İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə “Amnistiya və əfvetmə haqqında” qanunun qəbuluna çağırış

Deputatlardan Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərənlərə etiraz

20 dekabrda Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində Türkiyəyə səfəri və keçirdiyi görüşlər barədə deputatları məlumatlandırdı. Bildirdi ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti dekabrın 17-də və 18-də qardaş Türkiyə Respublikasında rəsmi səfərdə olub: 

“Səfər çərçivəsində Türkiyə Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan ilə görüşüm oldu. Görüş səfərin rəsmi protokoluna uyğun olaraq, dəvət edildiyim Türkiyə Elmlər Akademiyasının və Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun 2024-cü il üçün Elm mükafatlarının təqdimat mərasimində oldu. Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Numan Kurtulmuş ilə görüşümüzdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələrə dair fikir mübadiləsi aparıldı. Müttəfiqliyin rəsmi ifadəsi və möhürü olan Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğu vurğulandı. Söhbət zamanı qeyd etdim ki, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, xalqlarımızın birliyi və həmrəyliyi bizim üçün ən böyük dəyərdir. Bildirdim ki, Ümummilli Lider Heydər Əliyevin ”Bir millət, iki dövlət" kəlamı özünü ən parlaq şəkildə təsdiq edir. Möhtərəm cənab Prezident İlham Əliyevin də dediyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur. Əlaqələrin ən yüksək səviyyəyə gəlib çatmasında dövlət başçılarının müstəsna rolu qeyd edildi".

S.Qafarova qeyd etdi ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə parlamentlərin verdiyi töhfələr yüksək qiymətləndirildi: “Vurğulandı ki, qanunvericilik orqanları arasında əməkdaşlıq qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir və ölkələrimiz arasındakı müttəfiqlik ruhuna uyğundur. Parlamentlərimizin həm ikitərəfli, həm də Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan kimi üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırıldı. Qeyd olundu ki, əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də Türk Dövlətlərinin Parlament Assambleyası çərçivəsində digər türk dövlətlərinin parlamentləri ilə birgə fəaliyyətimizdir. Parlamentlərimiz Türk dünyasının daha sıx birləşməsi məsələsində üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışırlar. Görüşdən sonra Milli Məclisin sədrinin Türkiyə Böyük Millət Məclisinin plenar iclas salonunda salamlanması mərasimi oldu”.

Sədr bildirdi ki, görüşün yekunu olaraq, Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri mətbuat üçün bəyanatla çıxış ediblər: “Səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev parkını ziyarət etdi. Nümayəndə heyətimiz bir sıra digər tədbirlərdə də iştirak etdi. Hesab edirəm ki, Türkiyə Respublikasına rəsmi səfər uğurlu keçdi və mən nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığımı bildirirəm”.

Cari məsələlərlə bağlı danışan komitə sədri Siyavuş Novruzov Milli Məclis Sədrini ilk səfəri olaraq məhz Türkiyəyə uğurlu səfəri münasibətilə təbrik etdi.  S.Novruzov ölkə Prezidentinin son müsahibəsi ilə bağlı danışdı. Bildirdi ki, Azərbaycan sabitlik adasıdır. Deputat XİN təmsilçilərinin iclasda iştirak etməsindən istifadə edərək bildirdi ki, ölkəmizdəki bəzi səfirlərə tutarlı cavab verilir və bu reaksiyaların davamı gəlməlidir. “Fransa səfiri özünü Fransa səfiri kimi yox, Hüqonun təbirincə desək, səfili kimi aparmağa başlayıb”, deyə S.Novruzov əlavə etdi.

Spiker Sahibə Qafarova reaksiyasında bunları bildirdi: “Düz deyirsiniz, Siyavuş müəllim. Nazirlik heç vaxt olmadığı kimi, sərt cavab verib və düz də edib”.

İkili standartlar…. | Rafiqibloq

Komitə sədri Zahid Oruc dedi ki, dövlət başçısının son müsahibəsinə diqqət çəkdi: “Prezident İlham Əliyevin andiçmə mərasimində parlamentin yüksək tribunasından  ”bizə təzyiqlər güclənəcək" bəyanatı və Rossiya-1 telekanalına müsahibəsində “yalançı dördlük” - “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” qəzetləri, Dövlət Departamentinin himayəsindəki qeyri-hökumət təşkilatları ölkəmizə hər gün hücum edir", açıqlaması Birinci Şəxsin Qələbəmizdən sonra milli təhlükəsizliyimizə ən böyük təhdidlərinin informasiya müharibəsi olduğunu göstərir. Bəli, ikiqütblü dünyanın çökməsi, İKT inqilabı və sosial şəbəkələr, hi-tech korporasiyaları, izləmə və hakerlər ordusu informasiyanı dağıdıcı geosiyasi silaha çevirib". 

Z.Oruc qeyd etdi ki,  ölkəmizin ictimai rəyində hökmranlıq etmək, rəqəmsal suverenliyimizi pozmaq və dövlət adamlarını linç edərək xalqı hakimiyyətin üstünə qaldırmaq istəyənlərlə savaşmaq Ermənistan ordusu ilə  döyüşmək deməkdir: “Torpaqlarımız kimi informasiya məkanımızı da işğaldan azad etməliyik. Gəlin, adlarını çəkək- ”Silikon vadisi" beyin mərkəzləri və Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi- OCCRP, USAİD, NED, NDİ və digər təzyiq institutları, məhkəmə-hüquq çəkişmələrində dünya erməni şəbəkəsinin açar isimləri Luis Okampo və Amal Kluni, Bakıya dönük çıxan Harri Kasparovun  ”İnsan Hüquqları Fondu", “Bellingcat” və “Blankspot” özəl kəşfiyyat şəbəkəsi, xaricdəki vətən xainləri - milli simasını itirən Mirzəli, Abbaslı, Osmanqızı və digər terror mediası, avropalı muzdlu məmur, parlamentari və bloger ordusu Zəfərimizi gözdən salaraq, ölkəmizi 27 sentyabra qədərki vəziyyətə qaytarmağa çalışırlar. Gəlin onları “işğal partiyası” adlandıraq!"

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında əvvəlcə spiker Sahibə Qafarovanı Türkiyəyə uğurlu səfər münasibətilə təbrik edib, daha böyük uğurlar arzuladı. Daha sonra Azərbaycan Prezidentini qarşıdan gələn doğum günü münasibətilə təbrik edən deputat dövlət başçımıza çətin və şərəfli işində uğurlar arzuladığını dilə gətirdi. Qüdrət Həsənquliyev Azərbaycanın növbəti uğurundan bəhs etdi: “Böyük ”İslam səkkizliyi"nə, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmağımız münasibətilə xalqımızı təbrik edir, ölkəmiz üçün daha vacib olan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün hökuməti yubanmadan zəruri qərarlar qəbul etməyə çağırıram!" Deputat ardınca bunları söylədi: “Çin təqviminə inananlar üçün mənim ad günümdə başlayacaq Yaşıl ilan ili müdrikliyin, yüksək intuisiyanın və yeniliyin simvolu hesab olunur. Avropa İttifaqının son qətnaməsini, Qərbdən gələn təzyiq və təhdidləri qətiyyətlə pisləməklə yanaşı, ölkəmizin maraqları naminə şərq müdrikliyi nümayiş etdirib Qərb ölkələri ilə münasibətdə yaranmış gərginliyin hansısa möcüzə nəticəsində aradan qalxacağını gözləmədən gərginliyin azaldılması istiqamətində qarşı tərəflə ciddi danışıqlar aparmağı təklif edirəm. Nəzərə almalıyıq ki, zorun meydan suladığı dünyada yaşayırıq. Bu gün regionun böyük dövlətləri qardaş Türkiyə, Rusiya, İran kollektiv Qərb tərəfindən onlara münasibətdə təyin olunmuş sanksiyaların yumşaldılması üçün ciddi səylər göstərirlər. Təxribatçı qüvvələrin nə deyəcəyini düşünmədən, xalqımızın xoşbəxt gələcəyi üçün gərginliyin azaldılması istiqamətində atacağımız addımlar böhtan və təhdidlərlə hökuməti qıcıqlandırıb onu xalqın gözündən salacaq qeyri-populyar qərarlar qəbul etməyə təhrik etmək istəyənlərə layiqli cavab olar, islahatlar aparacağımız təqdirdə ölkəyə investisya qoyuluşuna və yeni texnologiya cəlbinə yol açardı. İmkan verməməliyik ki, düşmən qüvvələr ölkəmizin beynəlxalq imicini korlaya bilsin. Qarşı tərəfi - bu yalnız erməni millətindən olan terrorçu qatillərin azad edilməsini tələb edən Fransa deyil - inandırmalıyıq ki, müsəlman ölkəsi olmağımızı, xalqımızın sosial inkişaf səviyyəsini, yerləşdiyimiz coğrafiyanın çətinliklərini nəzərə almadan Azərbaycanın daxili işlərinə yersiz müdaxilə etməsin. Xalqı iqtidara qarşı qaldırmaq üçün şərq mentalitetində qadınlara həssas münasibətin olmasından istifadə edib, gənc qızları ələ alaraq onların taleyi və gələcəyi ilə oynamasın. Azərbaycana yönələn əsassız təzyiq və təhdidlərə, ikili standartlara son qoysun, bu siyasətin yaxşı heç nə vəd etmədiyini anlasın”.

Q.Həsənquliyev sonda “Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri məsuliyyətdən azad etmək səlahiyyəti verən ”Amnistiya və əfvetmə haqqında" qanunu qəbul etməyi təklif edirəm", - deyə çağırış etdi.

Milli Məclisdə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verdi. Müzakirələr zamanı çıxış edən deputat Hikmət Məmmədov xatırladıb ki, bu günlərdə dövlət təhlükəsizlik orqanları Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsində çalışmış Ramiz Vəliyevi ifşa etdiyini xatırladıb. Bildirib ki, bu, birinci hal deyil. Eyni zamanda əlavə etdi ki, bu gün bəzi diplomatlar Avropada oturub, Azərbaycana qarşı qarayaxma kompaniyası ilə məşğul olurlar. Deputat bildirdi ki, yeni qanunun qəbulu mühüm əhəmiyyət kəsb edir. H.Məmmədov qanun layihəsinin dili ilə bağlı təklif irəli sürdü. Təklif etdi ki, Azərbaycan dilini mükəmməl bilən kadrlardan biri layihəni yenidən oxusa, daha yaxşı olar.

Spiker isə reaksiyasında bildirdi ki, qanunun dili adi danışıq dilindən fərqli olduğu üçün layihənin məhz bu şəkildə hazırlanması təbiidir.

Parlamentdə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və digər bir sıra qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarıldı. Layihəni komitə sədri Arzu Nağıyev təqdim etdi.  Müzakirələrdə çıxış edən komitə sədri Siyavuş Novruzov əsgərlik yaşının endirilməsini təqdir etməklə yanaşı, müqaviləli orduya keçidi də zəruri saydı. Bildirdi ki, 44 günlük Vətən müharibədə də müqavilə əsasında fəaliyyət göstərən insanların rolu daha böyük oldu. Komitə rəhbərinin sözlərinə görə, çox bahalı qiymətə alınan hərbi texnikanı gənc çağırışçıya həvalə etmək çətinlik yaradır. Həmçinin əsgərlərin hərbi xidmət müddəti bitdikdən sonra yeniləri çağırılır ki, bu da onların yenidən hazırlanması baxımından əlavə maliyyə sərf olunması deməkdir. S.Novruzov qeyd etdi ki, əsgərlik yaşının 30-a salınması təqdirəlayiqdir. “18 yaşlı çağırışçı ilə 35 yaşlı çağırışçının xidmət keçməsi nizamnaməyə də uyğun gəlmir” - deyən komitə sədri digər vacib məsələdən də bəhs etdi. Bildirdi ki, keçmişdə 2 uşağı olanlar hərbi xidmətə çağırılmırdı, sonra qanuna dəyişiklik nəticəsində 3 uşağı olanlara güzəşt edildi. “2 uşağın saxlanılmasının özü belə, dövlətə köməkdir. Ata hərbi xidmətə çağırılır, ana işləyir, işləmir. Lap maddi imkan olsa belə, bunun mənəvi tərəfi var. İki uşaq il yarım öz valideynini görmür. Belələri də çox böyük sayda deyil. Gələcəkdə yenidən 3 uşaq məsələsini 2 uşağa endirsək, çox yaxşı olar”, S.Novruzov  bildirdi.

“Kitabxana işi” və “Muzeylər haqqında” qanun layihələri barədə Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verdi və layihə ilk oxunuşdan keçdi.

Spiker Sahibə Qafarova yekunda parlamentin növbəti iclasının tarixini açıqladı. Bildirdi ki, növbəti iclas dekabrın 27-də keçiriləcək.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR