. Biz zorakılıq törədən kişiləri reabilitasiyaya cəlb etməliyik, onlarla psixoloji olaraq işləməliyik. Bunun üçün belə mərkəzlər yaradılmalıdır. Amma bu vaxt alan prosesdir, biz bunu etməliyik”.

Deputat Sabir Rüstəmxanlı bildirdi ki, Azərbaycan ailələrinin çox böyük problemləri var və bunlar geniş müzakirə olunmalıdır: “Onlardan biri ailələrin tez dağılmasıdır. Bizdə möhkəm ailə institutu olub, təəssüf ki, indi bu zəifləyir. Abort, qızların ana olmaq istəməməsi problemdir. Bilmək istərdim ki, komitə ailələrin qorunması məsələsinə kömək edən uşaq pulu məsələsini dövlət qarşısında qaldırıbmı? Bu məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə olunub”.

B.Muradova bildirdi ki, qanunvericilikdə çoxuşaqlı ailələrin sayı məsələsinə baxmaq, ödəniş üçün uşaq sayı həddini aşağı endirmək olar: “Ünvanlı yardımların daha əlçatan olması ilə bağlı məsələlər də həll edilə bilər”.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edildi.

İclasda digər qanun layihələri də müzakirələrdən sonra təsdiqləndi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR