İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament Rusiya ilə imzalanmış Sazişi təsdiqlədi

 

Milli Məclisin iclasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olunub.

Musavat.com xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihə barədə ətraflı məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycanda  pensiya islahatları konsepsiyasının mühüm bir istiqaməti də  vətəndaşların pensiya təminatı sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir: “Pensiya təminatı ilə əlaqədar Azərbaycan Hökuməti indiyə qədər 12 dövlət ilə əməkdaşlıq sazişi və müqaviləsi imzalamış və bu proses davam etməkdədir. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 1999-cu ildə pensiya təminatı sahəsində əməkdaşlıq sazişi imzalansa da, bu sənədin tətbiqi mümkün olmayıb, vətəndaşlarımızın pensiya hüququ yaranmasında yalnız 1992-ci ilə qədər Sovet Rusiyası  ərazisində işlədiyi dövrdəki əmək  stajı  nəzərə alınıb”.

Komitə sədri qeyd edib ki, Rusiya Federasiyası böyük iqtisadi imkanlarına, geniş əmək bazarına və məşğulluq potensialına malik, tarixi əlaqələrimiz olan qonşu dövlətdir və burada çoxlu sayda soydaşımız əmək miqrantı kimi çalışmaqdadır: “Bu baxımdan Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında 26 aprel 2022-c-il tarixində Bakıda imzalanmış pensiya təminatı sahəsində yeni əməkdaşlıq müqaviləsi hər iki dövlətin ərazisində əmək miqrantı kimi çalışan şəxslərin sosial müdafiəsinin güclənməsində əhəmiyyətli rola malikdir”.

Deputat bildirib ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə ratifikasiya olunduqdan sonra Rusiya Federasiyasında (RF) əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın    pensiya hüququnun yaranması və pensiya məbləğinin yüksəlməsi imkanı artacaq, əmək miqrantı kimi RF-də fəaliyyət göstərmiş vətəndaşlarımızın orada topladığı sığorta stajları pensiya təyinatı zamanı tam olaraq nəzərə alınacaq.

Bundan əlavə, hər iki ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmuş vətəndaşa pensiya təyinatı daimi yaşadığı Tərəfin qanunvericiliyinə əsasən, qüvvədə olan şərtlərə uyğun olaraq aparılacaq.

Daimi qeydiyyatda olduğu halda isə Azərbaycan vətəndaşları RF-də, qarşı tərəfin vətəndaşları isə Azərbaycanda pensiya təyinatı aparılmasını tələb edə biləcəklər . Bu zaman, vətəndaşın hər iki ölkə ərazisindəki sığorta stajı toplam olaraq nəzərə alınacaq: “Müqavilədə nəzərdə tutulan müddəalar bu sənədin qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil ediləcəkdir. Başqa sözlə, əgər vətəndaş pensiya yaşına çatdığına baxmayaraq  RF ərazisindəki işlədiyi dövr nəzərə alınmadığına görə pensiya hüququ yaranması üçün tələb olunan 25 il əmək ştajı toplamadığı səbəbindən pensiya almaq imkanından məhrum idisə, bu müqavilə qüvvəyə minəndən sonra Rusiyadakı iş stajı da əlavə edilməklə pensiya hüququ əldə edə biləcək. Müqavilədə  əhəmiyyətli müddəalardan biri də pensiya məbləğinin ödənilməsində hər iki ölkə ərazisində qazanılmış pensiya stajına proporsional maliyyələşdirilmənin nəzərdə tutulmasıdır.  Misal üçün: Tutaq ki, 600 manat pensiya təyin olunmuş pensiyaçı malik olduğu 30 il sığorta stajının 20 ilini Azərbaycanda, 10 ilini RF da əldə etmişdir. Bu halda onun pensiyasının 400 manatı Azərbaycanın, 200 manatı isə RF nın Dovlət Sosial Müdafiə Fondu tərəfindən maliyyələşdiriləcək”.

Həmçinin sığortaolunan şəxsin arzusuna əsasən pensiya ona pensiyanı təyin edən Tərəfin ərazisində ödənilə, yaxud digər Tərəfin ərazisinə köçürülə bilər: “Bu zaman pensiyaya ödəmələrin və artımların ödənişini onu təyin edən Tərəf davam etdirəcək. Saziş Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən hərbi qulluqçular və pensiya təminatında onlara bərabər tutulan şəxslərə, onların ailə üzvlərinə, həmçinin xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriyadan olan işçilərə və onların ailə üzvlərinə şamil olunmayacaq.

Hörmətli Həmkarlar! “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" Müqavilənin təsdiq olunması ilə, 1999-cu ildə imzalanmış və 2001-ci ildə ratifikasiya olunmuş "Azərbaycan Respublikası Hökuməti və RF Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zamanətləri haqqında” sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu ləğv edilmiş olacaq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR